Bank Of Baku

Faiq Ağayev dörd günlük konsert proqramına uğurla start verib - FOTOSESSİYA

Faiq Ağayev dörd günlük konsert proqramına uğurla start verib - <span style="color: red;">FOTOSESSİYA
# 28 dekabr 2012 09:34 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanın xalq artisti Faiq Ağayev Heydər Əliyev Sarayında dörd günlük solo konsertinə start verib. APA-nın məlumatına görə, dekabrın 27-də keçirilən ilk konsertində Faiq Ağayev maraqlı və yaddaqalan şou nümayiş etdirib. Müğənni konsertinə dəvət etdiyi hər bir insanı ayrı-ayrılıqda salamlayıb və yanında olan hər kəsə, eyni zamanda şousu üçün əziyyət çəkənlərə təşəkkürü bildirib.

 

Konsert saat 18:00-a nəzərdə tutulsa da, tamaşaçıların konsertə gec gəlməsi səbəbindən sənətçi səhnəyə 18:30-da çıxıb. Faiq Ağayev, həyəcanına görə tamaşaçılardan üzr istəyib: “İlk günün həyəcanını yəqin ki mənə keçərsiniz. Hətta sözləri belə unuduram...” Sənətçi çıxışı zamanı bir neçə dəfə səhnədə yıxılmaq təhlükəsi ilə üz-üzə qalıb, lakin özünü itirməyərək vəziyyətdən çıxıb.

 

Müğənni əksər tamaşaçıların konsertə saat 19.00-da gəlməsindən məyus olub: “Axı biletin üzərində də bu saat göstərilmişdi. İlk dəfə olaraq saat 18:00-a konsert təyin etdim, çünki saat 7-də başlanan konsertlərdən çıxan tamaşaçılar metroya çata bilməmələrindən şikayətlənirlər. Mən də bütün bu məqamları nəzərə alaraq konserti bir saat tez başlanmasına qərar verdim”.

 

Faiq Ağayev proqram boyu səhnəyə bir neçə fərqli geyimdə çıxıb. Səhnədə quraşdırılmış LED ekranlarda sənətçinin ifa etdiyi mahnılara çəkilmiş kliplər, eyni zamanda maraqlı video-çarxlar nümayiş etdirilib. Maraqlı məqamlardan biri bu konsertdə xalq artisti Flora Kərimovanın yer aldığı klipin nümayişi olub. Xatırladaq ki, Flora Kərimova ilə Faiq Ağayev uzun müddətdir bir-birləri ilə küsülüdürlər. Sənətçi konsertdə köhnə və yeni mahnıları sevənlərinə ərməğan edib. Konsertdə həmçinin Ülviyyə Könülün çəkdiyi, musiqisi Nailə Mirməmmədliyə, sözləri Xuraman Vəfaya məxsus olan “Əlvida” mahnısına çəkilmiş klip də nümayiş olunub.

 

Sonuncu ifadan əvvəl isə sənətçi konsertin adına aydınlıq gətirib: “Siz heç mənim dilimdən vida sözünü eşitmisinizmi? Bu nöqtə F.A.-ya aiddir, VİDA-ya deyil. VİDA isə rum rəqəmi ilə 6-da mənasını verir, yəni konsert 6-da başlayır. Bu qədər sevginin qarşısında mənim vida deməyə haqqım yoxdur...” 

 

Konsertin ideya müəllifi Anar Əsgər, bədii rəhbəri Yaşar Baxış, musiqi rəhbəri Rüstəm Zeynallıdır. Şəhərin müxtəlif mərkəzi küçələrində yerləşdirilən konsertin posteri üçün fotosessiyanı Səməd İsmayılzadə edib. Afişa və posterlərin kreativ dizaynının, konsertdə yayımlanacaq xüsusi vizual görüntülərin müəllifi Elrəng Əliyev, xüsusi videoların müəllifi Nisulik Cəfərova, Mahir Rəhimov, İlham Yaşaroğlu və Ramiz Hüseynovdur. 4 hissədən ibarət olacaq konsert zamanı Faiq Ağayev 21 mahnı, 4 meqamiks olmaqla, ümumilikdə 25 mahnı ifa edib. Səhnənin dekorasiyası Türkiyədə hazırlanıb. Sənətçi konsertini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı arzuları və bu mövzuya həsr olunmuş mahnı ilə yekunlaşdırıb: “13 rəqəminin nəhs olmasını bir an belə ağlınıza gətirməyin. Yeni il hər birimizin həyatına düşərli olacaq və mən buna bütün qəlbimlə inanıram”.

 

56 nəfərdən ibarət işçi qrupunun çalışdığı 4 konsertin ümumi büdcəsi 250.000 manat təşkil edir.

 

Əlavə edək ki, dekabrın 29-da Faiq Ağayev ad gününü məhz bu səhnədə, sevənləri ilə birgə qeyd edəcək. Konsert dekabrın 30-dək davam edəcək. Konsertin ilk günü anşlaqla baş tutub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR