Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı “Laçın Obaları” adlanan ərazini su basıb

Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı “Laçın Obaları” adlanan ərazini su basıb
# 01 noyabr 2016 10:10 (UTC +04:00)

Ağcabədi rayonunda Laçından olan məcburi köçkünlərin məskunlaşdığı “Laçın Obaları” adlanan ərazini su basıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, son günlər yağan aramsız yağışlar Taxta körpü qəsəbəsində yerləşən obaların bəzilərində hərəkəti çətinləşdirib. Ən acınacaqlı vəziyyət isə “Ağbulaq” obasında 54 şagirdin təhsil aldığı şəhid Əmir Əsgərov adına Ağbulaq kənd tam orta məktəbinin yerləşdiyi ərazidir.

Məktəbin müəllimi Qorxmaz Bəxtiyarov APA-ya deyib ki, çətin də olsa, orta məktəbdə dərslər davam etdirilir: “Müəllim və şagirdlər məktəbə uzunboğaz rezin çəkmələrlə gəlir. Başqa cür mümkün deyil”.

Obadakı bəzi evlər su altında qalıb. Sakinlərdən Surxay Həsənov bildirib ki, onkoloji xəstə olan atasını həkimə apara bilmir.

Laçın rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov isə obalarda yaşayan laçınlı köçkünlər üçün yeni qəsəbə salınacağını bildirib: “Bunun üçün ərazidə yaşayan ailələr qeydə alınıb, qəsəbənin inşa olunması üçün torpaq sahəsi ayrılıb. Ancaq qış mövsümü başladığından, yeni qəsəbənin salınmasını gözləmək doğru deyil. Bununla bağlı da proqramımız var. Bütün yolların çınqıl örtüklə örtülməsinə başlanıb, Ağbulaq obasına da yol çəkiləcək”.

Qeyd edək ki, laçınlılar ərazidə məskunlaşandan sonra oraya yol, işıq, qaz və su xətləri çəkilib. Məcburi köçkünlərdən bəziləri yeni salınmış qəsəbələrə köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR