Bank Of Baku

Avropa Yayım Birliyinin iclasında Azərbaycanla bağlı məsələyə baxılıb

Avropa Yayım Birliyinin iclasında Azərbaycanla bağlı məsələyə baxılıb
# 17 sentyabr 2009 13:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Sentyabrın 11-də Osloda “Eurovision” mahnı müsabiqəsinin Məşvərət Şurasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda 2010-cu ilin mayında Osloda keçiriləcək “Eurovision” müsabiqəsi ilə bağlı məsələlərlə yanaşı, “Eurovision-2009” müsabiqəsində erməni təmsilçilərinə səs göndərən Azərbaycan vətəndaşlarının istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlar da müzakirə olunub. Müzakirələr zamanı Avropa Yayım Birliyi müsabiqənin bütün iştirakçı ölkələri üçün yeni qayda tətbiq etmək qərarına gəlib. Yeni şərtə əsasən bundan sonra müsabiqə ərəfəsində hər hansısa bir ölkədə gizli səsvermə aparılsa, buna görə birbaşa məsuliyyəti təşkilatçı telekanal daşıyır. “Eurovision” mahnı müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi və Məşvərət Şurası qərara gəlib ki, səsvermə ilə bağlı anonimliyi hər hansı şəkildə poza biləcək məlumatların açıqlanmasına görə iştirakçı yayım şirkəti ciddi məsuliyyət daşıyır. Yeni qayda səs verənlərin şəxsi həyatına hörmət olunduğuna təminat verməyə yönəlib. Əgər bu baş verməzsə, Avropa Yayım Birliyi qaydanı pozan televiziyaya müvafiq sanksiya tətbiq edə bilər.

Qeyd edək ki, bir müddət əvvəl “Eurovision-2009” yarışmasında Ermənistan təmsilçilərinə səs verən Azərbaycan vətəndaşlarının MTN-ə çağırılaraq dindirilməsi haqqında xəbərlər yayılmışdı. Avropa Yayım Birliyi isə bu məsələdən xəbərdar olduğunu bildirərək, məlum məsələ ilə bağlı araşdırma aparıb. Araşdırma başa çatdıqdan sonra bir sıra xarici və yerli kütləvi informasiya vasitələri Azərbaycanın müsabiqədən üç il müddətinə uzaqlaşdırılacağı barədə məlumatlar dərc ediblər. Avropa Yayım Birliyinin yuxarıda qeyd olunan qərarı ilə Azərbaycanın “Eurovision-2010” müsabiqəsində təmsil olunmasını şübhə altına alacaq məsələlər həll olunub. Hazırda Azərbaycanda “Eurovision-2010” müsabiqəsinə hazırlıq prosesi davam edir və bu müsabiqədə ölkəmizi təmsil edəcək şəxs müəyyənləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR