Bakı. Xanım Nağıyeva – APA. “Maşa və Ayı” tamaşası yeni seriya ilə yenidən Akademik Opera və Balet Teatrında nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu seriya “Yalan torbası” adı ilə təqdim edilir.
Azərbaycan dilində nümayiş olunacaq tamaşada həm gürcü, həm də azərbaycanlı aktyorlar çıxış edəcək. Gürcü rejissor Qoça Kviçianın quruluşunda hazırlanan tamaşada Maşa, Ayı, Keçi, Donuz, Dovşan, Tülkü, Dələ və Pələng personajları var. Bu rollardan beşini azərbaycanlı aktyorlar ifa edəcək.
Tamaşanın qəhrəmanı – uşaqların sevimlisi olan dəcəl Maşa meşədə bir torba tapır. Sən demə, bu torba sehrlidir. Torbanın ağzını kim açırsa, yalan danışmağa başlayır. Beləliklə, torbanın ağzını açan bütün personajlar yalan danışmağa başlayır və aləm dəyir bir-birinə. Sonda Pələngin gəlişi ilə hər şey aydınlaşır və bir-birindən inciyən dostlar barışırlar.
Tamaşa Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində - iyunun 1-də saat 12.00, 15.00, 17.00-da, iyunun 2-də saat 12.00 və 15.00-da nümayiş olunacaq. Biletlər şəhərin mərkəzi kassalarında 6 manatdan başlayan qiymətlərlə satılır.
Qeyd edək ki, “Multi-Pulti dünyası” teatrı “Maşa və ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək.