Reper Orxan Zeynallı Zəfər Günü ərəfəsində Budapeştdə konsert verib

Reper Orxan Zeynallı Zəfər Günü ərəfəsində Budapeştdə konsert verib
# 10 noyabr 2023 15:47 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı reper Orxan Zeynallı Zəfər Günü ərəfəsində Budapeştdə öz dinləyiciləri üçün konsert proqramı ilə çıxış edib.

APA xəbər verir ki, Azərbaycan hüdudlarından kənarda ilk konsertini verən Orxan Zeynallı 400-ə yaxın azərbaycanlını bir araya toplayıb. Azərbaycan Diasporuna Dəstək Fondunun da dəstəyi ilə baş tutan konsertə Budapeştdə yaşayan azərbaycanlılarla yanaşı, Polşa, İsveç, Belçika, Niderland, Litva, İngiltərə, Estoniya, Almaniya, İtaliya, Çexiya, Fransa, Gürcüstandan və eyni zamanda Azərbaycandan da həmvətənlərimiz qatılıb.

Reperin xüsusilə “40-cı paralel”, “Torpaqdan ev” kimi milli vətənpərvərlik ruhunda olan və milli dəyərlərimizin təbliğinə həsr olunmuş mahnıları böyük rəğbətlə qarşılanıb. İki saata yaxın davam edən konsertdə Orxan Zeynallı sevilən mahnılarını dinləyiciləri ilə birlikdə ifa edib.

Konsertin növbəti günü Budapeşt Azərbaycan Evində Orxan Zeynallının dinləyiciləri ilə maraqlı görüşü olub. Yaxın gələcəkdə digər ölkələrdə də reperin yeni konsertlərinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Orxan Zeynallı "APA Media Group"a daxil olan vesti.az portalının mərhum Baş redaktoru, tanınmış jurnalist Araz Zeynalovun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR