16 saylı Yasamal İkinci Seçki Dairəsinin 19 saylı məntəqəsində Prezident seçkilərinə start verilib.
APA-nın əməkdaşının verdiyi xəbərə görə, səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Məntəqə üzrə qeydiyyatda olan seçicilərin sayı 1295 nəfərdir. Məntəqə sədri Aybəniz Qurbanovanın APA-ya verdiyi məlumata görə, ən yaşlı seçicilərin sayı 20 nəfərə yaxındır:
“İlk dəfə səsvermə hüququndan istifadə edəcək şəxslərin sayı isə 18-dir. 22 nəfər başqa məntəqələrdə səs vermək üçün qeydiyyatdan çıxıblar. Saat 08:00-a qədər seçkiləri izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı 6-dır. Xarici təşkilatlardan seçki prosesini izləmək üçün hələ ki, məntəqəmizə müraciət daxil olmayıb. Seçicilərdən daşınan qutu üçün müraciət edənlər də yoxdur. Bu dəqiqəyə olan məlumata görə, “exit-poll” nümayəndələri də prosesdə iştirakları barədə aidiyyəti üzrə müraciət ünvanlamayıblar".
16 saylı Yasamal İkinci Seçki Dairəsinin 20 saylı məntəqəsində də növbədənkənar prezident seçkilərinə start verilib. Seçki məntəqəsinin qapıları saat 08:00-da açılıb. Seçki prosesinin elə ilk dəqiqələrindən səsvermədə iştirak edən vətəndaşların aktivliyi müşahidə olunur. Yasamal Rayonu 53 saylı tam orta məktəbdə yerləşən məntəqənin sədri Münəvvər Yusubova APA-ya bildirib ki, məntəqədə 1425 seçici var. Onun sözlərinə görə, məntəqədə səsvermə hüququna malik seçicilərdən 45 nəfərinin yaşı 80-100 arasındadır:
"Seçicilərdən 6 nəfəri evdə səs verəcək, onlar səyyar seçki qutusu üçün məntəqəyə müraciət ediblər. Seçicilərdən 4 nəfəri bu gün 18 yaşını tamamlayır və onlar ilk dəfə səsvermə hüququndan istifadə edəcəklər. Seçki prosesini izləyən yerli müşahidəçilərin sayı 10 nəfərdir. Hələ ki, xarici müşahidəçilər seçki prosesini izləmək üçün müraciət etməyiblər. Müxalifət partiyalarından seçki prosesini izləyəcək nümayəndələrin sayı iki nəfərdir. Seçki prosesini izləmək üçün “exit-poll” nümayəndələrindən hələ ki, 1 müraciət daxil olub”.
16 saylı Yasamal İkinci Seçki Dairəsinin 23 saylı Seçki Məntəqəsində növbədənkənar prezident seçkilərinə saat 08:00-dan etibarən start götürüb.
APA-ın əməkdaşının verdiyi xəbərə görə, hazırda məntəqədə seçicilərin aktivliyi müşahidə olunur. Məntəqə sədri Rəşad Cabarov APA-ya açıqlamasında bildirib ki, seçici siyahısında 1414 nəfər qeydiyyatdadır:
"2 seçicimiz daşınan qutu ilə bağlı ərizə ilə müraciət ünvanlayıb. Qeydiyyatdan çıxan seçicilərin sayı 15-dir. Ən yaşlı seçicinin 91, ən gəncinin isə 18 yaşı var. “Exit-poll” üçün bir xarici təşkilat - "ORACLE ADVİSORY GROUP"dan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası təşkilatı müraciət edib. Hazırda həmin qurumun nümayəndəsi bayırda exitpoll keçirir. Xarici təşkilatlardan müşahidəçilər səsvermənin ilk dəqiqələrindən məntəqədəki seçki prosesini izləyirlər. Xarici müşahidəçilər Özbəkistan və Rusiya Federasiyasının təmsilçiləridir.
Tural Turan