Bank Of Baku

Sevda Ələkbərzadənin “Sevdalı dünya” albomu işıq üzü görüb

Sevda Ələkbərzadənin “Sevdalı dünya” albomu işıq üzü görüb
# 26 may 2009 13:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Almaniyanın “Network Medien GmbH” şirkəti ilə bağlanmış əməkdaşlıq haqqında müqavilə çərçivəsində 2009-cu ilin aprelində əməkdar artist Sevda Ələkbərzadənin “Sevdalı dünya” albomu işıq üzü görüb. APA-nın məlumatına görə, bu gün keçirilən albomun təqdimetmə mərasimində çıxış edən müğənni bildirib ki, alboma iki muğam, S. Rüstəmovun “Getmə-getmə”, C. Cahangirovun “Bana, bana gəl”, xalq mahnısı “Elə demə” daxil olmaqla, ümumilikdə 11 kompozisiya daxil edilib: “Albomda yer alan “Bayati Şiraz” ilk dəfə olaraq fortepianonun müşayiəti ilə ifa olunub. İkinci muğam olan “Bayatı Kürd” isə yeni aranjemanda alboma daxil edilib. Mən məhz bu albom üçün ilk dəfə olaraq Aşıq Veysəlin “Gündüz-gecə” türk mahnısını ifa etmişəm. Bu türk mahnısını çox fərqli oxumuşam. Yeni albomda “Natiq” ritm qrupunun ifasında “Sarı gəlin” və “Qobustan” kompozisiyaları yer alıb. Albomum Azərbaycanın aparıcı musiqiçilərinin canlı müşayiəti ilə yazılıb. Albom Cəfər Cabbarlı adına Azərbaycan dövlət kinostudiyasının, Azərbaycan Dövlət Filarmoniyasının səsyazma studiyalarında yazılıb. Albomun işlənib çapa hazırlanması Almaniyanın məşhur “Acoustic Entertainment” şirkəti tərəfindən görülüb”. S. Ələkbərzadə deyib ki, “Sevdalı dünya” albomu Avropanın və dünyanın bir çox ölkələrində satışa çıxarılıb. Azərbaycanda isə bu diskin satışa çıxarılması hüququ albomun istehsal olunduğu şirkətə məxsusdur. S. Ələkbərzadə qeyd edib ki, bu layihənin bütün geyimləri Azərbaycanın tanınmış modelyeri Fəxriyyə Xələfovaya məxsusdur. Müğənni bundan əvvəlki diskinin işıq üzü görməsində ona yardım edən xeyriyyəçi Nazim Abdullayevə minnətdarlığını bildirib. “Sevdalı dünya” albomunun Azərbaycanda geniş ictimaiyyətə təqdimetmə mərasiminin iyunun 9-da keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR