Bank Of Baku

“Eurovision-2008”: Müsabiqə şərtləri və yeniliklər

“Eurovision-2008”: Müsabiqə şərtləri və yeniliklər
# 29 yanvar 2008 14:04 (UTC +04:00)
Yeni yaranan vaxtlar bu müsabiqə, əsasən filmlər üçün nəzərdə tutulsa da, daha sonra təşkilatçılar bu fikirlərindən daşınıblar. Müsabiqə ilk dəfə olaraq 1956-cı ilin mayın 24-də keçirilib və həmin il bu müsabiqədə yalnız 7 ölkənin nümayəndəsi iştirak edib. Vaxt keçdikcə digər ölkələr də bu müsabiqəyə maraq göstərməyə başlayıblar. Müsabiqənin təşkilatçıları layihənin beynəlxalq xarakterli olmasını arzulasalar da, bu istəklərinə bir neçə ildən sonra nail olublar. Onlar 1990-cı ildən, yəni Şərq bloku dağıldıqdan sonra həmin bloka daxil olan ölkələr bu müsabiqəyə qatılıblar. Əvvəllər bu müsabiqədə mahnılar canlı orkestrin müşayiəti ilə ifa olunurdusa, 1997-ci ildən başlayaraq iştirakçılara fonoqramla oxumağa icazə verildi. Müsabiqənin şərtlərinə görə, iştirakçılar mahnıları öz ana dillərində ifa etməli idilər, lakin 1977-ci ildən müsabiqədə mahnıların ifası zamanı dil seçiminə sərbəstlik verilib. Şərtlərə görə, iştirakçılar yalnız lirik mahnılar ifa etməli idi, 80-ci illərin əvvəllərində pank, rep və digər musiqi janrlarında çıxışlara da şərait yaradılıb. Artıq 52 dəfə keçirilən müsabiqənin ən məşhur iştirakçıları siyahısında Selin Dion, Ser Kliff Riçard, Xulio İqlesias, “Şadous”, “Las ketçup”, “Abba” , “Tatu” qrupları, Lara Fabian, Anna Vişe, Alla Puqaçova, Dana İnternational, Sərtap Ərənər, Ruslana, Alsu, DJ Bobo da var. İndiyə kimi İrlandiya 7, Fransa 5, Lüksemburq 5, Böyük Britaniya 5, Hollandiya 4, İsveç 4, İsveçrə, Danimarka, İtaliya, İspaniya, Norveç 2 dəfə bu müsabiqənin qalibi olub. Avstriya, Monoko, Belçika, Yuqaslaviya, İsrail, Estoniya, Almaniya, Latviya. Türkiyə, Ukrayna, Yunanıstan, Finlandiya və Serbiya təmsilçiləri isə bir dəfə müsabiqənin baş mükafatını alıblar. Qeyd edək ki, “Eurovision” müsabiqəsinin qalibi telesəsvermə yolu ilə seçilir. Əvvəl iştirakçılara səsvermə ixtiyarı hər dövlətdə yaradılan xüsusi münsiflər heyətinə verilsə də, son bir neçə ildir ki, qalib hər ölkədə keçirilən interaktiv səsvermə yolu ilə müəyyənləşir. “Eurovision-2008” müsabiqəsində iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli APA-ya açıqlamasında bildirib ki, 2004-cü ildən etibarən qalibin müəyyənləşməsi üçün məcburi qaydada telesəsvermədən istifadə olunur: “Telesəsvermədə 12 ballıq sistem üzrə keçirilir. Hər bir dövlət iştirakçıları bu bal şkalası üzrə dəyərləndirmək imkanına malikdir. Hər bir mahnıya bir dəfə səs vermək olar. Bu sistem 2004-cü ildən həyata keçirilir və qaydalara görə iştirakçı dövlətlər öz təmsilçilərinə səs verə bilməzlər, onlar yalnız başqa dövlətlərin təmsilçilərinə səs verə bilərlər. 2008-ci ilin qaydalarına görə, ehtiyat münsiflər heyəti yaradılacaq. Əgər telesəsvermədə hansısa bir problem yaranarsa, namizədlərin çıxışının qiymətləndirilməsi həmin ehtiyat münsiflər heyəti tərəfindən həyata keçiriləcək. Bu zaman səslərin hesablanması həmin münsiflərə həvalə olunur. Bu da bir alternativ variantdır. Hər hansısa problem yarandığı təqdirdə Avropa Yayımları Birliyinin baş nəzarətçi orqanının xüsusi göstərişi ilə bu halda ehtiyat münsiflər heyəti fəaliyyətə başlayır və toplanmış səsləri müəyyənləşdirib, müxtəlif ölkələrin iştirakçıları arasında paylaşdırmaq səlahiyyətini həyata keçirir”. Qeyd edək ki, bu il keçiriləcək “Eurovision” müsabiqəsinə Azərbaycan və San-Marino ilk dəfə qatılacaq. Ümumilikdə müsabiqədə 43 ölkə iştirak edəcək. Müsabiqənin iki yarımfinalı 20-22 mayda, finalı isə mayın 24-də keçiriləcək. Hazırda Azərbaycanda “Eurovision-2008” müsaabiqəsinə hazırlıq işləri aparılır. Fevralın 2-də Heydər Əliyev adına İdman Konsert Kompleksində “Eurovision-2008” müsabiqəsinin yerli final gecəsi keçiriləcək. Həmin gün 13 nəfərdən ibarət olan münsiflər heyəti Azərbaycanın ilk “Eurovision” iştirakçısını müəyyənləşdirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR