“Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası” təsdiqlənib, barələrində məlumatlar məxfiləşdirilən sığorta olunanlara unikal kodun alınması proseduru müəyyənləşib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qayda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotunun təşkilati və hüquqi əsaslarını müəyyən edir.
Sığortalının sığortaçıda qeydə alınan uçot məlumatları aşağıdakılardır:
- sığortalının adı;
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və verilmə tarixi;
- sığortalının hüquqi, faktiki ünvanı və əlaqə nömrəsi;
- sığortalıya münasibətdə icbari sığortanın təmin edilməsinin Fond
tərəfindən həyata keçirilməsinə başlandığı tarix;
- sığortalının yenidən təşkili və ləğv edilməsi tarixləri barədə məlumat;
- sığorta haqları üzrə büdcə ilinin əvvəlinə hesablanmış, ödənilmiş və qalıq (olduğu halda) məbləğlər;
- artıq ödənilmiş sığorta haqqı;
- sığortalının yenidən təşkil olunması nəticəsində hüquqi varis kimi
müəyyən edilmiş yeni sığortalıya (sığortalılara) transfer olunan ödənilmiş sığorta haqlarının məbləği barədə məlumatlar;
- artıq ödənilmiş sığorta haqqının Fond tərəfindən qaytarılmış məbləği.
Qaydaya görə, sığortalılar tərəfindən barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar üçün unikal kodun alınması proseduru da müəyyənləşir. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlar Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri (əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanılan işçilər istisna olmaqla), Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Mühafizə Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan mülki işçiləridir. Qeyd edilən sığorta olunanların hər biri üçün unikal kodun alınması məqsədilə say göstərməklə, həmin şəxslərin işə başladıqları tarixdən etibarən 5 iş günü müddətində sığortaçıya müraciət edir. Sığortaçı daxil olmuş müraciətə 15 iş günü müddətində baxaraq müraciətdə qeyd edilən sığorta olunanların sayına uyğun olaraq unikal kodun verilməsini təmin edir və həmin kodları kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) sığortalıya göndərir.Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlarla əmək müqaviləsinə və ya mülki-hüquqi müqavilə əsasında davam edən münasibətə xitam verildiyi halda sığortalı tərəfindən sığortaçıya həmin sığorta olunana verilmiş unikal kodun ləğv edilməsi ilə bağlı yazılı müraciət göndərilir.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Mühafizə Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Qərar qüvvəyə mindiyi tarixdən 15 iş günü müddətində barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlara unikal kodun verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin müraciətləri daxil olduğu tarixdən 1 ay müddətində barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan hər bir sığorta olunana tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən unikal kodun verilməsini təmin etməlidir.