Bank Of Baku

Teymur Əmrahın Mehriban İsayevanı dişləməsi ekspertiza nəticəsində təsdiqlənib

Teymur Əmrahın Mehriban İsayevanı dişləməsi ekspertiza nəticəsində təsdiqlənib
# 08 iyul 2008 11:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Teymur Əmrah məni döydüyünə, dişlədiyinə və təhqir etdiyinə görə ondan şikayət etmişəm. Hazırda Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində təhqiqat aparılır. Ekspertiza nəticəsində Teymur Əmrahın məni dişləməsi təsdiqlənib”. APA-nın məlumatına görə, bu sözləri müğənni Mehriban İsayeva bu gün keçirdiyi mətbuat konfransında deyib. O, 1 il müddətində T. Əmrahın təhqirlərinə dözdüyünü bildirib: “Çörəkpulu üçün işləməyə məcburam. Bu səbəbdən onun təhqirlərini birtəhər yola verirdim. Amma səbir kasam dolduğu üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Bunu öyrəndikdə mənə zənglər etdirdi ki, qayıt işinə, nə lazımdırsa edəcəyəm. İndi də bu hərəkəti etdiyini boynuna almır. Bu məsələ elə-belə qalmayacaq və Teymu Əmrah cəzasını çəkəcək. Mən onu heç zaman bağışlamayacağam”. M. İsayeva üç ildir “Canaqqala” restoranında çalışdığını, rəhbərlikdən zərrə qədər incimədiyini, sadəcə, Teymur Əmrahın söyüşlərindən bezdiyini söyləyib: “Hazırda işsizəm. Mədəniyyət və İncəsənət Universitetinin dördüncü kurs tələbəsiyəm və Mələkxanım Əyyubovadan dərs alıram. Tanınmasam da, öz işimin dərin bilicisiyəm”. M. İsayeva yalnız haqqını tələb etdiyini və ədalətin yerini tapacağına inandığını vurğulayıb: “Bu hadisəni restoranda çoxları görüb. Sadəcə, heç kim işini itirmək istəmədiyindən danışmaq istəmir. İnanın ki, mən çox pis haldaydım. Özümü itirmişdim, nə edəcəyimi bilmirdim. Mənim 11 yaşında oğlum var. Bu hadisə ona da psixi cəhətdən pis təsir edib. Ancaq keçmiş həyat yoldaşım bu hadisə ilə heç maraqlanmadı”.
Tədbirdə iştirak edən “Təmiz Dünya” İctimai Birliyinin vəkili Ruslan Vəliyev bildirib ki, Teymur Əmraha qarşı Cinayət Məcəlləsinin 127, 132, 146 və 147-ci maddələri ilə cinayət işi qaldırıla bilər: “Əminik ki, məhkəmə ədalətli qərar verəcək və haqq öz yerini tapacaq. Qərar bizi qane etməsə, o zaman yuxarı instansiyalara müraciət edəcəyik”.
Qeyd edək ki, M. İsayeva iyunun 29-da “Çanaqqala” restoranında T. Əmrahla mübahisə edib. M. İsayeva T. Əmrahın onun saçını yolduğunu və əlini dişlədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR