Bakı-APA. Heydər Əliyev Sarayı 3, 4, 5 yanvar tarixlərində uşaqlar üçün növbəti dəfə Yeni İl şənliyi təşkil edəcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rəhbərlik tamaşaçıların çoxsaylı zəngləri və müraciətlərini nəzərə alaraq 5 yanvar tarixində saat 13:00-dan əlavə saat 16:00-da ikinci seansın keçirilməsini qərara alıb. İkinci seansın biletləri artıq satışdadır və şəhərin kassalarından əldə etmək olar.
Uşaqların marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, muğamvə aşıq ifaları, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlər gözlənilir. Bundan əlavə, bir sıra estrada ulduzlarının çıxışları nəzərdə tutulub. Bununla yanaşı, Sarayda led ekranlarda uşaqlar üçün konsertdən əvvəl Yeni İlə aid cizgi filmlərinə baxa biləcəklər.
Sarayın foyesində isə uşaqları Şaxta baba və Qar qız qarşılayacaq. Şənlikdə bütün konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şou da təşkil olunacaq. Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək Yeni il şənliyində ən hündür səhnə şam ağacı quraşdırılacaq. Əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar Şaxta Baba, Qar Qız və digər nağıl qəhrəmanları ilə birgə əylənəcəklər. Adəti üzrə bu Yeni il şənliklərində kimsəsiz uşaqlar, şəhid, veteran, əlil ailələrindən olan uşaqlar qayğı və diqqətdən kənarda qalmayacaq. Sarayın rəhbərliyi tərəfindən onlara ön sıralardan təmannasız yerlər ayrılacaq. Hazırda Yeni İl şənliyinin məşqləri gedir. Biletlərin qiyməti 5-15 manatdır.