Azərbaycanda ipəkçiliyin gələcək inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən tədarük edilən 1,5 milyon ədəd calaq bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonuna paylanılıb və yeni salınmış bağlarda əkilmiş tinglərdən 95-100% səviyyəsində çıxış əldə edilib ki, hazırda bu bağlarda aqrotexniki qulluq işləri davam etdirilir.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, ölkədə barama istehsalının əvvəlki il ilə müqayisədə azı iki dəfədən çox artırılması məqsədilə Çindən 6000 qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. İpəkqurdu toxumlarından 99-100% səviyyəsində yüksək keyfiyyətli barama qurdları əldə edilmiş və respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi tələb olunan miqdarda keyfiyyətli barama qurdları ilə təmin edilib.
İpəkqurdlarının bəslənilməsində kümçülərə metodiki köməklik göstərilməsi məqsədi ilə nazirlik əməkdaşları Çindən dəvət olunmuş mütəxəssislər ilə birlikdə baramaçılıq rayonlarına ezam olunub, kümçülərə ipəkqurdlarının bəslənilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, onlara qarşılaşdığı çətinliklərin həll olunmasında əməli və metodiki köməklik göstərilib.
Hazırda bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi prosesi davam edir və artıq bir sıra rayonlarda (Ağcabədi, Ağdam, Ağsu, Sabirabad, Zərdab, Bərdə və s.) yaş barama məhsulunun tədarükünə başlanılıb. “Şəki İpək” ASC-dən alınmış operativ məlumatlara əsasən 2017-ci il 31 may tarixinə müəssisə tərəfindən respublikanın 8 rayonundan 8,5 tona yaxın yaş barama məhsulu qəbul edilib və hazırda bu proses davam edir.
Kənd Təsərrüfatı Nazirliyi və onun yerli təşkilatlarının mütəxəssislərinin rəyinə əsasən cari ildə ölkə üzrə 250 tona yaxın yaş barama məhsulunun istehsal ediləcəyi proqnozlaşdırılır.