Bakı. Ülkər Qasımova – APA. Aprelin 8-dən 10-dək tarixlərində Moldova da keçiriləcək “WorldStar International Contest” müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının kimliyi məlum olub.
Yarışmanın Azərbaycan milli seçimlərinin direktoru Hüseyn Cavadzadə APA-ya bildirib ki, 87 nəfər gəncin arasından Azərbaycan və xarici prodüserlərdən ibarət münsiflər ilk dəfə olaraq bu yarışmada Azərbaycanı təmsil etməyi 18 yaşlı gənc qız Ena Kameliyaya həvalə ediblər.
Əslən cənubi azərbaycanlı olan gənc qız Bakıda doğulub və hazırda da Azərbaycanda musiqi sahəsində ilk addımlarını atır. H.Cavadzadə əlavə edib ki, Ena həm səs, həm xarici görünüş, həm xoreoqrafiya və işgüzarlıq baxımından bütün tələblərə cavab verir: “Biz seçimimizdən arxayınıq və artıq müğənnini bu yarışmaya hazırlayacaq yaradıcı qrup öz işlərinə start verib. Növbəti ay Avropanın ən çox sevilən ulduzlarının da səhnə alacağı konsertdə Ena Kameliyanın müsabiqə mahnısını ictimaiyyətə təqdim edəcəyik”.
Qeyd edək ki, Moldovada baş tutacaq “WorldStar International Contest” festivalında 30-dan çox ölkə iştirak edir və Azərbaycan bu mötəbər yarışmada ilk dəfə təmsil olunur.