Fiziki müraciət edən müşahidəçilərin hamısını akkreditasiyadan keçiririk. Onlara hələ rədd cavabı verilməyib.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, jurnalistlər isə ümumiyyətlə azaddırlar:
“Onlar öz vəsiqələrini təqdim etməklə bütün prosesləri işıqlandıra bilərlər. İndi də ikiqat jurnalistlərdən xahiş edirəm ki, səsvermə günü bizim üçün xüsusilə əziz olan Qarabağ bölgəsindən seçkiləri dünya ictimaiyyətinə çatdırın. Azərbaycanın bütün suveren ərazisində ilk dəfə parlament seçkiləri keçiriləcək. Qarabağda seçki günü gedən proseslərə daha çox diqqət etmək lazımdır. Orada xarici müşahidəçilərin fikirlərinə daha çox diqqət etmək lazımdır”.
MSK sədri qeyd edib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 110 mini ötüb.