- Açığı, bu gün ciddi əsərlərə, ciddi musiqiyə qulaq asmırlar. Bəzi kanallar dedi-qodulara daha çox yer verirlər, nəinki ciddi musiqiyə. Mənim ifa etdiyim ciddi əsərlərdir. Yəqin ki, bu üzdən çox az-az efirlərdə yayımlanır. Xalqın musiqi zövqünü pozublar. Bu gün bəzi telekanallar xalqın musiqi zövqünün, gələcək nəslin tərbiyəsini pozan verilişlər yayımlayırlar. Bir dəfə yox, iki dəfə yox, 5-10 dəfə. Bu o demək deyil ki, bütün xalqın musiqi zövqü pozulub. Xeyr, ziyalılarımız, ahıllarımız hər zaman mənim ifa etdiyim mahnıları sevə-sevə dinləyirlər.
- Bir çoxları düşünür ki, Nazpəri Döstəliyeva və bir çoxları müharibə zamanı Azərbaycan incəsənətinin durğunluq dövründən istifadə edərək səhnəyə çıxıblar...
- Xeyr, heç də belə deyil. Biz əxlaqın, tərbiyənin, musiqinin dürüst vaxtında səhnəyə gəlmişik. Bu gün senzuranın olmaması, bəzi efirlərin nəyinsə xatirinə nələrisə yayımlaması, xalqa gərəkli olmayan mahnıların hər zaman “raskrutka” etməsi əlbəttə ki, sənəti olan sənətkarları utandırır. Bax, o insanlardan biri də mənəm. Mən özümə və sənəti olan əsil sənətkarlara Allahdan səbr diləyirəm. Biz səbirli olmalıyıq və bu durğunluğu da keçməliyik.
- Bacınız Zeynəb Dostəliyevanın Sizin ünvanınıza dediklərinə nə cavab verərdiniz?
- Heç bir söz deməyəcəyəm. Bir şeyi istəyirəm hamı bilsin ki, mənim bacım xəstədir. Televiziya kanalı mənim bacımın xəstələyindən istifadə etdi və edir də. Hər şeyi Allahın öhdəsinə buraxıram.
- Həmin telekanalla aranızda hər hansı problem olub?
- Mənim heç kimlə münaqişəm olmayıb. Bu, sırf mənə ünvanlanıb. Səbəbi də odur ki, bacım iştirak edən verilişdə iştirak etməkdən imtina etmişəm. Çünki mən şəxsiyyətimi, mənəviyyatımı, adımı, ailəmi, sənətimi qoruyan bir insanam və bunu da hamı bilir. Bu üzdən də mən o televiziyada yayımlanan proqramlardan imtina etmişəm. Mən imtina etmişəm, soruşa bilərsiniz. Mən o kanala çıxmağa etiraz edirəm. Heç kim deyə bilməz ki, mənə qadağa qoyulub. Son zamanlar etiraz etməyə başlamışam. O zamanlardan ki, Nazpəri Dostəliyevanın da bir saniyəsi 1500 dollardır.
- Amma bacınız Zeynəb Dostəliyevanın iştirak etdiyi verilişdə Sizin də fikirləriniz yayımlandı...
- Yalan dil ilə. Onlar mənimlə öz aralarında söhbət edib, sonra onu yazıb efirə veriblər. Ancaq orada qorxulu heç bir şey yox idi, mən olanları dedim.
- Bəs Pərvanə Dostəliyeva kimdir?
- Pərvanə, Dostəliyeva soyadını daşımır. Ona görə qardaşımın ailəsi dağıldı. Zeynəb deyir ki, Pərvanə bizim qardaşımız qızıdır. Xəstə olmasa, ağlı başında olsa, küçə adamlarını gətirib ailəsinin üzvü eləməz.
- Bacınızla küsülüsünüz?
- O xəstədir, mən ondan uzağam.
- Neçə müddətdir əlaqə saxlamırsınız?
- Çox uzun müddətdir. İndi mən durub bunun səbəblərini danışsam, eyib olar. Bitdi bu söhbət! Onunla bağlı sualları cavablandırmaq istəmirəm.
- Artıq bir müddətdir ki, Sizin imicinizdə nəzərəçarpacaq dərəcədə dəyişiklər var. Bunu Röyanın Sizə qarşı ünvanladığı tənqidlərindən nəticə çıxarmanız kimi qiymətləndirmək olarmı?
- Bu, gülməli haldır. Mən neçə ildir səhnədəyəm və hər il geyimimi dəyişirəm. Bundan sonra da dəyişəyəcəm. Leyla Əhmədovanın, Syamanın, Günelin kolleksiyasını geyinirəm. Öz kolleksiyamı ortalığa çıxarıram. Mənim üçün Roya kimi uşaq-muşağın sözünə baxmaq eyib və gülməli olar.
- Qadın pərəstişkarlarınız çoxdur?
- Bu, 1996-cı ildən bu günə qədər belədir - istər saç düzümündə, istər üz quruluşunda, istərsə də oxumaq tərzində özünü mənə oxşadanlar var. Hətta ustaların yanına gedib xahiş edənlər var ki, məni Nazpəriyə oxşadın. Bu, çox gözəl haldır. Mən bunu heç də pis qiymətləndirmirəm. Bu, onların Nazpəriyə və Nazpərinin sənətinə olan məhəbbətini göstərir. Bir də ki, nəyi pisdir bunun? Azərbaycanda gözəl qızların sayı artır.
- Bədxahlarınız necə, çoxdur?
- Həddindən artıq çoxdur. Bu, yalnız məni gözü götürməmək deyil. Mənim quru canımın səhnəyə çıxmağı çoxlarını partladır, çoxlarının gözünü kor, qulağını kar, dilini lal edir. Bu günə kimi susmuşam, yenə də susacağam. Çünki hər zaman o insanlara Allah qarşılığını verib. Özləri yorulub otutublar. Özümdən əl çəkdilər, nəhayət yoruldular, övladıma böhtan atmağa başladılar ki, guya oğlum həbs olunub. Mən onları məhkəməyə verdim və sübutları olmadığından, öz cəzalarını aldılar. Bu böhtanlardan bezən yaxınlarım istəyir ki, mən sənətdən çıxım gedim. Çünki bədxahlarım dözdülər, dözdülər, dözdülər, axır ki, partladılar.
- Bacınız belə dözə bilmədi?
- Kaş nələr baş verdiyini açıqlaya bilərdim. O zaman nələr baş verdiyini insanlar görərdi. Mən balamın toyunda gecə-gündüz göz yaşı tökdüm ki, kaş bacım duraydı mənim qapımda, balamın xınasını yaxaydı əlinə. Mən göz yaşı axıtdım ki, kaş bacım olaydı balamın toyunda, qol qaldırıb oynayaydı. Allah mənə güc və səbir versin ki, susum və dözüm.
- Susmaq çıxış yoludur?
- Biri od olanda, biri su olar deyərlər, mən suyam. Mən tək olsaydım, bu əzaba dözərdim. Mənim qardaşlarım əzab çəkir, oğullarım zülm çəkir.
- Qardaşınızın küçədə maşın yuması haqda deyilənlər doğrudur?
- Yalan söhbətdir, elə şey yoxdur. Hər kəs öz əməlinə görə yaşayır, heç kim heç kimə aparıb çörək vermir, heç kim heç kimə hörmət qazandırmır. İnsan gərək həyatda səhvə yol verməsin, ağıllı olmaq lazımdır. Mən nə edim ki, beş barmağın beşi də eyni deyil.
- Bir dəfə həmkarlarınızdan biri Sizə eyhamla “məni ki, saçımdan tutub sürüməyiblər” demişdi. Doğrudanmı, sizi saçınızdan tutub sürüyüblər?
- Gəlin, bu haqda söhbət etməyək. Çox şeylər olub.
- Siz sənətə gəldikdən bu günə kimi müxtəlif vaxtlarda adınız müxtəlif məmurlarla hallanıb...
- Mən həmişə dövlət tədbirlərində iştirak etmişəm. Buna görə də haqqımda müxtəlif söhbətlər danışıblar. Sadəcə, hərə öz tərbiyəsinə, düşüncəsinə görə fikir yürüdürlər. Onların ağızlarını mən yuma bilmərəm ki? Mən xoşbəxtəm ki, məhz Heydər Əliyevin imzası ilə əməkdar artist adı almışam.
- Sizcə, xalq artisti adının vaxtı deyil?
- Bu sualı xalqa verin. Heç nədə gözüm yoxdur.
- Əsəbisiniz?
- Çox. Həm əsəbiyəm, həm də özümü çox pis hiss edirəm. Böhtanlar, haqsızlıqlar mənə çox pis təsir edir. Səbirsiz olmuşam. Amma göydə Allah, yerdə pərəstişkarlarım məni sınmağa qoymaz.
- Plastik əməliyyat keçirmisiniz?
- Plastik əməliiyatın elə bir böyük şayiəsi oldu ki. Nazpərini öldürdülər də, diriltdilər də. Amma gördüyünüz kimi, gözünüzün önündəyəm.
- Dövlət tədbirlərinə necə, dəvət alırsınızmı?
- Bundan öncə çox tez-tez dövlət tədbilərinə dəvətlər alırdım. Heydər Əliyevin dövründə bütün dövlət konsertlərinin ən öndə gedən iştirakçısı mən olmuşam. Amma bu gün çox az-az dəvət alıram. Səbəbini bilmirəm. Bu günün özündə də dövlət adamlarının 95%-i mənim sənətimə, şəxiyyətimə hörmət edir. Ancaq işi aşağıda həll edirlər, yuxarıda deyil.
- Sizə qarşı bu cür münasibət davam etsə, sənətdən uzaqlaşa bilərsiniz?
- Heç zaman sənətdən uzaqlaşmayacağam. Ölənə kimi bu sənəti davam etdirəcəyəm. Mənim sənətim bədxahlar, paxıllar üçün yaranmayıb ki, onların söz-söhbətləri ilə sənətimdən ayrılım. Məni sevənlərə və sənətimə qiymət verənlərə ölənə kimi xidmət edəcəyəm. Bəla budur ki, həmyaşıdlarım yox, məndən yaşlılarının məni görməyə gözləri yoxdur.
- Bir sıra ölkələrdə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinə dəvət olunursunuz?
- Bu ərəfələrdə mən yox, tamamilə başqa-başqa adamlar gedir. Buna da mən çox əhəmiyyət vermirəm.
- Keçirilən müsabiqələrdə münsiflər heyətinə dəvət olunursunuz?
- Mən çağırılmamış yerə heç zaman getmirəm. Belə bir dəvət olmayıb. Bunun əsas səbəbi odur ki, çox zaman Bakıda olmuram. Nə qədər az olsam, bir o qədər yaxşıdır.
- Tələbələriniz var?
- Tələbəm yoxdur. Bir qardaşım qızı var Aygün. Onu efirə çıxarmağa hazırlaşıram. Bunu da görəcəksiniz.
- Yaradıcılığınızda hansı yeniliklər var?
- Şükürlər olsun ki, istirahətdən və övladımın toyundan sonra enerji toplayıb işə başlamışam. Artıq sözləri və musiqisi Gövhər Həsənzadəyə məxsus olan “Yağış” klipini çəkdirmişik. Klipin rejissoru Natiq Novruzovdur. Hazırda isə növbəti klipin çəkilişlərinə hazırlaşıram. Ramazan ayında İmişli rayonunda məskunlaşmış məcburi köçkünlər qarşısında konsert verdim. Yəqin yaxın günlərdə qocalar evində də konsert verəcəyəm. Ramazan ayında yalnız xeyirxah işlərlə məşğulam. /APA/