ABŞ-ın Texas ştatında atışma zamanı ölənlərin sayı 7 nəfərə çatıb.
APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Odessa şəhər polisi məlumat yayıb.
Yaralılardan ən azı birinin durumu ağırdır.
Bundan əvvəl atışma zamanı 5 nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilib.
ABŞ Daxili təhlükəsizlik naziri əvəzi Kevin Makalinan bildirib ki, hüquq-mühafizə orqanları aktiv araşdırma aparır, ancaq hələ cinayətin motivi barədə danışmağa hazır deyil.
Qeyd edək ki, avqustun 31-də Texas ştatının cənubunda naməlum şəxs “Home Depot” mağazasına atəş açıb. Hadisə Midlend və Odessa şəhərlərini birləşdirən yolda baş verib. Polis öncə iki nəfərin atəş açdığını ehtimal etsə də, sonradan atəş açanın bir nəfər olduğu müəyyənləşdirilib. Polislə atışmada "35 yaşlarında ağdərili şəxs" öldürülüb. Məlum olub ki, o, ABŞ Poçt Xidmətinin avtomobilini oğurlayıb.
Cinayətin motivi bəlli deyil.
***
saat 08.34
Şənbə günü ABŞ-ın Texas ştatında silahlı atışma zamanı 5 nəfər ölüb, 21 nəfər yaralanıb.
APA-nın “TASS”a istinadən verdiyi məlumata görə, Midland Kounti polisi facebook səhifəsində iki nəfərin qonşu Odessa şəhərindəki “Home Depot” mağazasına atəş açdığı barədə məlumat yayıb.
Mağazanı dayanmadan atəşə tutan silahlılar “Toyota” markalı avtomobil və mikroavtobusla hadisə yerindən uzaqlaşıb.
CBS televiziyasının qeyri-rəsmi məlumatına görə isə yaralananların sayının 30-a yaxın olduğu bildirilir.