Bakı. Ülkər Qasımova – APA. Fransa və Ermənistanın bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision 2013” mahnı müsabiqəsindəki təmsilçisi müəyyənləşib.
APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, Fransanı bu müsabiqədə Amandine Bourgeois adlı müğənni təmsil edəcək. Təmsilçi müsabiqədə sözləri və musiqisi Boris Bergman və David Salkinə məxsus olan “Hell And Me” (“L'Enfer Et Moi” - “Cəhənnəm və mən”) adlı mahnını ifa edəcək. A.Bourgeois 1979-cu ildə anadan olub.
Ermənistanı isə bu müsabiqədə 25 yaşlı Gor Sujyan təmsil edəcək. O, “Dorians” musiqi qrupunun əsas ifaçısıdır. 2010-cu ildə Ermənistanın “Eurovision” təmsilçisi Eva Rivasın bek-vokalçısı qismində bu səhnədə çıxış edib. Gor Sujyan Ermənistanın məşhur rok ifaçısıdır. Ermənistan təmsilçisinin müsabiqədə ifa edəcəyi mahnı martın 2-də məlum olacaq.