Bakı. Ülkər Qasımova – APA. “Böyük səhnə” beynəlxalq musiqi müsabiqəsi ilə bağlı Lənkəran və Gəncə şəhərlərində kastinqlər keçirilib. APA-nın məlumatına görə, layihə ilə bağlı ilk kastinq yanvarın 13-də Lənkəranda baş tutub. Tanınmışların yer aldığı münsiflər heyəti, eyni zamanda beynəlxalq çəkiliş qrupu ilk əvvəl Lənkəranda, bu gün isə Gəncədə öz işini davam etdirib. Çoxsaylı kastinq iştirakçıları həm yerli, həm də xarici musiqilərlə münsiflər heyəti qarşısında çıxış ediblər.
Kastinqlərin nəticələri ilə bağlı yanvarın 25-26-da yerli kanallardan birində yayımlanacaq xüsusi verilişdən xəbər tutmaq mümkün olacaq. Gəncədə kastinqlər “Kəpəz TV”də həyata keçirilir. Yanvarın 15-də isə münsiflər heyəti və çəkiliş qrupu Şəkidə seçim aparacaqlar. Bu seçimlər yanvarın 16-da Bakıda “Buta Palace”da davam etdiriləcək. Yanvarın 18-də isə eyni məkanda 4 şəhərin ən güclü səslərinin iştirakı ilə əsas kastinq baş tutacaq. Münsiflər heyətində Eldar Qasımov, Zəhra Bədəlbəyli, Emin Əfəndi və digərləri təmsil olunur.
Bildirək ki, “Böyük səhnə” musiqi layihəsinin ideyası Gənclər və İdman Nazirliyinə məxsusdur və təşəbbüskarı Ukraynanın “Euromedia” şirkətidir.