Bakı. Ülkər Qasımova – APA. “Bakı insanları çox mehribandır, memarlıq abidələri çox möhtəşəmdir. Bakı gecələri əsrarəngizdir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Hollivud rejissoru, “Resident Evil”, “Mortal Kombat” kimi filmlərin rejissoru Pol U.S.Anderson deyib.
Hollivud rejissoru Bakıda film çəkəcəyini istisna etməyib. “Resident Evil” filminin növbəti hissəsinin Bakıda çəkiləcəyi ilə bağlı gəzən söz-söhbətə gəlincə, P. Anderson bunun mümkünlüyünü vurğulayıb: “Sözün düzü, filmin növbəti hissəsi üçün hələ bir yer seçməmişəm. Amma fikrimcə, Bakı bu hadisələr üçün uyğun bir yerdir. Bu barədə düşünmək olar və bəlkə də “Resident Evil”in növbəti hadisələri məhz Bakıda baş verəcək. Bunun üçün bizə həm də uyğun vergi qiymətləri lazımdır”.
Qeyd edək ki, Hollivud rejissoru “Bakcell”in təşkilatçılığı ilə Azərbaycana gəlib. Rejissorun iştirakı ilə yerli kinoşünaslar üçün master-klass təşkil edilib.