Bank Of Baku

Türkiyənin tanınmış müğənniləri Hülya Avşar və Gülbən Ərgən azərbaycanlı modelyerə əməkdaşlıq təklif ediblər

Türkiyənin tanınmış müğənniləri Hülya Avşar və Gülbən Ərgən azərbaycanlı modelyerə əməkdaşlıq təklif ediblər
# 25 sentyabr 2009 15:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış sənətçiləri Hülya Afşar və Gülbən Ərgən Azərbaycanlı modelyer Gülnarə Xəlilovaya iş təklifi ediblər. Bununla bağlı APA-ya açıqlama verən Gülnarə Xəlilova müğənnilərinin onunla işləmək istəklərini yüksək qiymətləndirsə də, bu təklifləri dəyərləndirməyib: “Mənim bacılarım Türkiyədə yaşayırlar və bu ölkənin vətəndaşlarıdır. Kiçik bacım Türkiyədə diktorluq məktəbini bitirib və bir neçə il televiziya kanallarında fəaliyyət göstərib. Yəni mənim Türkiyə şou-biznesi ilə çox rahat əlaqə qurmaq imkanım var. Gülbən Ərgənə və Hülya Avşara hədiyyələr, eyni zamanda eskizlərimi göndərmişdim. Onlarda mənim işlərimi çox bəyənmişdilər və mənimlə əməkdaşlıq etmək istəklərini bildirmişdilər. Sadəcə burda hər şeyi məhv edib harasa getmək istəmədim və bunu mümkünsüz hesab edirəm. Bir əldə iki qarpız tutmaq qeyri-mümkündür. Şou və ya reklam xətrinə bunu etməyə dəyməz və mən belə şeyləri sevmirəm. Bəlkə də gələcəkdə bu cür təklifləri dəyərləndirib gedib haradasa yaşayacağam və xarici müğənnilərlə işbirliyi quracağam. Ancaq o gün bu gün deyil. Mənim bu gün Azərbaycanda işlərim həddindən artıq çoxdur”. Modelyer onu da qeyd edib ki, onun xarici moda festivallarında və həftələrində də çox hallarda iştirak etməməsinin səbəbi də məhz işlərinin çoxluğu ilə bağlıdır: “Azərbaycanda işlərim həddindən artıq çoxdur. Bu gün Gülnarə Xəlilova kinoda da, teatrda da fəaliyyət göstərir. Bu qədər işin arasında hər dəvəti qəbul edib getmək də qeyri-mümkündür. Xarici səfərlərlə bağlı bir çox təklifləri qəbul etməməyimin səbəbi maliyyə problemi ilə bağlıdır. Bu yaxınlarda Musiqili Komediya Teatrında “Arşın mal alan” tamaşasının premyerası keçirildi. Həmin tamaşanın eskizləri və geyimləri mənim idi. Hazırda isə “Aktrisa” adlı yeni filmin çəkilişləri gedir. Həmin filmdə də aktyorların geyimləri mənə məxsusdur. İş adamı üçün səfərlərə vaxt ayırmaq çox çətindir. Bu zamana kimi heç bir işi reklam olunmaq və ya gündəmdə qalmaq üçün etməmişəm, bu yola da heç bir zaman əl atmaram”. G. Xəlilova aparıcısı olduğu “İncə maraqlar” verilişinin də daha onun aparıcılığı ilə yayımlanmayacağını bildirib: “Bu verilişin bir dəfə aparıcısı oldum. Həmin verilişdə də qonaq Tünzalə Ağayeva idi. Sonra isə bəzi məsələlər məni qane etmədi və aparıcılıqdan imtina etdim. Eyni zamanda bu imtina daha çox işlərimin çoxluğu ilə bağlıdır”. Qeyd edək ki, “İncə maraqlar” verilişinin ilk və uzun müddətli aparıcısı əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR