Xarici diplomatlar Şəkiyə səfər ediblər

Xarici diplomatlar Şəkiyə səfər ediblər
# 20 fevral 2017 16:21 (UTC +04:00)

Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Şəkiyə səfər ediblər.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, səfər Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycanda fəaliyyət göstərən 30 diplomatik nümayəndəliyinin 45 əməkdaşı “Marxal” müalicə-istirahət kompleksi ilə tanış olub. Burada keçirilən təqdimatda məlumat verilib ki, son illər Şəkidə müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir, müasir mehmanxanalar, otellər, istirahət mərkəzləri inşa edilir, rahat yollar çəkilir, körpülər tikilir. Qeyd olunub ki, hazırda rayonda 20-yə yaxın turizm və istirahət mərkəzi fəaliyyət göstərir.

Qonaqlar həmçinin şəhərin qədim tarixi hissəsində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Qoruğun ərazisində yerləşən, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq zamanı qonaqların diqqətinə çatdırılıb ki, bu saray XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsidir.

Diplomatlar Sənətkarlar evində də olublar. Burada qonaqlar yerli ustaların əl işlərindən ibarət müxtəlif sənət əsərləri ilə tanış olublar.

Səfər çərçivəsində xarici qonaqlar “Yuxarı Karvansaray” mehmanxana kompleksinə gediblər, orada sənətkarlıq emalatxanalarına baş çəkiblər.

Diplomatlar sabah Qax rayonuna səfər edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR