Bank Of Baku

“Eurovision-2011” qaliblərinin prodüseri İsa Məlikov: “Eldar və Nigar “Dana İnternational” və Lenanın səhvini təkrarlamasalar, yaxşıdır” – MÜSAHİBƏ - FOTOSESSİYA

“Eurovision-2011” qaliblərinin prodüseri İsa Məlikov: “Eldar və Nigar “Dana İnternational” və Lenanın səhvini təkrarlamasalar, yaxşıdır” – <font color=red>MÜSAHİBƏ - FOTOSESSİYA</font>
# 08 iyun 2011 08:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın tanınmış prodüseri və bəstəkarı, Azərbaycana “Eurovision” müsabiqəsində qalibiyyət gətirən Eldar və Nigarın prodüseri İsa Məlikovun APA-ya müsahibəsi

- Azərbaycana “Eurovision” qələbəsini gətirən Eldar Qasımov və Nigar Camalla prodüser kimi işləmək sizə həvalə olunub. Qaliblərlə işləmək çətinliyi sizi qorxutmur ki?

- Eldar yanıma “Eurovision” müsabiqəsinin qalibi kimi gəldi. Onu milli seçimlərdən tanıyırdım. Çox sevindirici haldır ki, nə Nigar, nə Eldar ulduz xəstəliyinə tutulmayıb və ümumiyyətlə bu xəstəlikdən uzaqdırlar. Dekabrda Eldarla Nigar necə var idisə, böyük qələbədən sonra da eyni səmimiyyəti saxlayıblar. Hər zaman dünya ulduzlarına fikir verirdim. Onların belə bir xüsusiyyəti var, çox səmimidirlər və heç kim deməz ki, onlar ulduzdur. Hər zaman düşünürdüm ki, axı niyə bizim şou-biznes üçün bu nadir hal hesab olunur? Bizim şou-biznesdə bir balaca uğur qazanmış müğənni artıq yerə-göyə sığmır. Bu məsələdə bir balans olmalıdır. Eldar və Nigar isə özlərini dünya ulduzları kimi səmimi aparırlar.

- “Eurovision”da qələbə qazanmaq üçün bu keyfiyyətə mütləq şəkildə yiyələnmək lazımdır. Ulduz mediaya, insanlara nə qədər yaxın olursa, bir o qədər çox sevilir...

- Bəli, tamamilə razıyam. Eldar və Nigarın mətbuat konfranslarında özlərini aparmaları, sualları cavablandırmaları bu gün də danışılır. Avropa mediası ilə sıx əlaqədə olmaları bu günün özündə də onlar haqqında müsbət fikirlər formalaşdırır.

- Siz əvvəl Nigarın prodüserliyini həyata keçirirdiniz. Bəs, Eldarla işləmək kim tərəfindən təklif olundu?

- Bunu qarşılıqlı təklif olaraq qiymətləndirmək daha düzgün olar. Düsseldorfda Eldarla bununla bağlı söhbət etmişdik, o da mənə öz fikrini demişdi. Eldar artıq Ukraynanın “Euromedia” şirkəti ilə işbirliyinə başlayıb. Əlbəttə ki, Eldar üçün mahnı seçimi etmək, albom hazırlamaq, çox işlər görmək lazımdır. Mən hələ əvvəldən Eldarla işləmək istəyimi bildirmişdim, əgər Eldar razıdırsa, mən çoxdan razıyam. Bir həftə bundan öncə Eldarla və həmin Ukrayna şirkəti ilə danışdıq ki, hamımız birgə çalışacağıq. Yəni Eldarın səhnə həyatını bir yerdə hazırlayacağıq. Eldarın Azərbaycan üçün nəzərdə tutulan layihələri, eyni zamanda albomu ilə məşğul olacağam. Sözsüz ki, yerli şou-biznesi başqa ölkə şou-biznesindən daha çox bilirəm. Eldarla işləyən şirkət Avropa və digər ölkələrdə onun işlərini görəcək. Eləcə də Nigarla bu cür işbirliyində olacağam.

- Qaliblərimizin Azərbaycanda konsertini planlaşdırırsınızmı?

- Mütləq olmalıdır və biz bunu planlaşdırırıq. Onlar konsertlər verməli, layihələrdə iştirak etməlidirlər. Hazırda əsas məsələ onlara proqramının yığılmasıdır. Ən azı hər birinin bir saatlıq proqramı olmalıdır. Eldar və Nigarın albomlarında mənim mahnılarım da olacaq. Stefan Örn də onlar üçün mahnı yazır. Çox istəyirəm ki, digər xarici ölkə və Rusiyanın musiqiçilərini də bu işə cəlb edim. Albomlar hazır olandan sonra həm Bakıda, həm də bölgələrdə turne şəklində konsertlər təşkil olunacaq.

- Hər zaman yaddaqalan layihələrə imza atan İsa Məlikov Eldar və Nigar üçün nələr planlaşdırır?

- Eldar və Nigar Azərbaycana “Eurovision” qələbəsini gətirən iki primadır. Prima olaraq da biz istəyirik Eldarın öz solo albomu, Nigarınsa öz solo albomu olsun. Bu o demək deyil ki, Eldar və Nigar dueti dağılır, parçalanır. Duet olaraq onlar yenə də “Running Scared”i, bəlkə də başqa mahnıları oxuyacaqlar. Amma hər birinin ayrı-ayrılıqda solo karyerası olacaq. Hazırda danışıqlar gedir və hər ikisi ayrı-ayrılıqda dünya ulduzları ilə duet oxuyacaqlar. Amma hələlik onların duet ortaqlarının adlarını açıqlamaq istəmirəm.

- Böyük qələbədən sonra dünya mediası ilə yanaşı, yerli mətbuat orqanlarında da bu qalibiyyətə dair müəyyən xoşagəlməz məqamlar yer aldı. Bu cür yanaşmaları necə qarşıladınız?

- Bu xoşagəlməz haldır. Qalibi tənqid etmək, nə isə demək doğru deyil. Qalib artıq qalibdir. Əsas da öz qaliblərimizə bu cür yanaşmaq doğru deyil. Azərbaycanın qabiliyyətinə ləkə salmaq insafsızlıqdır. Onsuz da bir çox ölkələr buna çalışır, bunu özümüz etməməliyik. Əgər qalibiyyətimizə özümüz belə ləkə salmaq istəyirlərsə, o zaman bizə düşmən lazım deyil. Hər birimizin əsas missiyası qalibiyyətimizi daha da yüksəltməkdir. Sevinirəm ki, bu cür yanlış düşüncəyə sahib olan insanlar azlıq təşkil edir. Bu, Azərbaycanı sevməmək deməkdir. Biz Düsseldorfda birgə idik və qalibiyyətdən sonra mən Azərbaycan bayrağı ilə bütün “Esprit Arena”nı dövr edib hamının içində “mən fəxr edirəm ki, azərbaycanlıyam” deyərək qışqırırdım. İndinin özündə də danışıram və gözlərim dolur.

- Azərbaycanı “Eurovision”da təmsil etməsi üçün Nigar Camalın namizədliyini məhz siz irəli sürmüsünüz. İlk dövrlər, elə milli seçimlərdən sonra da bəziləri Nigar Camala inamsız yanaşırdı, hətta bəzən iddialı açıqlamalar da olurdu...

- İlk əvvəl mən qələbəmizə çox sevinirəm. Rusların bir fikri var - nə qədər insan, o qədər fikir... Hər bir insan subyektiv fikrə malikdir və bu normal haldır. Nigar hamıya sübut etdi ki, bu seçim doğru idi. Eldar və Nigar dueti çox uğurlu alındı. Onların ikisinin də bir-birini hər baxımdan tamamlaması hamıya sübut olundu.

- Siz özünüzü yəqin ki, qalib prodüser olaraq hiss edirsiniz.

- Sadəcə olaraq prodüserəm və işimi sona kimi bu cür aparmaq istəyirəm. Qalib deməzdim, işləyən prodüserəm. İşləməyi çox sevirəm. Hər kəsin öz yolu var. “Eurovision” müsabiqəsində Azərbaycanın qalibiyyəti ölkəmizin inkişafını, sıçrayışla irəliləyişini göstərir. Gün gələcək ki, biz Mərkəzi Avropa ölkələrindən də yüksəkdə olacağıq. Azərbaycan çox iri addımlarla irəliləyir.

- Azərbaycanın bu müsabiqədə 4 illik təmsilçiliyi ərzində İsa Məlikovun adı daima hallanıb və öz dəsti-xəttinizlə, layihələrinizlə seçilmisiniz. Üçüncülük qazanan Aysel Teymruzadə, ötən ilki seçimlərdə iştirak edən Elli və bu il Nigar Camal. Yəni Siz artıq Azərbaycana qələbə qazanmış bir təmsilçini göstərdiniz. Bundan sonra da bu sahədə işinizi davam edəcəksinizmi, yoxsa artıq “bitdi” deyirsiniz?

- Bu məqamda yadıma Filipp Kirkorovdan bir sitat düşür. O deyir ki, “mən hər il deyirəm artıq bitdi, ancaq bu pis bir vərdişdir”. Qalibiyyətdən dərhal sonra dedim ki, “İsa artıq nöqtə vuruldu, qurtardıq”, ancaq yenə də kənarda qala bilmirəm. İndi də deyirəm, bu il də iştirak edim, namizəd tapım, göstərim və daha olmayacaq.

- Yəqin bu məqsədlə sizə artıq çox müraciətlər var?

- Gənc istedadlar çoxdur və hazırda məlumat bazam çox böyükdür. Hamı özünü göstərmək istəyir və düşünürəm ki, bunu etməsəm, günah olar. Yəqin ki, kimisə tapıb ortaya çıxaracağam. Müraciət edənlərin arasından daxilimdə seçim aparıram. Mütləq xarici görünüş, xarici dilə yiyələnməsi, musiqi duyumu olmalıdır. İngilis dilini bilməməsi mənim üçün qəbahətdir. Yaxşı səsi olsa da, xarici görünüş və dil bilgisinin olmaması ilə barışa bilmərəm. Artıq səhnə tendensiyası dəyişib. Ötən il Nigarı 20 nəfərin arasından seçmişdim. Amma Ayseli seçəndə 55 namizəd var idi və maraqlıdır ki, elə 55-ci Aysel idi. Mən Nigarı ortaya çıxarmalı idim, çünki o bu müsabiqə üçün bütün formatlara uyğundur. İlk əvvəl sadəliyi, tamaşaçıları özünə cəlb etməsi, səhnədəki səmimiliyi, danışıq qabiliyyəti. Nigarla Eldarın Düsseldorfda jurnalistlərlə bəzi zarafatları artıq dilimizdə əzbər olub. Nigar sonuncu dəfə səhnəyə 21 yaşında çıxmışdı, ondan sonra artıq musiqi fəaliyyətini dayandırdı və iqtisadçı olmaq istədi. 9 ilə yaxın musiqi ilə məşğul olmayan birinin yenilənmiş formada səhnəyə çıxması möhtəşəm idi və mən yanılmadığım üçün xoşbəxtəm.

- Bu il seçimlərə qız, yoxsa oğlan namizəd hazırlamaq fikriniz var?

- Mənim işbirliyim qızlarla daha yaxşı alınır. Bəlkə də bu ondan irəli gəlir ki, iş modelim, iş prinsipim, mahnılarım qızlarla işləməyə daha çox cavab verir. Bilirsiniz, qız müğənnilərdə oğlanlardan daha çox səmimilik görürəm. Eldar ilk oğlandır ki, səhnədə görəndə ona inandım. Çox heyf ki, bu illər ərzində Eldar mənim qarşıma çıxmayıb. Ancaq yenə də qismət, bu gün də onunla işləyirəm.

- Prodüserlikdən əlavə, siz peşəkar bəstəkarsınız və bu gün bir çox hitlər sizin adınızla bağlıdır. Niyə bəstəkar olaraq bu müsabiqəyə qatılmırsınız?

- Bəstəkar kimi bu il iştirak etmədim, çünki milli seçimdə çox yorulduq və bütün enerjim getdi. Artıq may ayına qədər mən enerji toplamalı idim. Fevralda hamı mənə dedi ki, vaxt var və mahnı təqdim edə bilərsən. Ancaq beynim artıq işləmirdi və imkanım olsaydı, həmin vaxt uzaq bir adaya gedib telefonlarımı söndürüb, beynimə dinclik verərdim. Keçən il mahnı təqdim etmişdim, ancaq başqa mahnı seçildi və orada bir problem görmədim. Məncə ötən ilki mahnımız kifayət qədər uğurlu olmuşdu. “Drip drop” mahnısını eşidəndə, “yox, mənim mahnım seçilməli idi” deməmişəm. Obyektiv yanaşdım və bilirdim ki, mahnı uğur qazanacaq. Əlbəttə ki, Azərbaycan bəstəkarı ilə təmsil olunmağımız pis olmazdı. Ancaq, hazırda dünyanın inteqrasiya dövründə bu adi bir haldır. Sözsüz, bizim üçün çox xoş olar ki, mahnıların altından Azərbaycan bəstəkarının adı yazılsın. Əminəm ki, yaxın gələcəkdə bu cür də olacaq. Prioritet olaraq bizim uğurumuz daha vacibdir. Bu o demək deyil ki, Azərbaycan bəstəkarı pis, İsveç bəstəkarı isə yaxşı mahnı yazır. Sadəcə təsadüf idi ki, iki il ard-arda İsveçin mahnısı şou konyukturuna daha çox uyğun gəldi.

- Stefan və Sandra qalibiyyətdən sonra bizə verdikləri müsahibədə bildirdilər ki, bu qalibiyyət məhz Nigar və Eldarın işgüzarlığı, zəhmətkeşliyi sayəsində əldə olunub. Doğrudan mahnı, səhnə dekorasiyası, geyimlər burada rol oynamır?

- Eldar və Nigar əlbəttə ki, ilk sıradadır. Məhz onların simasında bu qələbə sevincini yaşadıq. Amma bu aysberqin yuxarı hissədir, aşağı hissəsində böyük bir komanda var. Burada kreativ resurslar, inzibati işlər, böyük piar kampaniyası var və hər bir kəsin əziyyəti göz önündə idi. Bu il bizimkilərin piar kampaniyası çox gözəl, incə alındı. “Eurovision” müsabiqəsinə bağlı olan strukturlar, aidiyyəti olan hər bir insan çox gözəl şəkildə işlədi.

- Maraqlıdır, artıq “Eurovision” ulduzları ilə işləmək imkanı qazanan İsa Məlikov dünya ulduzlarından kiminlə işləmək arzusundadır?

- Mənim sevimli müğənnilərimdən biri Kreyk Deviddir. Məndə o müğənninin bütün albomları var və onun sənətinə hədsiz hörmət bəsləyirəm. Amma bu gün Kreyk Devid mənə zəng edib onun prodüseri olmamı istəsə, “yox” cavabı verərəm. Çünki hə deməyə utanaram, axı Kreyk Devidin yanında elə onun özü səviyyəsində bir prodüser olmalıdır. Bəlkə də bir neçə ildən sonra artıq özümü buna hazır hiss edəcəyəm və bilmədiklərimi öyrənəcəyəm. Ancaq hazırda özümü “Eurovision” qaliblərinin prodüseri kimi rahat hiss edirəm. Hər zaman özümə tənqidi yanaşıram və düşünürəm ki, özünə kənardan baxa bilməyən insan uğur qazana bilməz. Əgər bunu nə zamansa bacarmasam, həmin gün həyatımda uğursuz günün başlanğıcı olacaq.

- Sizin üçün prodüserliyin pik nöqtəsi nədir?

- Həyatda bir neçə pik nöqtələrim olacaq, ancaq ilk pik nöqtəm layihəmin dünyada rotasiya olunan “MTV Base”, “Music Box”, “Viva”, “VH1”də yayımlanmasıdır. Hazırda bu mənim üçün o qədər də əlçatmaz nöqtə deyil. Həyatda ən böyük arzum “Grammy” mükafatını almaqdır. Bu arzuya doğru getmək istəyirəm.

- Mən bildiyim qədəri ilə Azərbaycanda heç bir həmkarınızla dostluq münasibətiniz yoxdur?

- Bəli, heç bir prodüserlə dost deyiləm. “SS Production”un rəhbəri Aysel Rəcəbli ilə yaxşı tərəfdaşıq və düşünürəm ki, prodüserlik aləmində adekvat bir insandır. Prodüser müğənninin dəsti-xəttindən başlayaraq onun kreativ resurslarına qədər hər şeylə məşğul olmalıdır. Bu çox böyük və məsuliyyətli sahədir. Bu sözün altında çox şey var, sadəcə bunu bu gün Azərbaycanda anlamaq istəyən yoxdur. Çox qəribədir, hərdən daxilimdə prodüserliklə bəstəkarlıq savaşır.

- Bir neçə müddət əvvəl sizin prodüser məktəbi açmaq istəyinizi eşitmişdik, ancaq deyəsən bu arzunuzu hələ də reallaşdırmamısınız?

- Bəli, belə bir istəyim var, ancaq hələ tezdir. Mənim stolüstü kitabım var, deyə bilərəm ki, hətta təlimatımdır. Bu, Donald Pasmonun “Musiqi biznesi haqqında hər şey” kitabıdır. Bu kitab 11 dəfə yenilənmiş variantda nəşr olunub. Donald Pasmon bu sahədə yeni nələrsə kəşf edib, dəyişib və bunu kitabında da göstərib. O kitabda bəzi məqamlar var ki, Azərbaycanda bunlardan istifadə etmək hələ tezdir. Bəlkə də bir neçə ildən sonra bu artıq mümkün olacaq. Hər dəfə oxuyuram o kitabı və düşünürəm – necə ağıllı insandır ki, bu cür kitabın müəllifidir. Valeriyanın həyat yoldaşı İosif Priqojinin də “Siyasət şou-biznesin zirvəsidir” kitabı var. Donalddan, Priqojindən iş prinsiplərini götürüb öz iş prinsipimi də qatıb bir kokteyl şəklində istifadə edirəm. 10-15 il keçəndən sonra mütləq öz kitabımı yazmaq istəyirəm. Əminəm ki, gələn il Azərbaycanda möhtəşəm bir “Eurovision” olacaq. Yana Çurikovanın sözü olmasın, “İndi görəcəksiniz ki, “Eurovision”u necə keçirmək lazımdır”. Xarici müğənnilərlə işləmək mənim üçün çox maraqlıdır, çünki yeniliklər olur.

- Eldar və Nigarın “Eurovision” müsabiqəsində ikinci təmsilçiliyinə necə baxırsınız?

- Şəxsən mən istəməzdim. Onlar artıq qalib kimi yadda qaldılar və “Eurovision” tarixinə düşdülər. Onlar “Dana İnternational” və Lenanın səhvini təkrarlamasalar yaxşıdır.

- İsa, Sizin həyat yoldaşınız Paulina Məlikova əslən polyakdır. Azərbaycan vətəndaşlığını qəbul edibmi?

- Paulina 2 yaşından bəri Azərbaycanda yaşayır. Azərbaycan dilini çox gözəl bilir və əslən polyakdır. O, Azərbaycan adət-ənənələrini məndən də yaxşı bilir. Müqəddəs Qurban bayramında və digər milli bayramlarda zəng edib anamı təbrik edir. Müsəlmanlığı da qəbul edib. Paulina hər zaman Azərbaycana azarkeşlik edir və buranı çox sevir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR