Bakı. Ülkər Rəşidqızı-APA. Gələn ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi məqsədi ilə milli seçim turunun ikinci yarımfinalçısı məlumdur. APA-nın məlumatına görə, İctimai Televiziyanın canlı efirində “Eurovision-2013”də Azərbaycanı təmsil etmək arzusunda olan daha 9 namizəd ilk turda öz güclərini sınayıblar. Həftənin qalibi 12 balla Rəvanə Əliyeva olub. Bu həftənin ikincisi İran əsilli 16 yaşlı müğənni Ena Kameliya, üçüncüsü isə Leyla İzzətova olub.
Qeyd edək ki, iştirakçılar beş gün müddətində öz bacarıqlarını münsiflər heyəti və tamaşaçılar qarşısında nümayiş etdiriblər. Bazar ertəsi “Eurovision” hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna ayrılıb. Cümə günü sərbəst gün hesab olunur. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini cümə günü yenə oxuya bilər. 8 həftə davam edəcək ilk turdan 8 namizəd yarımfinala vəsiqə qazanacaq. Daha sonra isə onlar birincilik uğrunda mübarizəyə qoşulacaq. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək. Ümumilikdə 80-ə yaxın namizəd özünü seçimlərdə sınayacaq.