- Azərbaycanda, ümumiyyətlə, özümdən başqa konsert təşkilatçısı tanımıram. Düzdür, bəziləri var, ancaq onlar bu sahəyə hobbi kimi baxır, sənət kimi yanaşmırlar. Onlar ancaq konsertlər təşkil edib, məşhurlaşmaq haqqında düşünürlər. Təşkilatçılar var, ancaq onların hansı işi gördükləri məlum deyil.
- Bu sahədə Nahid Emiloğlunun rəqibi varmı?
- Rəqibim var idi, ancaq həmin rəqibimi bu ölkədən göndərdim. Ancaq onun adını açıqlamayacağam.
- “S.A Organization”un rəhbəri Səlahəddin Atalay da, deyəsən, bu işdən vaz keçib. Bunda xidmətləriniz olmayıb ki?
- Səlahəddin Atalayla heç bir düşmənçiliyim yoxdur. Mən bu işə onunla birgə başlamışam. Bunu danmaq ən böyük səhv olardı. Sadəcə, bizim işimiz fərqlidir. Mən başqa istiqamətdə, Səlahəddin Atalay isə tamam başqa istiqamətdə işləyir. Mən dayanmadan, daim işləyirəm, buna artıq öz işim kimi baxıram. Bəziləri elə bilir ki, mən konsertləri qazanc əldə etmək üçün həyata keçirirəm. Qətiyyən belə deyil. Sadəcə, istəyim ölkəmi tanıtdırmaqdır. Tarkan Bakıda Yaşıl Teatrdakı konsertini heç Türkiyədə də verməyib. Tamaşaçılarla bu qədər yaxın səhnədə çıxış etməyib. Bunun effekti Azərbaycan üçün çox böyük idi. Sadəcə bizdə bu tərəfi fikirləşən yoxdur.
- Bir neçə il əvvəl böyük qalmaqal yaşayan Nahid Emiloğlu və Səlahəddin Atalayın bu gün münasibətlərini qənaətbəxş hesab etmək olarmı?
- Belə də. Salam-sağ olumuz var. Şükür Allaha ki, düşmənçilik yoxdur. Ümumiyyətlə mənim heç kiminlə münasibətim pis deyil.
- Səlahəddin Atalayın bu işə son qoymasına səbəb nə oldu?
- Səlahəddin Atalay hazırda başqa ölkələrlə işləyir. Gördü ki, burada işləmək mümkün deyil. Mən özümü şou-biznesin içində hesab etmirəm, sadəcə, mədəniyyət işçisiyəm və səviyyəli tədbirlər keçirirəm.
- İmza atdığınız hər bir layihə mətbuat tərəfindən çox böyük aqressivliklə qarşılanır. Bunu necə izah edərdiniz?
- Görünür, bu mənim üzümün yumşaqlığındandır. Mətbuatı məndən çox konsertlərə buraxan, şərait yaradan yoxdur. Ancaq hər zaman şərait yaratmamağımdan narazılıq edirlər. Ümumiyyətlə, hazırda mənimlə prinsip və mübarizə aparan çox insan var. Yəqin ki, həmin mətbuat nümayəndələri də onların təsiri altındadırlar. Əsas odur ki, bu işi bacarıram və görürəm.
- Bu sahəyə gəlişiniz necə olub?
- Mən 1996-cı ildən 2007-ci ilin yanvar ayına kimi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Gənclik və İdman redaksiyasında işləmişəm. Həmin televiziyada yeddiyə yaxın verilişin müəllifi və rejissoru olmuşam. Həmin illərdə də əyləncəli və konsert proqramları təşkil edirdim. Ancaq 2003-cü ildən etibarən rəsmi olaraq böyük konsertlərin təşkilinə başladım. Həmin vaxtlarda bu sahədə boşluq hiss olunurdu. O zaman təşkilatçının hörməti daha çox idi. İndi hər yerindən duran müğənni gətirəcəyini iddia edir. Həmin o sözü deyənlər isə bu işdən başı çıxmayanlardır. Onlar Türkiyədə qonorarı 10 min olan müğənnini 50 minə gətirirlər.
- Türkiyə sənətçiləri ilə işbirliyini necə qurusunuz?
- Türkiyədə istər televiziya kanalları, istər müğənnilər, istər prodüser və təşkilatçılarla çox yaxşı münasibətlərim var. Hətta elə sənətçilər var ki, məndən başqa heç kiminlə işləməyə razılıq vermirlər. Onlar işini bilən adamla işləməyə üstünlük verirlər. Nə Azərbaycan, nə də türk müğənnilərindən heç kim deyə bilməz ki, mən onun qonorarını verməmişəm. Müğənnilərə əvvəl qonorarını verib, sonra səhnəyə çıxarıram.
- Niyə məhz Türkiyə sənətçiləri?.. Bu sahəni genişləndirmək fikriniz varmı?
- Mənim şəxsi saytıma və mail ünvanıma dünyanın hər bir yerindən məktublar gəlir. Sadəcə, biz onların şərtlərini həyata keçirə bilmirik. Sovet dövründən fərqli olaraq, indi vəziyyət çox dəyişilib. Bu gün yaşlı nəsil də bizi işləməyə qoymur. Bir şey bilirlər: “Biz o vaxtı belə eləmişik, elə eləmişik”. Biri gəlsin, bizim həyata keçirdiyimiz konsertin birini eləsin görüm necə eləyir. Türkiyədən gətirmək demirəm, elə yerli müğənnilərdən birinin Türkiyədə konsertini təşkil eləsin. Edə bilməyəcək. Çünki bu işə böyük məbləğdə vəsait lazımdır. Rusiya müğənnilərini sevmədiyim üçün onların konsertlərini təşkil etmirəm. Alla Puqaçova belə mənim vasitəmlə Azərbaycana gəlmək istəyib, ancaq eləməmişəm. Ruslar mənim üçün sıradan müğənnilər olduğundan, onlarla işləmirəm.
- Tarkanın son konsertində problemlər yaşanmadı ki?
- Tarkanın konserti çox yaxşı keçdi. Konsertin təşkili üçün yer problemi yaşayırdıq. Sonradan Yaşıl Teatrı seçdik. Ancaq etiraf edim ki, iki günlük konsertdə Tarkandan gözlədiyimi ala bilmədim. Onun ilk konsertindəki həyəcan yox idi.
- Niyə?
- Düzdür, biletlər satılmışdı, amma bu dəfə meqa-star Tarkanın ötən dəfəki çıxışından əsər-əlamət yox idi. O, elə bil sönmüş halda səhnəyə çıxmışdı. Fikrimcə, artıq Tarkanın da dövrü keçib.
- Yəni, Tarkanla işbirliyinə son qoyursunuz...
- Tarkanın bircə şansı qalıb. O, yüksək səviyyədə və gözəl mahnılardan ibarət albom hazırlasa və böyük səhnəyə həmin albomla çıxsa, şöhrətini qaytara bilər.
- Tarkan həqiqətənmi sevgilisindən ayrılıb?
- Bakıda olanda söhbət əsnasında belə bir fikri olduğunu bildirmişdi. Yəni sevgilisindən ayrılmağı düşünürdü. Hər sevginin öz dövranı var. Tarkanın vaxtilə ifa etdiyi “Quzu-quzu”, “Dudu” mahnıları indi yoxdur. Elə bil yaza bilmir. Gərək, ilham pərisi gəlsin, gəlmirsə, demək bu sevgiyə son qoymaq lazımdır. Tarkanın Bilgə Öztürklə sevgisini bitirməsinin vaxtıdır. Tarkanın bu gün 40 yaşı var, artıq 20 yaşındakı kimi çıxış edə bilmir, səhnəni idarə edə bilmir.
- Bəs Azərbaycan müğənnilərindən kimin vaxtının bitdiyini hesab edirsiniz?
- Bizim bütün müğənnilərin vaxtı bitib. Gündə biri səhnəyə çıxır, hamısı da ancaq toy üçün...
- Yerli sənətçilərin təbliği ilə az məşğul olmağınızın səbəbi nədir?
- Kimi təbliğ edək? Alim Qasımov bu gün Amerikada, Sinqapurda konsertlər verir. Alim Qasımovdan başqa kim var ki... Aparaq hansı müğənnini hansı mahnısı ilə göstərək... Muğamdan başqa hamısı yalandır. Estradada heç kim yoxdur, hamısı ancaq toy tutmaqla məşğuldur. Tutaq ki, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasını aparıb nümayiş etdirmək istədim. Kim bu işə dəstək olacaq? Axı mənə bu işdə heç kim dəstək olmur. Bu günün özündə bizə heç kim, heç bir dövlət qurumu dəstək vermir. Dəstək olsalar, inanın çox şey edərəm. Elə bil bu işi ciddi qəbul etmirlər. Hansısa yerli müğənninin başqa ölkədə konsertini təşkil edəndə həmin ölkədəki səfirliyimiz bir avtobusu belə bizə vermir. Zeynəb Xanlarovanın Türkiyədəki konsertində bizim səfirlik mənə bir avtobus ayıra bilmədi. Türk sənətçilərinin Azərbaycanın bölgələrində, rayonlarında konsertlərini təşkil etmək olar. Ancaq bunun üçün Mədəniyyət və Turizm Nazirliyi mənə dəstək olmalıdır, iş adamları bu işə cəlb edilməlidir. Bu gün rayon camaatı elə bil hər şeydən təcrid olunub. Sanki onları mədəniyyətdən, incəsənətdən tamamilə ayırmışıq. Lazımsız şeylərə elə yaxşı dəstək olub, pul qoyurlar ki...
- Dünyaca çox məşhur olan ulduzlarla işbirliyi nəzərdə tutulmur ki? Məsələn, Cennifer Lopez, Mark Entoni, Eros Ramazotti, Madonna...
- Azərbaycanda ən böyük problem sponsor və reklamçının olmamasıdır. Təkcə Cenifer Lopezin Bakıya gəlib konsert verməsi 2 milyon avroya başa gəlir. O pulu haradan çıxaraq, kimdən alaq?! Tutaq ki, Cennifer Lopezi gətirdik, onun biletlərini neçəyə sataq ki, heç olmasa qoyduğumuz pulun yarısını çıxaraq. İkincisi, onun konsertini ancaq stadionda təşkil etmək olar ki, bu da problemdir. Çünki Azərbaycanda tamaşaçının stadion mədəniyyəti yoxdur. Bizim konsertlərdə biletlərin qiyməti yuxarı, orta və aşağı həddə olur. Ən bahalı və ən ucuz biletlər satılır, ancaq orta satılmır. Çünki onun alıcısı yoxdur. Şəxsən mən Maykl Ceksonu Bakıya gətirmək arzusundayam. Hətta artıq təkliflərimi də göndərmişəm və hazırda danışıqlar gedir. Bəlkə Azərbaycan müsəlman ölkəsi olduğuna görə təklifimizi qəbul etdi. Maykl Ceksonun Azərbaycana gəlişi böyük sensasiya olardı. Ancaq Cennifer Lopez, Şakiranın gəlişi mənim üçün maraqlı deyil. Onların çıxışında qeyri-adi heç nə yoxdur.
- Maykl Ceksonun gəlişi nə dərəcədə realdır?
- Maykl Cekson bütün konsertlərdən imtina edib. Ümumiyyətlə, konsertlər vermir. Ancaq inanıram ki, o Azərbaycanda konsertə razılıq verəcək. Onun üçün bu maraqlı bir şey olar. Bu konserti sentyabra planlaşdırıram.
- İllərdir, müxtəlif sənətçilərlə layihələr həyata keçirirsiniz. Sizcə, ən kaprizli müğənni hansıdır?
- Sezen Aksu. Onun bu kaprizi özündən asılı deyil. Yerli-yersiz qışqırmaq, bağırmaq, hər şeyi istəmək, tələb etmək. O, bir neçə ildir, əsəb xəstəliyindən əziyyət çəkir. Bir tərəfdən də axı əsil sənətçinin kaprizi olmalıdır. Ancaq bu kaprizin Tarkana heç bir aidiyyəti yoxdur. Ancaq Tarkan olmaq istəyənlər kapriz edir. Düşünürlər ki, belə qabağa gedə bilmirəm, bəlkə kaprizlə qabağa gedərlər.
- İndiyədək təşkil etdiyiniz konsertlərin hansından daha çox qazanc əldə etmisiniz?
- Açığı deyim ki, Alim Qasımov və Sərdar Ortacın konsertindən az da olsa qazanmışıq. Lakin həmin qazancın məbləğini açıqlasam, çox gülməli olar. O qədər əziyyət və sərf etdiyimiz maliyyə vəsaiti qarşılığında qazancımız heç hiss olunmur. Adi yerli müğənninin konserti üçün böyük maliyyə vəsaiti tələb olunur. Konsert salonunun icarə pulu, müğənninin qonorarı, reklamı, səhnəsi, musiqiçiləri və s. və i.a. Bunlar hamısı pul deməkdir.
- Məsələn, Tarkanın Bakıdakı sonuncu konserti neçəyə başa gəldi?
