Xalq artisti İlhamə Quliyeva: “Övladımın toyuna heç zaman türk müğənnisi gətirmərəm”
31 may 2007 10:26 (UTC +04:00)
“Övladımın toyuna heç zaman türk müğənnisi gətirmərəm”. Bu sözləri APA-ya müğənni Nüşabə Ələsgərlinin oğlunun toyuna türk müğənnisi İbrahim Tatlısəsi dəvət etməsinə münasibət bildirən xalq artisti İlhamə Quliyeva deyib. İ. Quliyeva vurğulayıb ki, övladının toy mərasimində kənar müğənnilər iştirak etməyəcək: “Çünki başqa yerdən sənətçi gətirməyə lüzum yoxdur. Azərbaycanda yetərincə istedadlı müğənnilər var. Öz müğənnilərimizə nə gəlib ki? ”. İ. Quliyevanın bu açıqlamasına münasibət bildirən Nüşabə Ələsgərli xalq artistinin fikrinə hörmətlə yanaşdığını deyib: “İlhamə Quliyevanın bu fikrini hörmətlə qarşılayıram. Zövqlər müxtəlif olur, o istəmir, mən istəyirəm. Sabah mənim bacım oğlunun toyunda da yerli müğənnilərə müraciət edəcək”. İbrahim Tatlısəsin artıq Bakını tərk etdiyini deyən N.Ələsgərli onun bu gəlişinin pulsuz başa gəldiyini də vurğulayıb: “İbrahim Tatlısəslə bizim əlaqələrimiz çox yaxındır. Onun bu səfəri üçün mən heç bir məbləğ ödəməmişəm. Ancaq yol haqqını ödəmişəm”. /APA/