Bu ilin yanvar-avqust aylarında Venesuelada inflyasiya səviyyəsi 2674% -ə çatıb.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir məlumatı cümə axşamı Milli Assambleyanın maliyyə məsələləri üzrə daimi Komitəsinin üzvü Anhel Alvarado açıqlayıb. Qanunverici orqana prezident Nikolas Maduro hökumətinin siyasi rəqibləri nəzarət edir.
“Hiperinflyasiya davam edir”, - Alvarado öz “Twitter” səhifəsində belə yazıb: “Avqust ayında inflyasiya 65,2%, ilin birinci yarısında iqtisadi aktivlik 42,6% azalıb”.
İllik baxımdan qiymət artımı 135.000%-i aşıb. Alvaradonun sözlərinə görə, hazırda 40 min bolivara ($ 1.7) bərabər olan minimum əmək haqqı üçün bir ay ərzində lazımi məhsul dəstinin yalnız 2%-ni almaq mümkündür.
Venesuela son illərdə milli valyutanın devalvasiyası ilə müşayiət olunan kəskin sosial-iqtisadi böhran yaşayır. BMT-nin hesablamalarına görə, artıq 4 milyondan çox insan ölkəni tərk edib.