Bakı. Ülkər Qasımova - APA. Azərbaycanı “Eurovision 2012” mahnı müsabiqəsində uğurlar təmsil edən Səbinə Babayeva 8 Mart – Beynəlxalq Qadınlar günündə konsert proqramı ilə çıxış edəcək.
S.Babayevanın APA-ya verdiyi məlumata görə, “Hezz klub”da keçirilməsi nəzərdə tutulan konsert üçün müğənni fərqli proqram hazırlayır və həmin gün o pərəstişkarlarına yeni mahnısını təqdim edəcək.
“Eşq alovu” adlanan yeni mahnının musiqisi müğənninin özünə, sözləri isə "Aypara" qrupunun solisti Arzu Həsənliyə aiddir. Mahnının ərsəyə gəlməsində aranjemançı Emin Kərimi, əməkdar artist Ənvər Sadixov və gənc skripkaçı Əkbər iştirak edib.
S.Babayeva deyib ki, bu mahnını öz həyat yoldaşı üçün yazıb: “Bu yaxınlarda uzaq səfərə yola düşdüm. Təyyarədə olan zaman öz həyat yoldaşım üçün bu mahnını yazmışam. Düşünürdüm ki, mən ondan uzun müddətli ayrılıram, amma bu ayrılıq cəmi dörd gün çəkməli idi. Buna baxmayaraq, məni sıxan fikirlər bu mahnını yazmağa məni vadar etdi. Ümid edirəm bu mahnının mövzusu çox insanlara tanış gələcək. Bu mahnıda olan hisslər kimə yad olsa, onlara mənim mesajım budur - sevin və sevilin..."