- Bu il ad günümü yığcam şəkildə qeyd edəcəyəm. Keçən ildən fərqli olaraq, bu il ad günümə 170 yox, təxminən 60 nəfəri dəvət etməyi düşünürəm.
- Qonaqların sayını azaltmağınızın səbəbi nədir?
- Sadəcə, ad günümü bir az fərqli formada keçirmək istəyirəm. Dostlarım çoxdur, dəvət olunacaq şəxsləri seçəndə də çox əziyyət çəkdim.
- Həmişə qeyri-adi hərəkətləri ilə gündəmdə qalmağı bacaran Aygün Kazımova sanki son vaxtlar bir az passivləşib...
- Niyə elə düşünürsünüz? İl başlar-başlamaz yeni filmim nümayiş olundu. Yeni mahnılar hazırlamışam. Bir az ara vermək isə təbiidir. Ötən il planlaşdırdığım yeni telelayihəmlə bağlı ciddi hazırlığa başlamışam. Artıq proqramın dekorasiyaları qurulub.
- Sizə “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün müraciət olunmamasının səbəbini bilirsinizmi?
- Həqiqətən də mənə “Eurovision”a qatılmaq barədə təklif gəlməyib. Kimə təklif olunubsa, ona uğurlar arzulayıram. Azərbaycanı yarışmada təmsil edəcək sənətçi peşəkar olmalıdır.
- Sizcə, “Eurovision-2008” müsabiqəsində Azərbaycanı təmsil edəcək namizədlərdən hansı daha uyğundur?
- Mən həmin sənətçiləri tanımıram. Onların arasında, əgər səhv etmirəmsə, bir Elnur Hüseynovun ifasını eşitmişəm. Bu məsələ barədə bir söz deyə bilmərəm.
- Deyirlər ki, Aygün Kazımova bilərəkdən qalmaqal yaradır. Bu belədirmi?
- Hər şeydə olduğu kimi, qalmaqalın da səviyyəsi olmalıdır. Qalmaqal şou-biznesin bir hissəsidir. Amma gərək səviyyəli və tamaşaçıda maraq doğuran qalmaqal olsun. Məsələn, mənimlə türk sənətçisi Bülənd Ərsoy arasında olan qalmaqal hələ də gündəmdədir. Bülənd Ərsoyun üzr istəməsi təkcə mənim yox, Azərbaycan sənətinin qələbəsidir.
- Azərbaycan səhnəsinə dinamik estrada hərəkətlərini gətirən müğənni kimi sənətçilərin səhnədəki bugünkü ölçüsüz və əndazəsiz hərəkətlərinə münasibətiniz necədir?
- Təbii ki, mən səhnədə təpik atmağın əleyhinəyəm və bunu qəbul etmirəm. Mən səhnəyə belə kobud hərəkətləri gətirməmişəm. Ona görə də bu kimi halları normal və sağlam qarşılamıram.
- Son vaxtlar efirdə Namiq Qaraçuxurlu ilə az görünməyinizin səbəbi nədir?
- Niyə ki? Namiqlə az görünmürük. Elə yeni il çəkilişlərində də bir yerdəydik.
- Namiqlə ailə qurmaq barədə düşünmürsünüz?
- Biz Namiqlə çoxdan bir ailəyik, rəsmi nikah da mütləq olacaq, tələsməyin... Başqaları 15 il nişanlı qalır, sonra toy edir. Hələ vaxtımız var.
- Bəs uşaq necə?
- Bu barədə hələ düşünmürəm. Hələ ki, mənim üçün önəmli olan layihəm və konsertimdir. Əgər uşaq məsələsi ortaya düşsə, gərək iki il səhnədən gedim.
- Sizi “eşq simvolu” kimi tanıyırlar. Bəlkə də elə buna görə də indiyədək adınız bir çox tanınmış şəxslə çəkilib...
- Bu nə sualdır? Mənim haqqımda çox şayiələr yayılıb. Əlbəttə, bu da növbəti yalanlardan biridir. Yalan ayaq açar, amma yeriməz. Populyar adamların barələrində həmişə söz-söhbət yaranır. Şayiələr olmayanda biləcəyəm ki, mən də artıq yoxam.
- Yenidən plastik əməliyyat haqda düşünürsünüzmü?
- Hələ tikişlərim sağalsın, sonra fikirləşərəm.
- Qabırğanızı çıxartdırmağınız barədə məlumatlar doğrudur?
- Mən həqiqətən də iki qabırğamı çıxartmışam. Maraqlıdır ki, bir hərəkəti etdiyim deyəndə heç kim inanmır, əksinə etmədiyimi deyəndə hamı inanır. Bu açıqlamanı da reaksiyanı ölçmək üçün verdim. Şükür ki, reaksiya oldu. Bəli, iki qabırğamı çıxartmışam və üzümü də əməliyyat etdirməmişəm. Ümumiyyətlə, nəyisə gizlətmək xarakterimə uyğun deyil. Əgər üzümü də əməliyyat etdirsəydim, açıq-aydın etiraf edərdim.
- Deyirsiniz ki, plastik əməliyyatlar təhlükəlidir. Bu qədər riskə getməkdən yorulmamısınız ki?
- Həyatım üçün təhlükəli olsa da, bu addımı tamaşaçılarım üçün atıram. Lazım olsa, yenə də belə addımlar atacağam. Çünki səhnə mənim həyatımdır.
- Xalq artisti adını almağa gecikmirsiniz ki?
- Bunu mən deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, general olmaq istəməyən əsgər, əsgər deyil. Əməkdar artist adını almışam, indi isə xalq artisti adına doğru gedirəm.
- Ciddi musiqi əsərlərinə az müraciət etməyinizi necə izah edirsiniz?
- Mənim repertuarımda yer alan mahnılar çoxluğun arzusu və istəyidir. Tamaşaçıların arzusunu reallaşdırmaq isə bizim borcumuzdur. Bu gün mən 80-ci illərdə olduğu kimi Eldar Mansurov, Cavanşir Quliyev kimi bəstəkarlarla işləyirəm. Sadəcə, mahnıları xalqın istəyinə uyğun seçirəm. /APA/