Bank Of Baku

Tolik: “Mən Röyanı sevirəm”

Tolik: “Mən Röyanı sevirəm”
# 30 oktyabr 2007 09:39 (UTC +04:00)
“Mən 6 ay evli olmuşam. 1999-cu ildə Aynurə adlı qızla ailə qurmuşam. 6 aydan sonra isə anası bizi ayırdı”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan şou-biznesində bir çox müğənninin prodüseri kimi tanınan Tolik deyib. İki ilə yaxın Almaniyada yaşadığını bildirən prodüser, orada Azərbaycan diasporunun təşkil etdiyi tədbirlərdə iştirak etdiyini və Dünya Azərbaycanlıları Konqresinin üzvü olduğunu söyləyib: “Mən orada İlhamə Quliyeva ilə tanış oldum, ona çox darıxdığımı dedim. İlhamə xanım isə mənə onunla birgə Bakıya gəlməyi məsləhət gördü. İlhamə Quliyeva mənə çox köməklik edib, məni şou-biznesə o gətirib. O vaxtlar şou-biznesdə heç kimi tanımırdım”. Həyatında Röyanın da çox böyük rolu olduğunu vurğulayan Toliki onu Röyanın icad etdiyini deyib: “Röya hər zaman deyirdi ki, mənim həyatım hər zaman onunla bağlı olacaq. Düz deyib, mənim həyatım Röya ilə bağlıdır. İndiyə kimi də zəng edib, Röyanı məndən soruşurlar. Röyanın mahnıları mənim həyatımın stimuludur. İlhamə xanımdan sonra Röyanı tanımışam. Röya Toliki icad edib şou-biznesə bəxş edən insandır. Tolik adını da mənə Röya verib, buna görə heç vaxt adımı dəyişdirməyəcəyəm. Mən bu günə kimi Röyanın yazdığı sms-ləri saxlayıram. Röya ilə mən dost yox, bir ailə idik. O da bilir ki, mən onu çox istəyirəm. Mən Röyanı sevirəm, onu hər zaman qısqanmışam. Bilmirəm bu nə hissdir. İstəyərdim ki, o, dünyanın ən xoşbəxt qadını olsun, analıq zirvəsinə ucalsın. O, həqiqətən də, çox gözəl ana olacaq. İnanmazdım ki, Röya nə zamansa məndən doyacaq, Röya mənim içimdə, daxilimdədir. Onu heç zaman içimdən çıxara bilməyəcəyəm. Röyanı mənim əlimdən aldılar. O, həmişə mənə deyirdi ki, “Tolik mənə elə gəlir, biz ömürlük bir yerdə olub, bir yerdə qocalacağıq”. Bilsəydim ki, Röya ilə işbirliyimiz alınmayacaq, Röyanı itirəcəyəm, əvvəldən onunla bir yerdə işləməzdim, ancaq ömürlük dost olardıq. Mən həmişə onun mahnılarına qulaq asıram, elə bilirəm ki, bütün mahnılarını mənim üçün oxuyur. Röya mənə həm ata, həm ana, həm bacı, həm də qardaş olub”. Bununla belə, Tolik Röyadan üzr istəmək fikrində olmadığını bildirib: “Heç vaxt ondan üzr istəmərəm. O məni heç nəyə görə yerdən-yerə vurdu. Bu yaxınlarda bir falçı dedi ki, 42 gündən sonra adı “R” hərfi ilə başlayan, sevdiyim bir şəxslə barışacağam. Gəlib oteldə o qədər ağladım ki... Amma bilirəm ki, Röya məni heç vaxt bağışlamayacaq. Mən onu yaxşı tanıyıram. Ailə qursam, gərək bütün toyumu Röya aparsın. Röya mənim yanımda Röya olub, mən onu tanıyanda Röya indiki səviyyədə deyildi”. Aygün Kazımovaya yalvarması barədə yayılan söz-söhbətlərə də aydınlıq gətirən Tolik bunun yalan olduğunu deyib: “Röya deyir ki, guya mən onun yanında olanda Aygünə işləmişəm, yalandır”. Tolik birgə çalışdıqları müddətdə Röyanın ona heç bir bahalı hədiyyə vermədiyini də söyləyib: “Sadəcə, 3 günlük konsertdən sonra mənə 3500 dollar verdi, dedi ki, maşın alım. Mən də üstünü düzəldib maşın aldım. Sonra həmin maşını satdım. İndiki maşınımı alanda isə Aygün Kazımova mənə 2000 dollar verib. Heç kim deməsin ki, mənə maşın alıb. Bütün bunlar mənim zəhmətimin haqqıdır”. Tolik Röya ilə Aygün Kazımova arasında baş vermiş bir olayı da açıqlayıb: “Nailə Mirməmmədli Röya ilə Aygünü evinə dəvət edib, onları barışdırmaq istədi. Ancaq Röya ağlaya-ağlaya barəsində danışdığı sözlərə görə Aygünlə heç vaxt barışmayacağını söylədi. Onun ağlamağı mənə çox pis təsir etdi, buna görə də Aygünə ağzımdan çıxanı dedim”. Müğənni Kərimlə arasında dağlar qədər fərq olduğunu bildirən Tolik, onların reklam istədiyini, lakin istəklərinin baş tutmayacağını açıqlayıb. Həyatından heç də razı olmadığını deyən Tolik onu bəxtəvər sayanlara öz taleyini yaşamağı arzulayıb: “Londona gedib, orada yaşamaq, Azərbaycan şou-biznesi haqqında kitab yazmaq, o kitaba bu illər ərzində gördüyüm və bildiyim şeyləri yazmaq istəyirdim. Bu, çox böyük sensasiya doğuracaqdı. Çünki şou-biznes nümayəndələri haqqında mənim bildiklərim heç kəsə məlum deyil. Amma getmədim, düşmənlərimi sevindirmək istəmədim”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR