Bakı – APA. Bu gün İsveçin Malmö şəhərində “Malmö Arena”da “Eurovision 2013” mahnı müsabiqəsinin final mərhələsi keçirilir.
APA-nın verdiyi məlumata görə, Azərbaycan təmsilçisi Fərid Məmmədov “Hold Me” adlı mahnı ilə 26 ölkə arasından səhnəyə 20-ci çıxıb.
Təmsilçimiz səhnədə yaddaqalan və peşəkar ifa nümayiş etdirib. Təmsilçimizin səhnədə çıxışı zaldakı tamaşaçılar tərəfindən xüsusi qarşılanıb. F.Məmmədovu səhnədə özünə bənzər rəqqas və qırmızı geyimdə rəqqasə, eyni zamanda bek-vokaçılar müşayiət edib.
Azərbaycan hər il olduğu kimi, bu il də favorit ölkələr arasındadır.
Final mərhələsində 26 ölkə birincilik uğrunda yarışır. Finalçı ölkələr arasında 20-si iki yarımfinal mərhələsindən, 6-sı isə (böyük beşlik – Almaniya, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, eləcə də ötən ilki qalib İsveç) birbaşa finalda yarışmaq hüququ qazanmış ölkə təmsilçisi səhnədə öz şousunu Avropa qarşısında nümayiş etdirir.
Mahnı müsabiqəsinin qalibini 39 ölkənin münsiflər heyəti və tamaşaçıları müəyyən edəcək.