Bank Of Baku

Müğənni Ruhi: “İki ilə ana olmasam, övladlığa uşaq götürəcəyəm” - FOTOSESSIYA

Müğənni Ruhi: “İki ilə ana olmasam, övladlığa uşaq götürəcəyəm”  - <font color=red>FOTOSESSIYA</font>
# 11 iyul 2008 08:46 (UTC +04:00)
- Azərbaycanın şou-biznesində tanınmış bir ifaçı olsanız da, Sizin haqqınızda geniş bilgilər yoxdur...
- Mən Tovuz rayonunda anadan olmuşam. Doğulduğum ili söyləmək istəmirəm, amma martın səkkizində anadan olduğumu deyə bilərəm. Orta məktəbi öz rayonumuzda bitirmişəm. Hazırda Gəncə Texnologiya Universitetinin dördüncü kurs tələbəsiyəm. Qismət olsa, bu il ikinci təhsil kimi Rəssamlıq Akademiyasına qəbul olunmaq istəyirəm. İki il bundan əvvəl sənətə gəlmişəm, amma pul qazanmaq fikrim olmayıb. Bu sahəyə gəlmək içimdən keçib. Özüm ziyalı ailəsində böyümüşəm. Anam müəllimə, atam partiya işçisi olub. Altı il bundan əvvəl atam dünyasını dəyişib. Atam çox yaxşı vəzifələrdə işləyib. Ailənin böyük övladıyam. Məndən sonra iki bacı və bir qardaşım var. Ailəmizdə hamının ali təhsili var.
- Ailə qurmağınız necə olub?
- Atamgil məni başqa bir insana vermişdilər. Onun bir-iki sözü xoşuma gəlmədi deyə toyuma hazırlıq gedən bir vaxtda başqa bir insana qoşulub qaçdım. Bu hadisəyə görə atam məni iki il danışdırmadı. O, məni çox ərköyün böyüdüb. Dükan-bazara gedəndə nəyi bəyənirdimsə, alırdı. Mən onunla əsil dost olmuşam.
- Qoşulub qaçdığınız adamı sevirdiniz?
- Xeyir. Onu cəmi bir neçə dəfə elə-belə görmüşdüm. Həyatda çox riskli insanam. Ona qoşulub Moskvaya qaçdım. Uşaq olanda atam həmişə mənə deyirdi ki, sənin qorxmazlığından qorxuram. Mən böyüdüm, atamı itirdim, ancaq o xarakterimdən əl çəkməmişəm. Yekəxanalıq çıxmasın, cəsur qadınam.
- Bəs Moskvadan nə vaxt qayıtdınız?
- Orada bir neçə il yaşadım. İki ildir Azərbaycana qayıtmışam. Bura gələn kimi şou-biznesə qatıldım.
- Bəs necə oldu ki, musiqi təhsili olmayan xanım birdən-birə müğənni olmaq fikrinə düşdü?
- Moskvada evdə oturub kliplərə baxırdım. Birdən-birə oxumaq istədiyimi söylədim, razılıq verdilər. Mən də başladım oxumağa və kliplər çəkdirməyə. Ancaq inanmazdım ki, şou-biznesdə bu qədər çirkablar var. Bunları bilsəydim, şou-biznesə qoşulmazdım. İlk klipimi Türkiyədə, ikincisini Hindistanda çəkdirmişəm. Sonra fikirləşdim ki, bu sənətlə məşğulamsa, musiqi ilə bağlı bəzi vacib amilləri öyrənməliyəm. Ona görə də özümə vokal müəllimi tutdum. Nailə Mirməmmədlidən vokal dərsi almışam. Ancaq inanın ki, səsimi indi də çıxarmağa, artıq qışqırmağa qorxuram. İstəyirəm öz səsimlə oxuyum. Şou-biznesdə yersiz deyiləm, kimlərinsə yerini dar eləyirəm.
- Bu gün yetərincə populyarlıq qazansanız da, bundan istifadə edib şou-proqramlara və toylara getmirsiniz...
- Pula görə toylara gedib oxumaq mənlik deyil. Ürəyim istəməsə, heç bir məclisdə iştirak etmərəm. Hazırda iyirmiyə kimi oxumadığım mahnım var. Onların bəzilərindən xoşum gəlir. Bir neçəsini imkansız bəstəkarlardan almışam. Onlar imkansız olduqlarını deyiblər, mən də satdıqları mahnını almışam. Ancaq bu mahnılar bir ildən artıqdır ki, oxunmur. Gərək ürək özü onları oxumaq istəsin. Yəni bu səbəbdən toya da gedə bilmirəm. Toylara gedən müğənniləri xoşbəxt sayıram. Toy məclisini aparmaq olduqca çətindir. Hərdən kiməsə toyxana müğənnisi deyib təhqir etmək istəyirlər. Bu, düzgün deyil. Altı saat dayanmadan böyük bir məclisi idarə etmək asan deyil axı... Digər tərəfdən də mən toy aparmağa hazır deyiləm. Özümü biabır eləməkdən qorxuram. Buna hazır olmaq lazımdır.
- Bəs niyə konsert vermirsiniz?
- Konsert haqqında danışmaq hələ tezdir. Ancaq gələcəkdə konsert vermək haqqında düşünürəm.
- Siz həm də Həcc ziyarətində olubsunuz...
- Keçən il Həcc ziyarətinə getmişdim. Bunu ailəm istəyib. Kim necə qəbul eləyir bilmirəm, ancaq yanımdakı insanı ürək dostu hesab edirəm. Yəni hər şeydən qabaq onunla dostuq. Atamla necə dost olmuşamsa, onunla da elə dostam.
- Kəbə evini ziyarət edəndə Allahdan nə istədiniz?
- Ana olmağı arzuladım. Fərqi yoxdur qız ya oğlan, əsas övlad sahibi olmaqdır.
- Ana olmaq istəyinizin qarşısını nə kəsir?
- Həkimlər deyir ki, heç bir problem yoxdur. Gəzmədiyim ölkə, müraciət etmədiyim həkim qalmayıb. Nəticə isə yoxdur. Hər şey qalıb Allahın qismətinə. Tanrı rəva görsə mən də ana olaram... İki il də gözləyirəm, övladım olmasa, uşaq götürüb saxlayacağam. Allah mənə gözəl sima, ürək, var-dövlət və ailə verib. Mən bu varlıqların hamısı ilə fəxr edirəm. İnanın ki, həyatda başımı aşağı edəcək heç bir qüsurum və ya ciddi səhvim yoxdur. Yəqin hər şeyi qismət edən Allah mənə ana olmaq hissini hələlik vermir. Bəlkə də Tanrının sınağındayam. Açığını deyim ki, Allaha və qarşıdakı iki ilə çox inanıram. Yəqin dualarım qəbul olunar və mən ana olaram...
- Ana olmağınızın müqabilində hər şeyi itirməyə hazırsınızmı?
- İçimdəki böyük ürəkdən başqa heç nə gözümdə deyil. Jalə adında altı yaşlı bacım qızı var. İstəyimi onu sevməklə öldürürəm. Onun körpəliyinin iyi-qoxusu hələ də burnumdadır. Onun qədər heç kəsi sevə bilmirəm.
- Mətbuatda sizin Moskvada yaşayan məşhur azərbaycanlı iş adamı İlham Rəhimovun həyat yoldaşı olduğunuzu yazırlar.
- Bu suala cavab vermək istəmirəm. Ümumiyyətlə ailəm haqqında açıqlama vermək fikrim yoxdur. Ancaq bir şeyi deyə bilərəm ki, əvvəldən kimin yanında olmuşamsa, yenə də həmin adamla birlikdəyəm. Ölənə kimi də onunla birlikdə olacağam. Ayrılmağım barədə mətbuatda yazılanlar həqiqətə uyğun deyil. İndiyə kimi heç bir jurnalistə ailəm haqqında danışmamışam. Bu həmişə belə də qalacaq... Ancaq o sahədə özümü xoşbəxt hesab etdiyimi deyə bilərəm.
- Deyəsən təkcə müğənni yox, həm də iş adamı kimi fəaliyyət göstərirsiniz.
- “Best Model of Azerbaijan 2008”in prezidenti seçiləndən sonra “Fashion city” adlı modalar evi yaratmışam. Bu işi uğurla həyata keçirməyə çalışıram. İndi bu modalar evindən iş adamları, müğənnilər, elə mən özüm də paltarlar geyinirəm. Bizim modelyerimiz Zemfira Qurbanovadır. “Best Model of Azerbaijan 2008” müsabiqəsinin iştirakçılarını bu dəfə biz özümüz geyindirəcəyik. Müsabiqə haradasa beş-altı kolleksiyadan ibarət olacaq. Finalda təxminən 30 nəfər iştirak edəcək.
- “Best Model of Azerbaijan 2008” müsabiqəsi nə vaxt keçiriləcək?
- Yaxın bir həftəyə yarışmanın anonsları veriləcək. Anonslar getməsə də müsabiqədə iştirak etmək istəyənlər müraciət etməyə başlayıblar. Seçim turlarından sonra yarışmanın finalı olacaq. Bu hadisə noyabrda baş tutacaq. Qalib gələnlər Türkiyədə keçiriləcək müsabiqədə iştirak edəcəklər. Mən bu müsabiqənin iştirakçılarına sona kimi dəstək olacağam.
- Bəs özünüz bu müsabiqədə niyə iştirak etmirsiniz?
- Mən hər şeydən əvvəl Hacıyam. Həcc ziyarətində olduğum üçün geyimlərim fərqli olur. Digər tərəfdən də boyumun o qədər də uca olmaması buna imkan vermir. Cəmi 167 santimetr boyum var. Bu müsabiqədə iştirak üçün isə ən azı 175 santimetr boy tələb olunur. Doğrusu, həm Azərbaycanda, həm də xarici ölkələrdə reklam roliklərində iştirak etmək üçün çoxlu dəvət almışam. Lakin onların heç birinə getməmişəm.
- Bir qədər əvvəl iş adamı kimi fəaliyyətə başladığınızı söylədiniz. Bəs şou-biznesdəki ciddi planlar harada qaldı?
- Şou-biznesdən yavaş-yavaş uzaqlaşacağam. Deyəsən müğənnilikdən də uzaqlaşacağam. Bu aləm mənlik deyil. Mən burada çox çirkablar görürəm. İstəmirəm bu bataqlığa girim. Həcc ziyarətinə gedəndən sonra bu fikrə gəlmişəm. Ziyarətdən qayıdandan sonra hər şey gözümdən düşdü. Yalan danışıb kiminsə üzünə dura bilmərəm. Ancaq nə vaxt içimdən oxumaq hissi keçsə, oxuyacağam.
- Şou-biznesdə dediyiniz çirkabları kimlər yaradır?
- Demək olar ki, bu sahədə olanların əksəriyyəti. Bu sahədə yaxşılıq elədiyim elə insanlar var ki, dalımca danışmaqdan belə çəkinmirlər. Belə də insan olar?
- Onların adlarını çəkə bilərsiniz?
- Onların adını çəkib şərəfləndirmək istəmirəm.
- Sizin həm də xeyriyyəçiliklə məşğul olduğunuzu deyirlər.
- Həm şou-biznesdə, həm də başqa sahələrdə ehtiyacı olan insanlara kömək etmişəm. Mən o qədər də bahalı və dəbdəbəli olmayan gözəllik salonlarına gedirəm. Bir dəfə gözəllik salonunda bir qadının ağladığını gördüm. Səbəbini soruşanda oğlunun beynəlxalq səviyyəli yarışa getmək üçün pul tapa bilmədiyini söylədi. Həmin uşağın yarışda iştirak etməsi üçün köməklik elədim.
- Heç olmasa əziyyətiniz batmadı ki?
- Yox, batmadı. O, Azərbaycana qızıl medalla qayıtdı.
- Hansı markalı avtomobil sürürsünüz?
- Bir maşını beş-altı aydan artıq sürə bilmirəm. Hazırda sürdüyüm avtomobil “Cip-Lexsus” dur. Bu daha çox kişi maşınıdır. Sürücüm olsa da, onun xidmətindən istifadə etmirəm. Avtomobili özüm sürəndə həzz alıram.
- Mühafizəçiniz var?
- Yoxdur. Bəzi müğənnilər kimi beş-altı mühafizəçi ilə gəzməyi sevmirəm.
- Bu yaxınlarda televiziya kanallarının birində efirə gedən “Nömrə 1” yarışmasına niyə qatılmadınız?
- Bu yarışmada iştirakla bağlı təklif alsam da, qatılmadım. Bu sırf sms yarışması idi. Bu yarışmaya qatılsaydım birinci olardım. Təsəvvür edin ki, o yarışmaya qatılıram və İzzət Bağırov, Teymur Əmrah kimi müğənnini uduram. Bunu özüm də qəbul eləyə bilməzdim.
- Bir müddət əvvəl sizin teleaparıcılıq edəcəyiniz söylənirdi.
- Belə bir söhbət var idi. Gərək şou proqramlarda kiməsə sataşsan, kiminsə dalınca danışasan. Mən də bunu istəmədim. Ancaq televiziyaların biri ilə danışıqlar gedir. Ola bilsin, nə vaxtsa televiziyada başqa məzmunlu verilişlə ekrana gəldim...
- Kənardan baxanlar deyirlər ki, “bəxtəvər Ruhinin başına...”
- Hələ həyata keçməyən arzularım var. Bəxtəvərlər ağılsız insanlardır. Onlar heç nəyi fikirləşmirlər. Düşmənlə sərhəd olan bir rayondanam. Vətənimin bir parçası işğal olunub. Çoxlarına elə gəlir ki, bütün günü çal-çağır içindədirlər, dünya veclərinə deyil. Ancaq bir azərbaycanlı kimi içimdə Qarabağ nisgilini daşıyıram. Mənə bəxtəvər demək olmaz...
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR