Naxçıvanda Qərbi Azərbaycan mövzusunda tədbir keçirilir

Naxçıvanda Qərbi Azərbaycan mövzusunda tədbir keçirilir
# 23 noyabr 2023 13:37 (UTC +04:00)

Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres başlayıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar.

Sonra Naxçıvan Dövlət Milli Dram Teatrında “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin açılış tədbiri keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiya və videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, tarixin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycana qayıdışdır.

Vurğulanıb ki, 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin keçirilməsinə başlanılıb, bu məqsədlə konsepsiya qəbul olunub. “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də Prezidentin bu istiqamətdə müəyyənləşdirdiyi tapşırıqların icrası, xüsusilə də Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Qeyd olunub ki, Prezidentin müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq, ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı görülən sistemli tədbirlərin davamı kimi bu gün Naxçıvanda keçirilən festival-konqres də ciddi mövzulara hədəflənib. Məqsəd deportasiyaya məruz qalmış soyadaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycanda etnomədəni terrora məruz qalmış tarixi-mədəni irsimizlə bağlı faktların ortaya qoyulması və dünya elmi ictimaiyyətinə çatdırılmasından ibarətdir.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 1922-23-cü illərdə 36, 1924-cü ildə 62, 1929-30-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərib. Həmin dövrdə 113 Azərbaycandilli məktəbəqədər təhsil müəssisəsi də mövcud olub. 1981-1982-ci tədris ilində Qərbi Azərbaycanda 155 Azərbaycandilli məktəb, 1986-1987-ci tədris ilində isə 206 Azərbaycandilli məktəb fəaliyyət göstərib.

Nazir vurğulayıb ki, Qərbi Azərbaycandakı Azərbaycan məktəblərinin məzunları arasından elmin müxtəlif sahələrini əhatə edən 10 akademik, akademiyanın 9 müxbir üzvü, 140 elmlər doktoru və 740 elmlər namizədi yetişib. Emin Əmrullayev ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsinin olduqca vacib olduğunu bildirib. Azərbaycanın elm, təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin araşdırılması sahəsində ardıcıl, sistemli tədqiqatların aparılması və elmi-tarixi nəzəri əsərlərin yaradılması zərurətini qeyd edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında vurğulayıb ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza məxsus tarixi faktlar, ədəbi-mədəni dəyərlər, folklor nümunələri, toponimika məlumatları, o yurd yerlərindəki tarixi-mədəni abidələr barədə məlumatların tədqiq olunması ziyalıların, elm adamlarının qarşısında duran mühüm vəzifələrdir.

Konqresdə 200-dək elmi çıxışlar olacaq və onlar toplanaraq nəşr olunacaq.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlılar məsələsində daim nümayiş etdirdiyi prinsipial mövqe, onların hüquqlarının bərpa olunmasına və öz doğma torpaqlarına qayıtmasına qəti və birmənalı dəstək ifadə etməsi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamaqla bağlı tapşırıqları tarixi torpaqlarımıza dönüş uğrunda səylərə yeni təkan verib.

: “1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya zamanı Qərbi Azərbaycandakı 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşamış, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edib. Bütövlükdə 300-ə yaxın yaşayış məntəqəsində azərbaycanlı soydaşlarımız yaşayıbar. Lakin təəssüf ki, onların hamısı ermənilərə xas üsul və metodlarla sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovulublar. Bu prosesdə 200-dən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq insanımız bədən xəsarəti alıb. 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub ki, beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün həmin ziyanın məbləği 700 milyard ABŞ dolları həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək olmaz”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarından zorla çıxarılması və etnik təmizləmə siyasətini yerinə yetirənlər beynəlxalq müstəvidə cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Səbinə Əliyeva beynəlxalq təşkilatlara səslənərək, Azərbaycana qarşı ədalətli mövqe göstərməyə, Qərbi azərbaycanlıların ləyaqətli və tam təhlükəsiz qayıdışına səssiz qalmamağa çağırıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova vurğulayıb ki, toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür.

Tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR