Bakı-APA. Noyabr ayının 6-da İçəri Şəhərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi ilə birgə “9 noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Qədim şəhərdə qədim oyun” layihəsi üzrə II şahmat turniri keçirilib.
Turnirdə sözügedən dövlət qurumlarını təmsil edən 14 şahmatçı iştirak edib. Turnirin qalibi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Kənan Hacıyev olub.
Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Tofiq Haqverdiyev turnirdə 2-ci yeri tutub. 3-cü yer uğrunda yarışda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Vidadi Namazov qalib gəlib.
Yarışın bağlanış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi İlqar Mustafayev turnir iştirakçılarına öz təşəkkürlərini bildirərək 9 noyabr – Dövlət Bayrağı Gününün ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən, Azərbaycanın dövlətçilik prinsiplərinin qorunmasında hər bir vətəndaşın, o cümlədən – dövlət qulluqçularının rolundan söhbət açıblar. Çıxış edənlər həmçinin artıq ənənə halını almış və mütəmadi olaraq idmanın müxtəlif növləri üzrə keçirilən bu cür turnirlərin müxtəlif dövlət qurumlarını bir-birinə yaxınlaşdırdığını, dostluq münasibətləri və mehriban tərəfdaşlıq əlaqələri qurulmasına səbəb olduğunu bildiriblər.
Daha sonra turnirin qalibləri kubok, fəxri fərman və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.