- Tarkanın təkcə musiqi aparatlarının gətirilməsi 250 min ABŞ dollarına başa gəlir. Yol, otel xərcini də əlavə etsək, 450 min dollara yaxın xərc çıxır. Tarkanın tələb etdiyi qonorar isə 250 min dollardır. Ancaq bizim Tarkanla münasibətimiz olduğundan bu daha ucuz başa gəlir. Biz onunla başqa bir anlaşma ilə konsert etmişdik. Ancaq qonorarsız ümumilikdə 450 min dollar xərclənib.
- Azərbaycan sənətçilərinin beynəlxalq səviyyəyə çıxmamasının günahı kimdədir?
- İlk olaraq özümüzdə. Yerli televiziya kanallarının hər birində bütün türk müğənnilərin klipləri yayımlanır, konsertləri efirə verilir. Hələ bir Türkiyə kanalında bir Azərbaycan müğənnisinin klipi getməyib. Yerli sənətçilərdən təkcə Yeganə hazırda Türkiyədə təbliğ olunur, klipləri yayımlanır, albomları hazırlanır. O da mənim vasitəmlə gedib orada bu işləri görür. Bunun üçün öncə müğənninin öz istəyi olmalıdır. Bir də ki, mütləq sponsor lazımdır. Bu gün heç kim sponsorsuz hərəkət eləmir. Ancaq bizdə sponsor adı gələn kimi gülürlər, başqa yerə yozurlar. Burada söhbət işdən gedir, başqa söhbət ola da bilməz. Məsələn, Yeganəyə Türkiyədə “Sezen Özer production” tərəfindən 2 ay müddətində 550 min dollara yaxın pul qoyulub. Hələ davamı da olacaq. Onun heç albomu da satışa buraxılmayıb. Yəni, o pulu hələ götürmək fikri də yoxdur. Artıq Türkiyənin bir neçə bölgəsindən Yeganənin konserti üçün təkliflər gəlir. Sadəcə, bu işi görüb ortaya çıxarmaq lazımdır.
- Sərdar Ortac Baloğlan Əşrəfovun mahnısını ifa etdi. Bu işdə Sizin rolunuz olub?
- Əlbəttə, olub. Baloğlan Əşrəfov xəstəxanadan qayıtdı, konsertini elədim və ona böyük piar qazandırdım. Sərdar Ortac Baloğlan Əşrəfovun mahnısını oxudu, buradakı radiolar onu yayımladı. Başladırlar Baloğlan Əşrəfovun ifasında həmin mahnını verməyə, televiziya verilişlərinə dəvət olunmağa başladı. Halbuki ondan əvvəl televiziya kanalları Baloğlan Əşrəfovun onların formatına uyğun olmadığını deyirdilər. Sərdar Ortac getdi konsertlərdə “Nədəndir” mahnısını oxudu. Mən həmin konsertlərin video yazılarını aldım, Sərdarın digər konsertlərində Azərbaycan rəqsi qurdurdum, milli geyimləri tikdirdim apardım. Adımı çəkən var? Baloğlan Əşrəfov çıxır efirdə deyir ki, Sərdar Ortac mənim mahnımı oxuyur, elə bil onunla qırx ildir, tanışdırlar. Bütün bunları yalnız Azərbaycana görə edirəm. Azərbaycan mahnısını oxuması, üç konsertdə Azərbaycanın milli geyimlərində rəqslər bu böyük reklamdır. Bu zamana kimi Niyaməddin Musayevin mahnılarını oxuyurdular, bir nəfər bilirdi ki, bu onun mahnılarıdır. Əgər o vaxt belə güclü işləyiblərsə, bütün bunlar niyə belə olub? Ancaq fakt budur ki, bu gün mən bu mahnının Azərbaycana aid olduğunu sübut etdim və müəlliflərinin adını yazdırdım. Bunu etdiyimə görə kimdənsə pul almışam, məgər? Bu layihəni həyata keçirmək üçün Sərdar Ortacın onun arxasınca Antalyanı, İstanbulu gəzmişəm. Hələ çıxıb efirdə deyir ki, gəldi mənə pul verdi. Vallah bunlar xəstədirlər, ancaq özlərini reklamla məşğuldurlar. İşi görən mən, ancaq adımı çəkmək istəmirlər. Bunların hamısı belədir, ona görə də mən bunlarla işləməkdən imtina etmişəm. Tarkandan qabaq səhnəyə azərbaycanlı sənətçilərdən birini çıxara bilərdim. Hətta pul da təklif edirdilər ki, onları çıxarım. Çıxarmadım, çünki bezmişəm, məni boğaza yığıblar. Bunlar çıxıb orada reklam olunurlar, sonra da çıxıb deyirlər ki, məni Tarkan bəyənmişdi. Başlayırlar, Tarkanla özlərini reklam eləməyə...
