Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir Alper Coşqun diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə Azərbaycan hökumətinə, o cümlədən Xarici işlər Nazirliyinə təşəkkürünü bildirib.
Elmar Məmmədyarov iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın genişləndirilməsində Alper Coşqunun fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət etdiyi qeyd olunub. Üçtərəfli formatda əməkdaşlığın vacibliyi qeyd olunaraq, bu xüsusda Azərbaycan-Gürcüstan- Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə və Azərbaycan-İran-Türkiyə mexanizmlərinin əhəmiyyəti diqqətə çatdırılıb.