TÜRK PA: Azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi tarixi hadisədir

TÜRK PA: Azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi tarixi hadisədir
# 08 fevral 2024 12:30 (UTC +04:00)

“Azərbaycanda seçkilər Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun həyata keçirilib. Azərbaycan demokratik seçkilərin keçirilməsi üçün olan sənədləri də dəstəkləyir”.

APA xəbər verir ki, bunu TÜRK PA Müşahidə Missiyasının rəhbəri Osman Mesten Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, ilk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirilib:

“Heyətimizin bir qismi də azad edilmiş ərazilərdə - Şuşada və Xankəndidə müşahidə aparıb. Azad olunmuş ərazilərdə görülən işlər müşahidə edilib. Azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi tarixi hadisədir. Eyni zamanda, azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi həm Azərbaycan, həm də Türkiyə üçün əlamətdar hadisədir. TÜRK PA müşahidə missiyası olaraq, Azərbaycanda keçirilən seçkilərin beynəlxalq hüququn tələbinə tam uyğun olduğunu bildiririk”.

Osman Mesten qeyd edib ki, seçkidə əlillərə şərait yaradılması təqdirəlayiq idi:

“Seçkidə qadınlar və gənclər üstünlük təşkil edirdi. Seçkilərin Azərbaycan xalqına və türk millətinə xeyirli olmasını arzulayırıq”.

TÜRK PA Müşahidə Missiyasında iştirak edən Qazaxıstanın deputatı Abzal Kuspan qeyd edib ki, bu, çox tarixi seçki olub:

“Azərbaycan xalqının öz prezidentini nə qədər sevdiyinin şahidi olduq. Bununla ancaq qürur duya bilərik”.

TBMM deputatı Ahmet Zenbilci isə azad olunan torpaqlarda seçki keçirilməsi münasibətilə təbriklərini çatdırıb: “Seçkidə qanun pozuntusu müşahidə etmədik”.

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR