Bank Of Baku

Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək sənətçi və onun ifa edəcəyi mahnı noyabra kimi məlum olacaq

Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək sənətçi və onun ifa edəcəyi mahnı noyabra kimi məlum olacaq
# 28 avqust 2009 11:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Gələn ilin mayında Norveçin Oslo şəhərində keçiriləcək “Eurovision-2010” yarışmasında Azərbaycanı təmsil edəcək sənətçi və iştirakçının ifa edəcəyi mahnı bu ilin noyabrına kimi məlum olacaq. Bunu APA-ya açıqlamasında “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli deyib. O bildirib ki, “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün artıq I turu başa çatan milli seçimlərdə ancaq yerli sənətçilər iştirak edib: “Seçimlərdə iştirak etmək üçün xaricdən heç bir təklif gəlməyib. Seçimlərdə ancaq yerli sənətçilərimiz iştirak edib. Sözsüz ki, bu müsabiqədə duet formasında da, qrup şəklində də təmsil olunacağımız istisna deyil. “Eurovision” səhnəsində 6 nəfərdən ibarət musiqiçi ilə təmsil olunmağa icazə verilir. Bu hələ sonrakı mərhələdir. I turda bu müsabiqədə iştirak etmək istəyən sənətçilərin video-rolikləri hazırlanıb. Növbəti mərhələdə isə artıq həmin iştirakçılar arasından seçim ediləcək. Bu turdan 10 nəfər də keçə bilər, 5 nəfər də”. Z. Bədəlbəylinin sözlərinə görə, Azərbaycan təmsilçisinin seçilməsində xarici mütəxəssislərin də rəyi nəzərə alınacaq: “Həmin video-roliklər və səs yazıları milli münsiflərlə yanaşı, xarici mütəxəssislərə də göndəriləcək. İsveç, Ukrayna və digər ölkələrdəki mütəxəssislərə göndərilən bu səs yazıları əsasında ən yaxşı namizəd seçiləcək. Yəni Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək sənətçi, ya qrupun seçilməsində xarici mütəxəssislərin də məsləhətləri nəzərə alınacaq”.

Musiqi koordinatoru qeyd edib ki, milli seçimlərdə xaricdən heç bir təklif olmasa da, xarici bəstəkarlar tərəfindən artıq çoxsaylı təkliflər var: “İştirakçımızın ifa edəcəyi mahnı üçün bir sıra təkliflər var. Xarici bəstəkarlardan bir neçəsi artıq mahnılarının hazır olduğunu və bu mahnıları bizə göndərmək niyyətində olduqlarını bildiriblər. Ancaq hələ mahnı qəbulu elan olunmayıb və bu proses üçün çox tezdir. Biz onlara gözləməyi məsləhət görmüşük”. Z. Bədəlbəylinin sözlərinə görə, “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnının seçiminə iştirakçı məlum olduqdan sonra start veriləcək: “Artıq təmsilçimiz məlum olduqdan sonra mahnı qəbuluna başlanılacaq. Prosesin ardıcıl olaraq həyata keçirilməsi çox vacibdir. Sənətçi məlum olandan sonra mahnı seçimi asanlaşır”. Həm təmsilçinin, həm də mahnının noyabra qədər məlum olacağını deyən musiqi koordinatoru, bu proses başa çatdıqdan sonra müsabiqəyə hazırlıqlara start veriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR