Bakı. Könül Cəfərli – APA. İran hərbi manevr çərçivəsində yeni silah sınaqdan keçirib.
APA-nın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandanı, general-mayor Həmid Sərxeyli açıqlama verib.
Onun sözlərinə görə, yerli istehsal olan 20 mm kalibrli silah 1400 metr hündürlükdəki hədəfi vurmaq qabiliyyətinə malikdir: “Bu silah çiyin üzərinə qoyulmaqla hərbi helikopterləri vurmaq üçün nəzərdə tutulub”.
Eyni zamanda H. Sərxeyli təlim zamanı “Kamikadze pilotsuz təyyarələr”dən də istifadə ediləcəyini də deyib: “Bu təyyarələr hədəflərini ən çətin şərtlərdə məhv edə biləcək gücdədir”.
Qeyd edək ki, fevralın 23-də İranın cənub-şərqində yeni hərbi manevr başlayıb. “Uca Peyğəmbər-8” adlanan təlim üç gün davam edəcək. Manevrdə SEPAH-ın Quru Qoşunları və Hava-Kosmik Qüvvələri iştirak edir. Təlim Bəndər Abbas yaxınlığındakı Zərənd və Sircan bölgələrində keçirilir.