Bank Of Baku

Tarkan Bakıya gəlib

Tarkan Bakıya gəlib
# 29 dekabr 2008 17:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dekabrın 30-da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək Türkiyənin “meqa-star”ı Tarkan bu gün Bakıya gəlib. APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerli media mənsublarına açıqlama verən sənətçi jurnalistləri maraqlandıran sualları cavablandırıb. Bu dəfə konsertin tamam başqa formada olacağını bildirən Tarkan bakılı pərəstişkarlarına unudulmaz gecə vəd edib: “Özümü yaxşı hiss edirəm. Konsertdə daha çox yeni mahnılarımı ifa edəcəyəm. Hər zaman olduğu kimi, sabahkı konsertdə də tamaşaçılarla bərabər rəqs edəcəyik. Bu konsertdə iştirak edəcək tamaşaçılar bütün dərdlərini unudacaqlar. Mən buna söz verirəm, ora dərdli gələn tamaşaçılar oradan dərdsiz gedəcəklər”.

2009-cu ildə yeni sevgi yaşamayacağına zəmanət verən Tarkan bütün ili yaradıcılığına həsr edəcəyini deyib: “Mənim ətrafımda gəzən yeni eşq dedi-qoduları həqiqətə uyğun deyil. Belə şey gözlənilmir. Mən gələn il yeni albom hazırlayacağam və ancaq mahnılarımla sevgi yaşayacağam”.

Tarkan Yeni ili Azərbaycanda keçirəcəyini də istisna etməyib. O, konsertdən sonra İstanbula qayıdıb-qayıtmayacağını hələ dəqiqləşdirmədiyini bildirib: “Hələ ki, qayıdıb-qayıtmayacağımı dəqiqləşdirməmişəm. Yeni ili Bakıda keçirməyim də mümkündür. Bəlkə də ilk dəfə olaraq Yeni il gecəsi burada oldum”.

“Meqa-star” yeni il arzularını da dilə gətirib: “İki gündən sonra həyatımıza gələcək yeni ildə bütün insanlara can sağlığı arzulayıram. Sağlıq olmadan həyatda heç nəyə nail olmaq mümkün deyil. İnanıram ki, 2009-cu il dünyaya barış və sülh gətirəcək. İraqda, Fələstində gedən müharibələrə görə çox pis oluram. Bu insanlıqdan yad bir şeydir. Bu müharibələrdə uşaqların öldürülməsini qəbul edə bilmirəm. İnsanlıq adına buna görə xəcalət çəkirəm. Dünyaya barış arzulayıram”.

Qeyd edək ki, dekabrın 30-da Heydər Əliyev Sarayında Tarkan solo-konsert proqramı ilə çıxış edəcək. Konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR