Elnur Hüseynov: Bu, bir tərəfdən, əlbəttə böyük uğurdur. Bu tək bizim yox, bütün Azərbaycanımızın uğurudur. Digər tərəfdən isə biz ilk üçlükdə olacağımızı düşünürdük.
Samir Cavadzadə: İlk dəfə üçün səkkizinci yer pis deyil. 53 il ərzində Azərbaycan bu yarışmada ilk dəfə təmsil olundu. İlk dəfədən Azərbaycan ilk onluğa düşübsə, deməli, musiqimiz çox yüksək səviyyədədir. Digər ölkələrdə yaşayan həmvətənlərimiz bizə çox dəstək oldular. Bütün Avropa bizim minimum ilk beşlikdə olacağımıza inanırdı. Hamı çox gözəl bilir ki, bu, həm də siyasi müsabiqədir.
- Azərbaycanda necə qarşılandınız, sizə hər hansı mükafat təqdim olundumu?
Samir Cavadzadə: Beş aydan çox müsabiqəyə hazırlıq işləri aparıldı. Biz buna görə Heydər Əliyev Fonduna, Gənclər və İdman Nazirliyinə təşəkkür edirik. Mükafat məsələsinə gəlincə, bu, hələ olmayıb.
- Bəs fəxri ad necə, gözləyirsinizmi?
Elnur Hüseynov: Biz bu müsabiqəyə gedəndə bizə fəxri adın veriləcəyi deyilmişdi. Onu da gözləyirik.
- Deyirlər ki, “Eurovision”da daha çox şouya önəm verilir...
Elnur Hüseynov: Bu müsabiqədə hər şey önəmlidir. Həm yaxşı ifa, həm də şou olmalıdır.
Samir Cavadzadə: 43 ölkə arasında yeganə mini tamaşa bizim çıxışımızda idi. Ona görə də çıxışımız hamının yaddaşında həkk olundu.
- Özünüzə rəqib hansı ölkənin təmsilçisini görürdünüz?
Elnur Hüseynov: Ukraynalı təmsilçi Ani Lorakı özümüzə rəqib görürdük. Baxmayaraq ki, Yunanıstan, Ermənistan və Ukraynanın hazırladığı çıxışlar oxşar idi, amma Ani Lorakın səsi, stajı, görünüşü çox yüksək səviyyədə idi. Biz Moldovanın təmsilçisi Geta Burlacunu Azərbaycana dəvət etmək və bir yerdə konsert verməyi düşünürk.
- Xalqımızın dəstəyindən razı qaldınızmı?
Samir Cavadzadə: Çox razı qaldıq. Biz orada olanda bu dəstəyi hiss edirdik. Finala vəsiqə qazananda bizə bildirdilər ki, bütün Azərbaycan xalqı bayram edir. Bütün bunlar finalda bizə daha da güc verirdi. Növbəti illərdə Azərbaycanı bu müsabiqədə təmsil edəcək sənətçiyə o qədər də çətin olmayacaq. Çünki, ilk dəfədən bütün ağırlıqlar bizim öhdəmizə düşdü. Gövhər Həsənzadə orada bizə ana qayğısı göstərirdi.
- Yarımfinalın ilk məşqində “şeytan”ın taxtının sınması hadisəsi sizin əsas çıxışınıza təsir etmədi ki?
Samir Cavadzadə: Əslində bu taxt muğamdan sonra onsuz da dağılmalı idi. Yəni taxtın dağıdılması epizodunu şouya daxil etmişdik. Biz də məşq zamanı taxtı dağıtdıq ki, nəticənin necə olacağını görək. Ondan sonra həngamə qopdu, hətta taxtdan yıxılmağımla bağlı şayiələr yayıldı. Ancaq bu, belə olmamışdı. Düzdür, həqiqətən də yarımfinal günü, çıxışdan qabaq mən çox pis yıxılmışdım. Ancaq bu səhnədə taxtın sınması zamanı olmamışdı. Hətta finala kimi gecələr ağrıdan yata bilmirdim.
- Deyirlər əsas çıxışlarda “mələy”in qanadları da sınıb...
Elnur Hüseynov: Qanadlarımın çəkisi 15 kiloqram idi. Hər dəfə o qanadlarla hərəkət edəndə düşünürdüm ki, Allah məni qorusun, bircə yıxılmayım. Yarımfinalda və finalda yalnız yaxşı oxumaq barədə düşünürdüm. Ancaq qanadların fikri məni daha çox narahat edirdl. Hətta yarımfinalda qanadlarım sındı, finalda da əyildi. Mənə çox çətin idi, çünki 12 yaşında ikinci mərtəbədən yıxılmışam və həmin vaxt belim zədələnib. Əslində qanadlar sonda açılmalıydı, ancaq problem yaranacağından, kiminsə yıxılacağından qorxduq və qanadları açmadıq.
- Deyəsən axı, yarımfinalda həyəcanınız daha çox idi. Hətta çıxışınızın başlanğıcında səsinizdə titrəyiş də hiss olunurdu...
Samir Cavadzadə: Əlbəttə, həyəcan çox idi. Yarımfinaldan finala keçə bilməmək qorxusu var idi.
- Ermənistan nümayəndə heyəti və təmsilçisinin sizə münasibəti necə idi?
Elnur Hüseynov: Biz orada öz işimizi görürdük. Sözün düzü, onlara baş qoşmurduq. Biz ermənilərlə bir oteldə qalmağımızı da fikirləşmirdik. Amma onlar bizim yanımızdan keçəndə gülürdülər, qəribə baxışlarla bizi süzürdülər, mahnılar oxuyurdular. Hətta qaldığımız oteldə aşağıda bayrağımız asılmışdı. Ermənilər bizim bayrağın asıldığını görüb, öz bayraqlarını da gətirib orada asdılar. Biz də düşündük ki, onları saymamalıyıq, axı bizim səviyyəmiz tamam başqadır. Sonra da əsəbi halda gəlib bayraqlarını çıxarıb apardılar. Amma bizim bayraq gələn günə kimi orada qalmışdı.
- Azərbaycanın Ermənistandan dörd pillə geridə qalmasını necə qarşıladınız?
Elnur Hüseynov: Bizə ən çox təsir edən elə bu oldu. Çünki Belqradda bütün ölkələrin nümayəndələri bizim nömrəni daha güclü hesab edirdilər. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan artıq bu müsabiqədə üçüncü dəfə iştirak edirdi. Əminəm ki, növbəti il Azərbaycan bu problemlə üzləşməyəcək. Artıq ölkəmiz bu müsabiqə haqqında yetərincə məlumat topladı.
Samir Cavadzadə: İnanın, bu fakt bizi çox kədərləndirdi. Əslim Qarabağlıdır və bu fakt məni çox yandırdı. Müsabiqə də olsa, axı onlar bizim düşmənimizdir. Final başa çatdıqdan sonra səhər saat yeddiyə kimi sakitləşə bilmirdik. Gövhər Həsənzadə, Yaşar Baxış, Elnur, mən - hamımız ağlayırdıq. Düzdür, Ermənistan müsabiqədə ilk iştirakı zamanı ilk onluğa belə çıxmamışdı. Bu baxımdan biz yenə də onlardan yüksəkdəyik. Onlar özləri çox gözəl görür və anlayırdılar ki, biz onlardan çox üstünük.
- Erməni saytlarında sizinlə bağlı məlumatlar dərc olunurdu. Həmin yazılarda cinsi azlıqların nümayəndəsi kimi təqdim olunurdunuz...
Elnur Hüseynov: Belqradda olanda bu barədə bizə məlumat verildi. Bu onların millətçilik xasiyyətləridir, axı onlar ermənidirlər. Onlar hər bir tərəfdən tərbiyəsizliklərini nümayiş etdirməlidirlər. Hətta öz ölkələrində də bizdən əl çəkmirlər.
Samir Cavadzadə: Ermənilərin əsas istəyi bizi qıcıqlandırmaq və mane olmaq idi. Ermənilər bizim nümayəndə heyətinin uşaqları nahar edərkən bizimkilərə söz də atmışdılar, ancaq sonra sakitləşdilər.
- Maraqlıdır ki, bu söz-söhbətlər indi də Azərbaycanda gəzir...
Samir Cavadzadə: Bizə bildiriblər ki, hətta bu məlumatlar yerli qəzetlərin bəzilərində də dərc edilib. Düşünmürlər ki, biz azərbaycanlıyıq və Azərbaycanda bizim ailəmiz yaşayır. Yaxşı, erməni yaza bilər, bəs bu xəbərlərin Azərbaycan mətbuatında dərc olunması nə deməkdir? Biz Belqrada gedərkən Azərbaycanı təmsil edəcəyimizi çox gözəl anlayırdıq. Erməni bunu etməlidir, çünki baxır, qıcıqlanır. Onlar görürdülər ki, bizim hazırladığımız nömrə yaxşıdır və bizi vurmaq üçün nə isə axtarırdılar.
Elnur Hüseynov: Biz iki Azərbaycan oğlu haqqında bu cür şayiələr yayılıbsa, görəsən növbəti illərdə həmin müsabiqəyə qadın sənətçimiz getsə, onun haqqında nə yayacaqlar? Mətbuat konfransında Siruşoya sual verdilər ki, “Sizin tanınmış bir şəxsin oğlu ilə yaşadığınız deyilir”. O, bu sualın cavabını verə bilmədi. Biz isə onlara sual veririk ki, bəs sizin təmsilçiniz kimdir, onu tanıyırsınızmı? O müddət ərzində düşmən ölkədən başqa heç bir Avropa ölkəsinin bizə qarşı təxribatı olmadı.
Samir Cavadzadə: Bu söz-söhbətlər Vətənimizdə də gəzir və bu, bizə çox pis təsir edir. Çox xahiş edərdik ki, bu söz-söhbətləri yığışdırsınlar. Biz onsuz da yarım ilə yaxın əziyyət çəkmişik. Biz orada özümüz üçün yox, Azərbaycanımız üçün çalışıb, əziyyət çəkdik. Elə olub ki, bu söz-söhbətlərdən səhərə kimi yatmamışıq. Doğrudan da da çox acınacaqlı vəziyyət, dəhşətli bir söz-söhbətdir.
- “Eurovision”un ilk yarımfinalından dərhal sonra keçirilən mətbuat konfransında niyə iştirak etmirdiniz?
Elnur Hüseynov: Yarımfinaldan dərhal sonra keçirilən mətbuat konfransında bizim iştirak etməməyimizin səbəbi var idi. Həmin mətbuat konfransına nümayəndə heyətindən iki nəfərdən artıq buraxılmırdı. Samirlə ingilis dilini mükəmməl bilmədiyimiz üçün bizə tərcüməçi tələb olunurdu. Biz ikimiz getsəydik, tərcüməçiyə yer olmayacaqdı. O səbəbdən də həmin mətbuat konfransında nümayəndə heyətinin rəhbəri Adil Kərimli və Gövhər Həsənzadə iştirak edirdi.
- Bəs sizin Belqradda özünüzü yaxşı aparmamağınız barədə deyilənlər nə dərəcədə realdır? Hətta deyirlər məhz bu səbəbdən də siz cəzalandırılıbsınız...
Elnur Hüseynov: Bu məsələ Belqraddan başlayıb. Biz Belqradda olanda çoxlu gecələr, müxtəlif dövlətlərin ziyafətləri keçirilirdi. Biz də həmin gecələrin və ziyafətlərin hamısında iştirak edə bilmirdik. Çünki, sinir sistemimiz sakit olmalı idi. Tutaq ki, həmin gecəyə getdik, oxuduq, içdik və sonra da yuxusuzluqdan əziyyət çəkdik. Mətbuata çıxışımıza qadağa qoyulması və cəzalandırılmağımız barədə deyilənlər yanlışdır. Gördüyünüz kimi, biz sizə müsahibə veririk.
Samir Cavadzadə: Hamının xoşuna gəlmək mümkün deyil. Yəqin ki, bütün söz-söhbətləri, şayiələri yayan xüsusi bir insan var. Bizə heç bir qadağa qoyulmayıb. Sadəcə yorğun və əsəbi olduğumuz üçün bir müddət danışmadıq.
- Sinir sisteminizin pozulmasına səbəb nə idi?
Samir Cavadzadə: Əlbəttə, səbəblər vardı. Xarici ölkələrə promo-turlar çərçivəsində bizi elə yerə aparırdılar ki, əsəblərimiz pozulmaya bilməzdi. İkimizi də qızdırma içində yataqdan qaldırıb, elə yerlərdə oxutdururdular ki, deyiləsi deyil. Bu, dəhşət idi.
Elnur Hüseynov: Biz Azərbaycanın səviyyəsinə uyğun olmayan yerlərdə oxumaq istəmirdik. Bizimlə işləyən ukraynalılar bizi oxumaq üçün bara aparırdılar. Biz də onlara deyirdik ki, Azərbaycan musiqisini barda, hamının içdiyi, kef elədiyi bir yerdə təqdim etməyə haqqınız yoxdur. Biz orada özümüzü pis aparmamışıq, bu, ola bilməz. Onu deyən insan fikirləşmir ki, əgər bütün Azərbaycan bizim simamızda təmsil olunurdusa, biz özümüzü necə pis apara bilərdik? Hansı müğənni Azərbaycan muğamını, musiqisini başqa ölkədə barda ifa edər? Buna hansı Azərbaycan vətəndaşı dözə bilər? Barda hamı içir, kef-damaq çəkir, striptizlər nümayiş olunur və biz o səhnədə Azərbaycan musiqisi ifa edirik. Ukraynalılar bizim nümayəndə heyətinin rəhbərliyinə zəng edib deyirdilər ki, uşaqlar çıxış etmək istəmirlər, proqramdan kənara çıxırlar. Halbuki biz Azərbaycanın adını o cür yerlərdə çəkilməsini istəmirdik.
Samir Cavadzadə: Düzgün təqdimat olmayıb. Bunu onlar elədilər, ukraynalılar özlərini zəif görürdülər, ona görə də bizi pisləyirdilər. Səhnədə olan işin yetmiş faizini biz fikirləşib tapmışıq. Bu haqda nədənsə heç kim yazıb, danışmaq istəmir.
Elnur Hüseynov: Biz 13-ə yaxın ölkədə konsertlər vermişik. Bəs nəyə görə, bu ölkələrdən cəmi dördündə çıxışımız konsert formasında idi? Elə səhnələr var idi ki, orada iki adamın dayanması mümkün deyildi, ancaq biz 6 nəfər şou göstərirdik. Bütün işi özümüzünkülər etsəydi, inanın ki, heç də geri qalmayacaqdıq. İnanın ki, Belqrada gedənə kimi bizim kostyumlarımız belə normal vəziyyətdə deyildi. Bizə gələn kostyumları görəndə dəhşətə gəldik. Hamısı səhv və böyük ölçüdə tikilmişdi. Orada nümayəndə heyəti ilə birlikdə parça axtarışına çıxmışdıq ki, geyimləri yenidən tikdirək. Ayağımızın ölçüsü 42 ola-ola, gedib 40 ölçülü ayaqqabı alıb geyindik. Söz-söhbətlərə görə bütün bunları deməyə məcburuq. Bu qədər əziyyət çəkmişik, biz Azərbaycanın adını qaldırmaq üçün nələrə dözmüşük, ancaq indi, öz vətənimizdə bizin haqqımızda nələr deyirlər.
- Bəs bu müddət ərzində mətbuatdan niyə qaçırdınız?
Samir Cavadzadə: Utanırdıq, çünki Ermənistan bizi qabaqladı. Sadəcə olaraq bizə bir müddət vaxt lazım idi. Dedik ki, bir müddət bizə toxunmayın, bir həftə dincələk və sonra danışacağıq. Sakitləşməyimizi gözləyirdik.
- Finalda səsvermə zamanı siz harada idiniz? Sizdən başqa bütün ölkələrin təmsilçilərini gördük.
Samir Cavadzadə: Hətta o da deyilir ki, guya biz çıxışdan sonra qaldığımız otelə getmişik. Əsla belə deyil. Bizim səs gözlədiyimiz ölkələrdən səs gəlməyəndə çox əsəbiləşdik. Bizə ilk 12 bal veriləndə “Mor və ötəsi” qrupunun solisti Harun Tekinlə birgə siqaret çəkməyə çıxmışdıq. İki dəqiqədən sonra qayıtdıq, gördük ki, artıq bizim nümayəndə heyətini göstəriblər. İkinci dəfə 12 bal veriləndə isə biz orada oturmuşduq. Bizim nümayəndə heyətində olan uşaqlar bayraqla kameranın qabağına qaçdılar və bizim qabağımız kəsildi. Biz də bayrağımızı, uşaqlarımızı kənara çəkməyəcəkdik ki. O zaman orada oturub əl çalırdıq. Bu kadr çəkilişdə də var.
Elnur Hüseynov: Biz orada oturub fikirləşirdik ki, axı niyə Azərbaycanda çox səviyyəli stilistlər ola-ola biz stilistsiz, saç ustasız qalmışıq. Bütün məşqlərdə və yarımfinalda mən əvvəlcə öz saçımı, sonra Samirin saçını düzəltmişəm. Baxın, “Day after day” mahnısını Ukrayna, ABŞ və Böyük Britaniyada aranjeman elədilər, yenə də ən yaxşı aranjeman Yaşar Baxışın variantı oldu və biz ”Eurovision”da “Day after day”i məhz Yaşar Baxışın aranjemanda ifa etdik. Bizə təsir edən odur ki, ölkəmizdə yetərincə professionallar ola-ola, bu iş iniyə başqa ölkəyə tapşırırlar.
- Eşitdiyimizə görə, Dima Bilanla aranızda narazılıq olub...
Samir Cavadzadə: Narazılıq yox, sadəcə inciklik ola bilər. Biz Dima Bilanın ziyafətinə gedə bilməmişdik, yəqin bu da ona təsir edib. Əslində bu, o demək deyil ki, biz özümüzü çox yuxarıdan aparırıq və Dima Bilanı bəyənmirik. Qardaş Türkiyənin ziyafətinə gedə bilmədik. Çünki həmin gün mətbuat konfransı çox gec qurtarmışdı. Sonra da düşündük ki, əgər Türkiyənin ziyafətinə getməmişiksə, Rusiyanın da ziyafətinə getməməliyik. Birinə gedib, digərinə getməmək daha böyük narazılığa səbəb olardı. İnanın ki, bizim ziyafətimizə kiminsə gəlməməsi barədə heç biz bir dəfə də olsun danışmadıq.
- İştirakçılarla münasibətiniz necə idi?
Samir Cavadzadə: Dost olduğumuz iştirakçılar oldu. Ukrayna təmsilçisi Ani Lorakla mart ayından bir-birimizi tanıyırıq. Bir konsertdə də iştirak etmişik. Amma bu insan bütün müsabiqə boyu bir dəfə də bizə salam vermədi. Onu da anlamadıq ki, niyə belə edir. Ona salam da verirdik, üzünə də gülürdük. Biz onun qadınlığına hörmət edib salam vermişik. Sonra biz də salam vermədik.
- Siz doğrudanmı qalib olsaydınız, kimsəsiz bir uşağı himayənizə götürəcəkdiniz?
Elnur Hüseynov: Bu sözü mən demişəm. Düşündüm ki, qalib olsaq, maliyyə tərəfdən yaxşı olacaq və himayəmizə bir uşaq götürəcəyik.
Samir Cavadzadə: Mən düşündüm ki, hər şey yaxşı olsa, yeni bir uşaq evi tikdirərəm. Sonra bu istəyimizi də yozdular.
- Azərbaycanın “Eurovision”da 2009-cu ildəki təmsilçisinə arzunuz, məsləhətiniz nədir?
Elnur Hüseynov: İlk öncə səbir.
Samir Cavadzadə: Allahdan başqa heç kimə inanmasın. Öz gücünə və sənətinə inansın. Hamıya inanmasın, çünki inanıb səmimi davrandığı insan sabah ona qarşı çıxa bilər. Nə isə baş verəndə başını aşağı salıb “yaxşı” desin və qapını bağlasın, heç kimi görməsin. Biz fikirləşirdik ki, hamı bizim dostumuzdur. Halbuki 100 faizdən cəmi 8 faizi bizim dostumuz idi. Bunlar bilirsiniz kimlərdir, xalqımıza yalan məlumatları çatdıranlar.
- Sizcə müxtəlif dövlətlərin verdiyi ballar Sizin ifanıza, yoxsa Azərbaycanın siyasi nüfuzuna görə idi?
Samir Cavadzadə: Yəqin ki, bizim çıxışımız xoşagəlməz olsaydı, siyasi baxımından da bu səslər verilməzdi. Bizim nömrə həqiqətən də güclü nömrə idi və düşünürdülər ki, siyasi baxımdan da olsa, buna səs verməyə dəyər.
- 2009-cu ildə “Eurovision”da Azərbaycanı kim təmsil edə bilər?
Samir Cavadzadə: Bu müsabiqədə yaş fərqi yoxdur. Azərbaycanda istedadlılar çoxdur və müğənnilərimiz arasında 2009-cu ildə “Eurovision”da Azərbaycanı yüksək səviyyədə təmsil edə bilənlər var.
- Toylardan imtina etmək fikriniz yoxdur?
Samir Cavadzadə: İnanın ki, bizi “Day after day” kompozisiyası və şou-balet proqramı ilə toylara, məclislərə dəvət edirlər. Hətta Rusiyadan da təkliflər gəlir. Ancaq bu toy mahnısı olmadığı üçün belə məclislərə qatılmağımız mümkün deyil. Toylardan imtina etməyəcəyik. Sadəcə bir müddət ara vermişik. Hazırda toylara və şou-proqramlara getmirik.
- Bəs toylara görə tələb etdiyiniz məbləğin qiymətini artıracaqsınızmı?
Elnur Hüseynov: Təbii ki. Elə insanlar var ki, onların toyuna təmənnasız gedirik. Əgər bir insan sevdiyi bir müğənnini öz şad günündə görmək istəyirsə, bizim orada olmamağımız qəbahətdir.
- “Eurovision” müsabiqəsində iştirakdan sonra düşmənlərinizin sayı artıb?
Samir Cavadzadə: Artıb. Düşmənlərin artması bizə daha da güc verir.
Elnur Hüseynov: Düşmənlərimiz düşmən olaraq da qalıb. Əslində düşmənlərin çoxalması yaxşıdır, azalmasını istəmirik.
- Həmkarlarınız arasında bu günə kimi də Sizinlə əlaqə saxlamayan və təbrik etməyənlər çoxdur?
Samir Cavadzadə: Bizə Röya, Zülfiyyə Xanbabayeva, Samirə, Faiq Ağayev, Elnur Məmmədov, hətta hazırda Almaniyada yaşayan həmkarımız Ella da zəng etdilər. Qayıtdıqdan sonra bunlardan başqa bizə zəng edib təbrik edən olmayıb. Yəqin ki, onlar bu hərəkətləri ilə bizi artıq sevmədiklərini demək istəyirlər. Artıq biz öz adamlarımızı və bizi sevənləri tanıyırıq.
- “Euroviison”un səhnəsində fərqli nə gördünüz?
Elnur Hüseynov: Ən əsas səviyyə. Orada hər şey başqa idi. Çıxış zamanı bir problem yaranan kimi bircə düyməni basmaqla bütün problemlər həll olunur.
- Başqa ölkəyə getmək haqqında düşünmürsünüz ki...
Elnur Hüseynov: Biz Vətənimizi heç bir yerə dəyişmərik. Lap bizə nə qədər qadağalar qoysalar da, bu addımı atmayacağıq. Nə lazımdırsa, Azərbaycanda da edə bilərik. Avropada Azərbaycanımız, əsas da milli xörəklərimiz üçün çox darıxırdıq. Orada heç bir xörəyin dadı yoxdur.
Samir Cavadzadə: Filipp Kirkorov final başa çatdıqdan sonra gəlib bizi qucaqladı və dedi ki, “uşaqlar, 8-ci yeri tutmağınız əladır. Müsabiqədə ən yaxşı və ən güclü Siz idiniz”.
- Gələcək üçün nələr düşünürsünüz?
Samir Cavadzadə: Gövhər Həsənzadə və Rəşad Haşımovla yeni layihələrimiz var. Bir neçə yeni kompozisiyalar hazırlayırıq. Biz mini-müzikl hazırlamaq istəyirik. Azərbaycanda müasir müzikllər hazırlanmır. Biz həm solo, həm də duet şəklində fəaliyyət göstərəcəyik.
- İkinci dəfə “Eurovision”a getmək təklifini necə qarşılayarsınız?
Samir Cavadzadə: Heç zaman razılaşmarıq. Hətta Dima Bilan kimi, birinci yeri bizə vəd etsələr də, getmərik. Dima Bilan birinci yeri götürəndən sonra ona jurnalistlər belə bir sual verdilər ki, “siz gələn dəfə hansı mahnını oxuyacaqsınız?” Bu sualın nə zamansa bizə verilməsini istəmirik. Dima Bilan birinci yeri qazanacağından əmin olmasaydı, o müsabiqəyə ikinci dəfə ayaq basmazdı.
Elnur Hüseynov: Biz eqoist deyilik. Axı digər sənətçilərimiz də özlərini sınamalıdır. Dima Bilan eqoistlik etdi, əslində bu il müsabiqəyə Sergey Lazarev getməli idi.
Samir Cavadzadə: Ancaq elə insanlar var ki, bu dəqiqə bizi ayaqlamağa imkan axtarırlar. Ancaq bunu edə bilməyəcəklər. O insan ki, bizim haqqımızda şayiələr yaymağa, söz-söhbətlər yaratmağa cəhd göstərir, bunu sonadək edə bilməyəcək. Özü danışıb, özü də sakitləşdirəcək.
- Son sözünüz...
Samir Cavadzadə: Bu gün bütün Avropa Azərbaycan təmsilçiləri haqqında ancaq müsbət şeylər danışır. Bizim haqqımızda bu şayiələri yayanlar işlərinə davam etsinlər, ancaq bizi dəstəkləyən və arxamızda dayanan Azərbaycan xalqı bütün bu şayiələrə inanmasın. Söylənənlər şayiədən və bizə zərbə vurmaqdan başqa bir şey deyil.
Elnur Hüseynov: 40 yaşımız olsaydı, bu söz-söhbətlər bizi heç düşündürməzdi. Ancaq biz cavanıq, gələcəyimiz var. Bu söhbətlərə görə sevdiyim bir qız məndən üz döndərib. Xahiş edirik xalqımız yayılan şayiələr inanmasın!