Bakı. Turan Şakir – APA. Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev İtaliyada Avropanın məşhur musiqi kollektivi olan Toskanini filarmonik orkestri ilə birgə konsert verib. Bu barədə APA-ya məlumat verən dirijor konsertin Parmanın “Paqanini Auditorium” zalında keçirildiyini deyib: “”Yeni Atmosfer” adı ilə ənənəvi keçirilən konsertlər silsiləsinin sonuncu layihəsinə dəvət olundum. Silsilənin ilk konsertlərində Natalya Qutman, Kazuşi Ono, Sergey Krılov, Mişa Mayski, İv Abel, Antoni Vit, Aşer Fİş, Ton Koopman, Andrey Boreyko və Migel Qomes kimi dünya şöhrətli musiqiçilər iştirak edib”.
Ə. Quliyevin dirijorluğu ilə Toskanini filarmonik orkestri İtaliyada ilk dəfə olaraq görkəmli bəstəkar B. Martinunun “La Revue de cuisine” süitasını və fortepiano, zərb alətləri və orkestr üçün “İkili konsertini” dinləyicilərə təqdim edib.
Konsertin ikinci hissəsində Toskanini filarmonik orkestri İqor Stravinskinin “Pulçinella” baletindən Süita və Yozef Haydının 45-ci “Vida” simfoniyasını ifa edib: “Haydının simfoniyasının konsertdə səslənməsinin simvolik mənası konsert mövsümünün bitməsi ilə əlaqədar orkestr musiqiçilərinin dinləyicilərlə vidalaşmasıdır. Müəllifin arzusuna uyğun olaraq hər bir ifaçı sonda şamları söndürərək səhnəni tərk etdi”.
Konsertdən sonra isə Toskanini Fondunun prezidenti professor Mauritsio Roy dirijor Əyyub Quliyevlə görüşərək, ona konsertdə iştirakına görə təşəkkürünü bildirib və 2013-2014-cü mövsümdə yeni proqramla çıxış etmək üçün İtaliyaya dəvət edib.