Qərbi Azərbaycan İcmasında Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində Qərbi Azərbaycan məsələsi haqqında növbəti dəfə səsləndirdiyi fikirlər və bu proqram xarakterli fikirlərin İcmanın gələcək fəaliyyət istiqamətlərində nəzərə alınması ilə bağlı müzakirə təşkil olunub.
APA xəbər verir ki, tədbir iştirakçıları ilk növbədə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşün əsas məqsədi Prezident İlham Əliyevin çıxışında səsləndirilən mühüm fikirlərin təhlili, bu mövzuda dövlət başçısının mesajlarının mahiyyətinə uyğun İcmanın qarşıdakı fəaliyyətinin müəyyənləşdirilməsi olub.
Tədbiri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov açaraq Prezident İlham Əliyevin çıxışlarında Qərbi Azərbaycan məsələsinin xüsusi yer tutduğunu vurğulayıb.
O bildirib ki, dövlət başçısı hər dəfə Qərbi Azərbaycanla bağlı fikirlərində tarixi ədalətin bərpası və azərbaycanlıların doğma yurdlarına dinc yolla qayıdış hüququnun təmin olunması baxımından mühüm siyasi mesajlar verir.
Əziz Ələkbərov qeyd edib ki, dövlət başçısının nitqində “Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilib və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq” fikirləri İcma üzvləri üçün həm məsuliyyət, həm də gələcəyə inam yaradır.
Tədbir zamanı iştirakçılar Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirləri Azərbaycanın milli maraqları baxımından mühüm siyasi bəyanat kimi dəyərləndiriblər. Bildirilib ki, Qərbi Azərbaycan İcması bundan sonra da öz fəaliyyətini dövlət başçısının müəyyən etdiyi strateji istiqamətlərə uyğun şəkildə davam etdirəcək.