Müşahidələrimiz ondan ibarətdir ki, parlament seçkiləri Azərbaycanın milli qanunvericiliyə, Mərkəzi Seçki Komissiyasının qayda və prosedurlarına uyğun keçirilib.
APA xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı təşkil edilən mətbuat konfransında GUAM Parlament Assambleyasının baş katibi Altay Əfəndiyev deyib.
O bildirib ki, GUAM Parlament Assambleyası Bakının Səbail, Nərimanov və Yasamal rayonlarında seçki məntəqələrində müşahidə aparıb:
"Müşahidələrimiz onu göstərir ki, insanların azad şəkildə seçki prosesində iştirakına şərait yaradılıb”.
“Hansısa əhəmiyyətli uyğunsuzluq qeydə almamışıq. Çox kiçik və səsvermə prosesinə təsir etməyəcək qeydlər isə seçki məntəqələrinə bildirilib. Orta hesabla məntəqələr üzrə namizədlərin sayı 7-10 arasında dəyişirdi. Onlar müxtəlif partiyaları təmsil edirdi, həmçinin müstəqil namizədlər də təmsil olunurdu. Seçicilər daxildən və xaricdən hər hansı bir təsirə məruz qalmayıb. Bəzi məntəqələrdə daha çox aktivlik müşahidə edildiyinin şahidi olduq. Ümumilikdə seçki ədalətli və şəffaf hesab oluna bilər. Azərbaycan xalqını və Azərbaycan hökumətini təbrik edirik”, - Altay Əfəndiyev əlavə edib.