“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası parlament seçkiləri ilə əlaqədar aralıq hesabatını təqdim edib.
APA xəbər verir ki, Koalisiyanın həmtəsisçisi Səadət Bənənyarlı bildirib ki, Azərbaycan ərazisini əhatə edən 65 seçki dairəsində müşahidələr aparmaq üçün 533 müşahidəçimiz seçilib.
"Toplanan məlumatlara əsasən deyə bilərik ki, əhalinin bir hissəsi növbədənkənar parlament seçkilərinin keçirilməsini ölkədə yeni bir mərhələ kimi qiymətləndirir, həmçinin seçkilərə laqeyd münasibət bəsləyənlər də müşahidə edilir. Müşahidəçilərin verdiyi məlumatlara əsasən deyə bilərik ki, respublikanın heç bir yerində imza toplama prosesində namizədliyini irəli sürən şəxslərə maneçilik törədilməyib. Koalisiya üzvləri ilə görüşlərdə namizədliyini irəli sürən şəxslər tərəfindən bildirilən məlumatlara görə namizədliklərin qeydə alınmaması əsasən sənədləşmədəki qüsurlarla bağlı olub”, - Səadət Bənənyarlı deyib.
O, vurğulayıb ki, bu seçkidə namizədlər arasında qadınların sayı o qədər də yüksək deyil: “Seçkilərdə 25 siyasi partiyadan 459 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, onlardan 305-nin namizədliyi qeydə alınıb. Bundan başqa, Seçki Məcəlləsinə əsasən, 60-dan çox namizədi qeydə alınmış siyasi partiya və partiyaların bloklarına dövlət büdcəsindən maliyyələşən bir sıra media qurumlarında ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılır. Yəni, 60-dan çox namizədi qeydə alınmış partiya və onların blokları pulsuz efir imkanından istifadə etməklə təşviqat kampaniyası apara bilər. Hazırda bu imkandan yalnız Yeni Azərbaycan Partiyası (YAP) istifadə edə bilər. Çünki digər partiyaların heç birinin 60-dan çox qeydə alınmış namizədi yoxdur. YAP bundan əvvəlki parlament seçkisində olduğu kimi hazırda da pulsuz efirdən istifadə etmək imkanından imtina etmişdi.
Ödənişli efir vaxtının kifayət qədər yüksək qiymətdə olması səbəbindən isə əksər namizədlər bu imkandan yararlana bilmirlər. Lakin sosial şəbəkələrdən geniş istifadə olunur.
Namizədlərlə teledebatların olmaması seçicilərin namizədlərin seçki platformalarının obyektiv dəyərləndirməsinə, müqayisəsinə mənfi təsir edir”.
Qeyd edək ki, “Mənim səsim” Seçki Monitorinq Koalisiyası D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin və Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin təşəbbüsü ilə yaradılıb. Koalisiyanın işində tanınmış sosioloq Əhməd Qəşəmoğlu və siyasi ekspert Adəm İsmayıl Bakuvi da yaxından iştirak edir.