APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya və Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev, sambo üzrə Rusiya milli komandasının baş məşqçisi Dmitri Troşkin, eləcə də dünya və avropa çempionu Anna Xaritonova ilə üçqat dünya çempionu Artyom Osipenko mətbuat nümayəndələrinə I Avropa Oyunlarında komandalarının planları barədə danışıblar.
S. Yeliseyev "Bakı-2015" Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya və Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukova sambonu I Avropa Oyunlarının proqramına daxil etdikləri üçün təşəkkürünü bildirib: "Bu, bizim üçün sambonun gözəllik və əyləncəsini bütün dünyaya nümayiş etdirmək imkanı yaradır. Habelə sambonun olimpiya ailəsinə daxil olmasına kömək edəcək”.
O qeyd edib ki, sambonun Avropa Oyunlarının proqramına daxil olması keçən ilin yayından məlum idi. "Bakı-2015" Təşkilat Komitəsinin əməliyyat direktoru Saymon Kleqqin fikrincə, sambo Bakıda yarışların əhəmiyyətini artıracaq, belə ki, bu idman növü regionda olduqca məşhurdur. Azərbaycanda sambo ənənələri olduqca zəngindir. Azərbaycanlılar arasında çoxlu dünya çempionları var. Ona görə də Avropa Oyunları bu idman növünün Bakıda məşhurlaşması üçün əsrarəngiz meydançadır. Mən bu yarışın təşkilatçılarını tərifləmək istərdim. Yarım il bundan qabaq Bakıda olanda, bu şəhərin yenidən qurulmasına heyran qaldım. İdmançılar üçün Olimpiya kəndi fantastik bir tikilidir. Həyatımda indiyədək belə bir şey görməmişəm. Eləcə də digər idman obyektləri ən yüksək standartlara cavab verir. Azərbaycan qonaqpərvərliyindən isə danışmaya da bilərik. Bakıda hər bir qonaq, bunu mən özümdə də hiss etmişəm, şəhərin hər hansı bir hissəsində qayğı və diqqətlə əhatələnib".
Baş məşqçi D. Troşkin isə Avropa Oyunlarında sambo üzrə 20 ölkədən 72 idmançının iştirak edəcəyini söyləyib: "Rusiya yığmasının tərkibi mart ayında Sankt-Peterburqda keçirilən Rusiya çempionatının yekunlarına əsasən müəyyən olunub. Bizim liderlər may ayında Xorvatiya paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatını bilərəkdən buraxdılar ki, Bakıdakı Avropa Oyunlarına hazırlaşsınlar. Kişilərdən ibarət milli komandaya Aymerqen Atkunov (57 kq), Azamat Sidakov (74 kq), Alsim Çernoskulov (90 kq) və Artyom Sipenko 100 kq-dan artıq) daxildirlər. Qadınlardan ibarət yığma komandaya isə Anna Xaritonova (52 kq), Svetlana Burtseva (60 kq), Anna Şerbakova (64 kq) və Olqa Zaxartsova (68 kq) daxildirlər".
D. Troşkin Rusiya yığmasının Bakı-2015-də ümumi hesabda birinci yer tutmaq uğrunda mübarizəyə hazır olduğunu söyləyib: "İyunun 13-dən 20-dək Novoqorskda yekun toplanış olacaq. Bundan sonra komanda ümumi hesabda birincilik uğurunda mübarizə aparmağa hazır olacaq. İkinci vəzifəmiz isə Bakıda sambonun böyüklüyünü göstərməkdir".
Baş məşqçinin sözlərinə görə, sambonun böyüklüyünü nümayiş etdirmək üçün Beynəlxalq Sambo Federasiyası qaydalara dəyişiklik edib. Belə ki, Avropa Oyunlarında idmançılar erkən qalibiyyət üçün əvvəlki kimi 12 bal deyil, 8 bal toplamaq kifayət edəcək. Təsəlliverici döyüşlərdə isə müddət 5 dəqiqədən 3 dəqiqəyə endirilib, tibbi fasilə də azaldılıb.