- Azərbaycan sənətçilərindən kiminsə Türkiyədə konsertinin təşkili üçün qardaş ölkədən Sizə müraciət olunubmu?
- Heç kimin konsertini istəyən olmayıb, çünki tanımırlar. Sadəcə olaraq, Röyanı Sərdar Ortac özü təklif etmişdi, ancaq Röya bu işə getmədi. Röya qorxdu ki, müqaviləyə imza atacaq, sonra yuxudan gec qalxacaq, gec gedəcək. Yəni məsuliyyətdən qaçdı və bu işdən imtina etdi. Amma Sərdar həqiqətən də Röya üçün bütün mahnıları yazıb aranjeman etdirmişdi. Danışmaqdansa, işləmək lazımdır. Neçə ildir, bu işi görürəm. Deyim ki, məni tanımırlar, görmürlər. Hamısı da çox gözəl görür və bilir. Mənim gördüyüm heç bir tədbiri dövlət tərəfindən maliyyə ayrılmayıb. Hazırda Türkiyədə kabel daşıyan, barmen gəlib burada bəy olur. Adamı bu yandırır. Kimsə kənardan bura gəlibsə, deməli, məqsədi buradan pul aparmaqdır. Burada keçirilən dövlət və ölkə səviyyəli bütün tədbirləri həmin o bəylər alır. İş onlara verilir, ancaq biz qalırıq qıraqda. Mədəniyyət və Turizm Nazirliyi çağırsın, desin ki, get Türkiyəyə, Hollandiyaya bu işi gör və bu da sənin dəstəyin. Mənim bütün Avropa ölkələrinə çıxış imkanım var. Almaniyanın Köln Arenasında istədiyiniz müğənninin konsertini təşkil edə, oraya 70 min tamaşaçı yığ bilərəm.
- Bir müğənninin başqa ölkədə tanınması üçün nə qədər vaxt lazımdır?
- Bir konsert belə yetərlidir. Bütün Avropanın ən möhtəşəm konsert salonlarında çıxışlarla bunu etmək olar. Daha klublarda yox... “Eurovision” müsabiqəsini elə təşkil və təbliğ edərəm ki, Azərbaycan birincilik qazanar. Bu müsabiqədə mahnı heç bir rol oynamır. Müsabiqədən əvvəl Avropada təbliğat aparmaq mahnı oxumaqdan daha önəmlidir.
- Başqa ölkədə işləmək təklifi almısınızmı?
- Artıq neçə müddətdir, məni Türkiyəyə çağırırlar. Sadəcə olaraq Türkiyəyə getmək istəmirəm. Hətta Almaniyaya çağırırlar, ancaq orada da işləmək istəmirəm. Elə öz vətənimdə qalıb, bu işi genişləndirmək istəyirəm. Hələ ki, getmək tezdir.
- Hansısa sənətçinin sizinlə işləməkdən imtina etməsi faktı varmı?
- Elə bir müğənni yoxdur, bütün müğənnilər məni sevir. Mən Zeynəb Xanlarovanın simasında ilk dəfə gördüm ki, Azərbaycan müğənnisi konserti idarə edə bilir. Bizim sənətçilərin səhnə mədəniyyəti və konsert idarə etmək bacarığı yoxdur. İnsan görə-görə öyrənir, bizimkilər nə görüblər ki... Sənətçilərimizin 90 faizi fonoqram oxuyur, canlı perfomans yoxdur.
- Yeni hansı layihələri həyata keçirməyi nəzərdə tutursunuz?
- İyunun 27-si Ədalət Şükürov, iyulun 5-i, 6-sı, 7-si Röya, iyulun 19-da isə Rəmişin konsertini keçirəcəyik. Sentyabr ayı üçün Sərdar Ortac və Sezen Aksunun konsertlərinin təşkilini planlaşdırıram. Bülənt Ərsoy və Alim Qasımovun birgə konsertini keçirmək isə uzun müddətdir, fikrimdədir. Dəstək olsa, bu layihəni həyata keçirəcəyəm.