Bakı. Cavid Zeynalov – APA. Mayın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiya Dövlət Akademik Böyük Teatrının solistləri – Azərbaycanın əməkdar artisti Çinara Əlizadə və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Kərim Abdullinin iştirakı A.Adanın “Jizel” baletinin tamaşası keçiriləcək.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ç.Əlizadə Böyük Teatrın tarixində balet truppasında çıxış edən ilk azərbaycanlıdır: “Baletsevərlər arasında bu tamaşaya çox böyük maraq var. Yaradıcılığı Bakı tamaşaçılarına yaxşı məlum olan moskvalı həmyerlimiz Çinara Əlizadə növbəti dəfə onu sevənlərin qarşısında çıxış etmək üçün şəhərimizə gəlir. Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi Çinara Əlizadə ilə sıx yaradıcılıq əlaqələri saxlayır və onu hər il Bakıda çıxış etmək üçün qastrola dəvət edir. Onun “Qu gölü”, “Don Kixot”, “Jizel” kimi klassik balet tamaşalarında yüksək professionallıqla ifa etdiyi aparıcı partiyalar baletsevərlər və teatr tənqidçiləri tərəfindən çox sevilir və hər zaman yüksək qiymətləndirilir”.