Bank Of Baku

Röya: ““Evrovision” mənlik deyil” - FOTOSESSIYA

Röya: ““Evrovision” mənlik deyil” - <font color=#FF0000>FOTOSESSIYA</font>
# 05 dekabr 2007 09:01 (UTC +04:00)
- Dekabra planlaşdırdığın solo konsert əvvəlcə yanvara keçirildi, sonra isə təxirə salındı. Səbəb nə idi?
- Bəli, bu konsert baş tutmayacaq. Fevralda isə Nailə Mirməmmədli ilə konsert təşkil etmək fikrində idik. Nailə xanımın anası vəfat etdiyindən bu planımızı da bir az gec reallaşdıracağıq. Əminəm ki, nəzərdə tutduğumuz konsert martda baş tutacaq. Son vaxtlar ev işləri məşğulam. Evimizi təmir edirik, başım ona qarışıb. Hazırda isə Nailə Mirməmmədlinin iki yeni mahnısını hazırlayıram. Hər iki mahnının sözləri İsmayıl Dadaşovundur.
- Aygün Kazımova ilə barışmağınız böyük ajiotaj doğurdu. Deyəsən, Röya barışıq yolunu tutub, axı...
- Aygün Kazımova ilə çox az müddətdə küsülü olmuşuq. Sonra incikliyi aradan qaldırdıq. Biz onunla 5 aya yaxın olar ki, danışırıq. Sadəcə, bir neçə gün əvvəl görüşdüyümüz məqamda şəkilimizi çəkiblər. Telekanallar zəng etdilər ki, gəlin görüşün-öpüşün, çəkək efirə verək. Ancaq sünilik nəyə lazımdır, biz çoxdandır, Aygün Kazımova ilə danışırıq.
- Daim qalmaqalların mərkəzində olursan. Qalmaqalı sevirsən?
- Qətiyyən. Sadəcə, dilim dinc durmur. Daim qalmaqalda olmağımın səbəbi də dilimdir. Xoşuma gəlməyən insanları tənqid edirəm.
- Heç yalan danışırsan?
- Bütün insanlarda ikiüzlülük var və lazım olanda hamı yalan danışır. Sadəcə, mən heç vaxt kiməsə birinci söz atmamışam. Mənə ünvanlanan sözləri cavablandırıram. Bu da mənim haqqımdır. Bu gün mənim şou-biznesdə olmamağımı istəyənlərin, üzümə gülüb arxamca danışanların sayı çoxdur. Mənim özümdə də ikiüzlülük var. Heç kim ikiüzlü olmadığını iddia edə bilməz. O qədər xainliyimi çəkənlər var ki, saysam qurtarmaz.
- Xuraman Şuşalı ilə münasibətləriniz necədir?
- Mən sənəti olan adamlardan danışıram. Sənəti olmayanlar haqqında heç nə deyə bilmərəm. Qəbul etmədiyim insanlar var ki, həmin insanlarla heç vaxt danışmayacağam. Adama hər zaman dəstək verdiyi, kömək etdiyi insanlar zərbə vururlar. Həyat belədir. Məni vurmaq istəyənlər də o qədərdir ki...
- Peşəkar müğənni olmaq üçün musiqi savadı mütləqdir?
- Xeyr. Peşəkar müğənni olmaq üçün əsil ifa lazımdır. Azərbaycan estradasında o qədər ali təhsilli sənətçi var ki... Ancaq hər şey göz qabağındadır. Çoxları düşünür ki, sənətdə yaş fərqi olmalıdır. Burada yaş qətiyyən rol oynamır.
- Bakı Dövlət Universitetinə qeyri-qanuni daxil olmağın barədə silsilə yazılar dərc olunur. Buna necə açıqlama gətirərdin?
- Bakı Dövlət Universitetinə Moskva Dövlət Universitetindən köçürülmüşəm. Moskva Dövlət Universitetinə isə tam qanuni daxil olmuşam, I kursu orada oxumuşam. II kursdan isə təhsilimi Bakı Dövlət Universitetində davam etdirirəm. Odur ki, Bakı Dövlət Universitetinə qeyri-qanuni daxil olmağım barədə yazılanlar əsassızdır. Əlbəttə ki, universitetdə dərslərdə, imtahanlarda mənə güzəşt edilir. Qaldı dərslərə getməyə, axı mən qiyabi oxuyuram.
- Sərdar Ortacla müqaviləni hansı səbəblərdən dondurdun?
- Bizim bu il üçün nəzərdə tutduğumuz əməkdaşlıq alınmadı. Onunla müqaviləmizin dondurulması düzgün məlumatdır. Əslində, Sərdar Ortacla heç bir müqavilə imzalanmamışdı. Bilirsiniz, Sərdar Ortacın mənim prodüserim olmasını qəbul edə bilmədim. Asılı olmağı xoşlamıram. Buna görə də bu məsələni belə həll etdim. Ancaq Sərdar Ortacla yanvarın 1-dən əməkdaşlığa başlayacağıq. Bu əməkdaşlığı isə müqavilə əsasında həyata keçirməyəcəyik.
- Çoxları düşünür ki, Röya açıq-saçıq geyinməklə özünü kiməsə bənzətmək istəyir...
- Axı niyə başa düşmürlər ki, açıq-saçıq geyimlər səhnə üçündür. Mən kimisə təqlid etmirəm. Nisə Qasımova belinə kimi açıq geyimdə efirə çıxanda mənim 12 yaşım var idi. O zaman Nisə Qasımova da özünü kiməsə bənzədirdi? Açıq-saçıq geyimlər ancaq səhnə insanlarına yaraşır. Mən açıq-saçıq geyimlərə görə çox qınaqlarla üzləşdim. Toya gedəndə bağlı geyinirəm, toydakı qonaqları görəndə isə az qalıram dəli olum. Çünki toydakı qadınların əksəriyyəti yarıçılpaq vəziyyətdə olur.
- Azərbaycanın şou-biznesində görmək istəmədiyin kimsə var?
- Var, özümü görmək istəmirəm şou-biznesdə. Sadəcə, kənarda durub tamaşa etmək istəyirəm. Görüm, burada olmasaydım, açıq-saçıq geyindiyinə görə kimin üstünə düşərdilər, kimə söz atardılar?
- Deyirlər, Röya 30 yaşından o tərəfə keçə bilməyəcək. Mahnılarını bu cür ürəkdən ifa edən və belə həyat tərzi keçirən insan sonda intihar edir...
- Maraqlıdır. Bunu mənə də deyənlər olub. Belə şeylər olub həyatda. Əsasən də sənətdə olan insanların başına gəlib. Ancaq məndən bu addımı gözləməsinlər. Mən 60 yaşımda da cavan nənə olacağam.
- Şou-biznes nümayəndələri bir-birinin ardınca ana olmaq arzularını reallaşdırırlar. Röya bu arzusunu nə zaman həyata keçirəcək?
- Sözün düzü, şəxsi həyatım haqqında danışmağı sevmirəm. Hər il özümə söz verirəm ki, bu il ana olacağam. Ancaq sənətimə görə bunu etmirəm. Çünki sənətimi çox sevirəm. Ana olsam, gərək sənətdən uzaqlaşam. Mən isə sənətdən uzaqlaşmağı ağlıma belə gətirmirəm. Mən sənətsiz yaşaya bilmərəm. Ancaq artıq qərar vermişəm ki, 30 yaşımda bu addımı atacağam. Gənc yaşında ana olmaq ən böyük arzum olub. Hər zaman istəmişəm ki, kənardan mənə baxıb qızımla bacı olduğumu düşünsünlər.
- Bəs ailə qurmaq necə? Yaxın vaxtlarda bu addımı atmaq fikrində deyilsən ki?
- Yaxın vaxtlarda yox. Hələ ki, gözəl hissləri yaşamaq istəyirəm. Sevgidə dava-dalaş, söz-söhbət, qısqanclıq - bunlar gözəl şeylərdir. Sevdiyin şəxsin həsrətində olmaq çox gözəl hissdir. Bütün bunları itirmək istəmirəm. Eyni zamanda həyatımdakı insanı bütün bunlarla ürkütməkdən qorxuram. Hələ ki qalsın, Allah Kərimdir.
- Bu gün bir yerdə olduğun şəxs balaca Röyanın kişi idealı olan Rasim Balayevlə Rafael Dadaşovun hansına oxşayır?
- Heç birisinə. O özünə bənzəyir. Mən onu heç kimə bənzədə bilmərəm, çünki o mənim üçün bənzərsizdir. Onun sevgisi mənə güc-qüvvət verir. Bütün insanlara sevib-sevilməyi arzu edirəm.
- Röya bu gün də ailəsinin problemlərini təkbaşına həll edir?
- Həyatda ən ümdə amalım ailəmə sahib çıxmaq, valideynlərimə yardım etmək olub. Mən ailəmlə nəfəs alıram. Həyatda ən çox qorxduğum şey ailəmin sıxıntı çəkməsidir. Buna heç zaman imkan verməyəcəyəm.
- Bu illər ərzində Röya çoxmu dəyişib?
- Həddindən artıq. Hər halda, bu gün 21 yaşlı qız kimi deyil, 26 yaşlı qadın kimi düşünürəm. Fikrimcə bu fərq yetər.
- Keçmiş həyatın barədə çox söz-söhbət gəzir. Hətta sənin bir vaxtlar tum satdığın da deyilir?
- Bütün bunlar şayiədən başqa bir şey deyil. Mən keçmişimi danmıram. Orta məktəbdə 8-ci sinifdə oxuyanda direktorun köməkçisi işləmişəm. İlk işim bu olub. Çap makinasında çox sürətlə yazırdım, ona görə də bütün yazıları mənə yazdırırdılar. Evdən isə oradan pul almağıma icazə vermirdilər. Mən isə deyirdim ki, onlar özləri bu pulu verirlər. Sonra isə Vaqif Gərayzadə ilə tanış oldum və “W trio”-ya gəldim. Daha sonra Röya oldum. Bu da mən.
- Bütün qazandıqlarını qəflətən itirməkdən, taleyin təkrar səni əvvəlki günlərə qaytarmasından qorxmursan ki?
- Bu, ancaq Allah mənim ağlımı başımdan aldığı vaxt baş verə bilər. Ya, Allah ağlımı almalıdır, ya da narkoman olmalıyam. Şükür Allaha ki, ağlım yerindədir, narkoman da deyiləm.
- Bəs səsini itirə biləcəyindən narahat deyilsən ki?
- Heç zaman buna görə narahat olmamışam. Mən bilirəm ki, bu səsi mənə Allah verib və almayacaq. Buna əminəm ki, həyatdan köçənə kimi bu səs məndə olacaq. Məni əvəzləyəcək ikinci bir şəxs yoxdur, olacaqsa da, o Röya olmayacaq. Həm birinci, həm ikinci, həm üçüncü Röya özüməm. Başqa Röya olmayacaq.
- Dünya estradasından kimləri bəyənirsən?
- Dünya estradasında ən çox sevdiyim Bionsdur. Onunla duet oxumaq arzularımdan biridir. Ancaq bu arzum yəqin ki, heç zaman həyata keçməyəcək. Çünki Azərbaycanda 1-ci, 2-ci söhbəti gedir, daim da gedəcək. Belə şərtlər altında isə biz inkişaf edə bilmərik.
- İbadət edirsən?
- İbadət deyəndə, bağlanmamışam, ancaq ziyarətlərə gedirəm, dualar edirəm, yardıma ehtiyacı olanlara bacardığım qədər köməklik göstərməyə çalışıram. Mən hər gecə Allaha dua edirəm, Onunla söhbət edirəm.
- Səncə, fəxri ad almağının vaxtı deyil?
- Yox, hələ tezdir. 3-4 ilə inşallah. Bu məsuliyyətdən çox qorxuram. Bu çox böyük məsuliyyətdir və qorxuram ki, qoltuğum “qarpızlanar”. Hələ ki, belə də yaxşıdır.
- Hər zaman Röyanın səhhətində ciddi problemlər olduğu deyilir. Həqiqətənmi, səhhətində problemlər var?
- Böyrəyimdə daş var idi, saldırdım. Şükür Allaha, indi yaxşıyam. Digər tərəfdən, mənim narkotikə çox böyük həvəsim olduğu deyilir. Ağ yalandır. Maraqlananlara demək istəyirəm ki, narkoman, SPİD deyiləm. Tamamilə sağlam insanam. Mənim səhhətim haqqında yalan söz-söhbətlər yaymasınlar.
- Bəs siqaret?
- Hazırda ən böyük arzularımdan biri elə siqareti atmaqdır. Görüm, İnşallah bəlkə iradəmi toplayıb, yaxın vaxtlarda bu addımı atdım. Sadəcə, bacarmıram hələ... Bir az da vaxt lazımdır. Siqaret qətiyyən səsə təsir etmir və bunu səsimə görə etmirəm. Sadəcə, bilirəm ki, ziyanlı şeydir.
- Röya həqiqətən avtoritetdir, yoxsa bu onun özünü müdafiə üçün yaratdığı imicdir?
- Avtoritet? Rəhbərlik, hegemonluq etmək hər bir insanın daxilində var. Bu hiss təkcə mənə məxsus deyil ki, bütün insanlara xasdır. Bu hiss olmasa, o zaman insan yerində sayacaq.
- Toliklə barışmağınız barədə deyilənlər düzdür?
- Toliklə salamlaşmağım düzdür. Salamlaşmaq isə barışmaq demək deyil. Sadəcə, biz bir layihədə iştirak edirik. Mən Tolikin etdiklərini heç zaman bağışlaya bilmərəm. Bir yerdə oturub çörək yeyəsən, ona geyim, pul verəsən. O insan mənim hesabıma restoranda “şot” verməyi öyrənmişdi. Sonra da gəlib deyəsən ki, bu fildir, o isə qarışqa idi. Bu düzgün deyil. Toliklə barışmağım haqqında bu layihədən sonra söz-söhbət gəzməyə başladı. Fikrim var ki, bütün bu söz-söhbətlərə son qoymaq üçün ümumiyyətlə “Dünya Mədəniyyəti Gözəli” layihəsindən vaz keçim. Çünki bu söhbətlərin davam etməsini istəmirəm. İnsanları başa salmaq olmur ki, Toliklə salamlaşmaq onu bağışlamağım demək deyil.
- Bəs, Toliklə yenidən işbirliyi mümkündürmü?
- Qətiyyən!!! Tolik də, hamı da bilsin ki, mən onunla yenidən işbirliyi qurmayacağam. Bir dəfə bu hərəkəti edənə mən yenidən şans verməyəcəyəm. Bunu ağlından belə keçirməsin. O hələ də mənə yazır ki, özünü öldürəcək, özünü məhv edəcək. Axı bu Tolikdir, ona inanmaq olmaz. Əslinə qalsa, Tolik işləyən insandır, insana ümid verməyi bacarır. Tolik adını da ona mən qoymuşam.
- Röyanın ifasına qulaq asıb intihar etmək fikrinə düşən olubmu?
- Bəli, bu cür hallar olub. Mən bu hadisələrdən yalnız birini deyə bilərəm. Bir pərəstişkarım mahnıma qulaq asa-asa intihar etmək fikrinə düşmüşdü. Sonra xəstəxanada yanına gedib onunla danışdım. Mən bir mahnını ifa etmək üçün nə qədər əziyyət çəkirəm. Studiyada mahnını ifa etməzdən əvvəl bir saata yaxın əsirəm, əllərim, ayaqlarım soyuyur. Ağlayıram, göz yaşlarımı saxlaya bilmirəm. Bir neçə dəfə studiyaya girirəm, sona kimi mahnını çatdıra bilmirəm. Sonra yenidən... Mənim mahnılarım belə yazılır.
- Deyirlər Röyanın səs diapazonu geniş deyil. Bu fikirlə razısanmı?
- Mən də əvvəl elə bilirdim. Həmişə kiminsə yüksək səslə oxuduğunu görəndə əhsən deyirdim. Ancaq sonra həmin mahnını o sənətçi ilə bərabər oxuyanda görürdüm ki, elə mənim də səsim onunla eyni səviyyədədir.
- “Evrovision”un kastinqlərindən boyun qaçırmağının səbəbi nə oldu?
- “Evrovision” mənlik deyil. Fikrimcə, Azərbaycanda həmin yarışmaya göndəriləcək çox sənətçi var.
- İmicində hər hansı dəyişiklik nəzərdə tutulurmu?
- Bəli, bundan sonra Röya ancaq milli geyimlərdə səhnəyə çıxacaq. Artıq modelyerlə danışmaq haqqında düşünürəm. Ancaq saç düzümüm və üzümdə heç bir dəyişiklik etməyi nəzərdə tutmuram. Lazım gələndə plastik əməliyyat da edəcəyəm. Ancaq hələ üzümdə qırışlar yoxdur və heç bir problemdən əziyyət çəkmirəm. /APA/


























1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR