Bank Of Baku

Parlament komissiyası şou-biznesdəki qeyri-etik hallar və qanunsuzluqların aradan qaldırılması üzərində düşünür

Parlament komissiyası şou-biznesdəki qeyri-etik hallar və qanunsuzluqların aradan qaldırılması üzərində düşünür
# 12 dekabr 2007 15:32 (UTC +04:00)
Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyası şou-biznesdə etikadan kənar və qeyri-qanuni halların aradan qaldırılması yolları üzərində düşünür. Bu barədə APA-ya komissiyanın sədri Nizami Cəfərov məlumat verib. O bildirib ki, komissiyanın nəzərdən keçirdiyi üç variantdan biri hər hansı qanun qəbul etmədən ictimai müzakirə vasitəsilə problemləri həll etməkdir. N. Cəfərov deyib ki, qeyri-etik çıxışlar, hərəkətlər və açıq-saçıq geyimlər daha çox televiziyalarda nümayiş etdirilir: “Ona görə də ictimai müzakirə daha çox televiziyalarda aparılmalıdır. Konsertləri təşkil edənlər, prodüserlər, bu işlə məşğul olan şou-biznes nümayəndələri də bu barədə düşünməlidir”. Komissiya sədrinin sözlərinə görə, ikinci variant “Mədəniyyət haqqında” qanuna dəyişiklik zamanı sənədə şou-biznes barədə maddələrin əlavə olunmasıdır: “Şou-biznes sahəsində çoxlu qanun pozuntuları baş verir. Məsələn, vergidən yayınmaq problemi var. Sənət adamları efir vasitəsilə bir-birini təhqir edir. Bunları qanunvericilik qaydasında nizamlamaq ideyası mövcuddur”. N. Cəfərov bildirib ki, üçüncü - ən kəskin variant şou-biznes haqqında ayrıca qanunun qəbulu ola bilər: “Biz belə bir layihə təqdim edə bilərik. Amma hələ düşünürük ki, doğurdanmı bu, o qədər qarşısıalınmaz, mürəkkəb, cəmiyyətin öhdəsindən gələ bilmədiyi bir məsələdir ki, ayrıca qanunun qəbulu və problemin inzibati yolla nizama salınmasına ehtiyac var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR