Bank Of Baku

“Eurovision-2009” müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnının seçilməsi üçün müsabiqə elan olunub

“Eurovision-2009” müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnının seçilməsi üçün müsabiqə elan olunub
# 15 yanvar 2009 15:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnının seçilməsi üçün müsabiqə elan olunub. Bu barədə APA-ya məlumat verən “Eurovision” müsabiqəsində Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Leyla Əliyevanın sözlərinə görə, müsabiqəyə mahnı təqdim etmək istəyən peşəkarlar bir həftə müddətində öz musiqilərini İctimai Televiziya və Radio Verilişləri Şirkətinə (İTV) təqdim etməlidir: ”Bu mahnılar disk halında təqdim olunmalıdır. Müsabiqə üçün təqdim edilən mahnılar orijinal olmalı və 2008-ci ilin 1 oktyabrına qədər heç bir yerdə səslənməməlidir. Əsas şərtlərdən biri də mahnının səslənmə müddətinin üç dəqiqədən artıq olmamasıdır. Bu şərtlərə mahnı yazanlar üçün qapımız açıqdır”. L. Əliyevanın sözlərinə görə, ötən ilin oktyabrında İTV-nin daxilində “Eurovision-2009” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün qapalı şəkildə milli seçim keçirilib. Milli seçimdə 40-a qədər müğənni iştirak edib: “Onlar əsasən kanallarda keçirilən müsabiqələrdə iştirak etmiş gənclər və bir qədər də tanınmış müğənnilər idi. Onların adlarını rəsmən açıqlamırıq, amma demək istəyirik ki, bunlar hamısı rəsmən milli seçimlərdə iştirak ediblər. İTV-nin əsas hüquqlarından biri qapalı seçim keçirib və heç kimə həmin seçimi nümayiş etdirmədən qərar verə bilməsidir. Bu, bizim birbaşa hüququmuzdur. Bu o deməkdir ki, seçimlər qapalı aparılır və onlar nümayiş olunmayacaq”. L. Əliyeva onu da deyib ki, ötən ildən fərqli olaraq bu il iştirakçıların adları açıqlanmayacaq və milli seçim final gününə kimi musiqi nömrələri nümayiş olunmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR