Bakı. Ülkər Qasımova – APA. TRT azərbaycanlı sənədli film rejissorlarını “TRT Sənədli Film Mükafatı 2013” müsabiqəsinə dəvət edir. APA-nın məlumatına görə, dünyanın dörd bir yanından televiziyalarda çalışan sənədli film rejissorları müsabiqə üçün bir araya gələcəklər.
TRT-nin həvəskar və professional sənədli film rejissorlarını dəstəkləyərək müxtəlif ölkələrdən fərqli və yüksək keyfiyyətli sənədli filmləri tamaşaçıya təqdim etmək məqsədilə təşkil etdiyi müsabiqə üçün müraciətlər ötən il noyabrının 1-dən başlanıb. TRT-nin Bakı nümayəndəsi Yüksəl Dəyərcan Azərbaycanda da xeyli sayda sənədli film prodüserlərinin olduğunu nəzərə alaraq onları da müsabiqəyə dəvət edir. Milli və Beynəlxalq olmaqla iki kateqoriyada reallaşdırılacaq müsabiqədə ilk yarımfinalı keçən filmlər bu ilin mayında İstanbulda təşkil ediləcək “TRT sənədli film günləri” final gecəsində rejissorların iştirakı ilə tamaşaçı auditoriyasına təqdim ediləcək.
Qeyd edək ki, müraciət üçün son tarix yanvarın 25-dir. Müraciətlər TRT-nin internet saytı (www.trt.net.tr) vasitəsilə də qəbul olunur .