Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın “Eurovision 2015” Mahnı Müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov Avropa ölkələrinə səfər edəcək. APA-nın məlumatına görə, E. Hüseynov Latviyanın paytaxtı Riqaya gedəcək, daha sonra Budapeştdə “Eurovision konserti”ndə çıxış edəcək, Moskvada görüşlər keçirəcək.
E. Hüseynovun şəxsi “facebook” səhifəsində bildirilib ki, təmsilçi Riqada mətbuat nümayəndələrinin suallarını cavablandıracaq, həmçinin Eldar Qasımov, Aleksandr Rıbak, Mariya Naumova ilə birgə “Eurovision pre-party Riga 2015” konsert proqramında iştirak edəcək.
Aprelin 24-də Azərbaycan təmsilçisi Moskvada 10 ölkədən olan iştirakçılarla birgə konsert proqramına qatılacaq. Onun sosial şəbəkədəki səhifəsində bildirilib ki, promo-turlarda müğənni müxtəlif ölkələrdən olan pərəstişkarları ilə də görüşlər keçirəcək.
Qeyd edək ki, Vyanada keçiriləcək “Eurovision-2015”-də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.